Təhsil Nazirliyi hara baxır?!

Nadir İsrafilov: «Kurikulum.az-ın rəsmiləri «keçi öldü, qoturu kəsildi» prinsipindən yararlanmaq istəyirlər»

Yarım aya yaxındır ki, Təhsil Nazirliyinin Kurikulum.az portalında qəribə hadisələr baş verir. Ilk dövrlərdə portala girmək istəyənlər başqa bir sayta yönləndirilirdilər. Bir həftə bundan əvvəldən başlayaraq isə mənzərə tamamilə dəyişib.
Belə ki indi də “dağı(dı)lmış” portalın bölmələri (“Ana səhifə”, “Kurikulumlar”, “Kurikulum jurnalı”, “Sual-cavab” və s.) yerli-dibli “yoxa” çıx(arıl)ıb. Kurikulum.az-dan faydalanmaq istəyən bir neçə ziyarətçi portalda nə baş verdiyini öyrənməyi bizdən xahiş edirlər. Biz də öz növbəmizdə vəziyyəti şərh etmək üçün tanınmış təhsil eksperti Nadir Israfilova müraciət etməli olduq. O bunları dedi:
“Kurikulum.az portalındakı olaylarla bağlı mətbuatda kifayət qədər yazılsa da, təəssüflər olsun ki, buna əhəmiyyət verən olmayıb. Indiyədək nə nazirlikdən, nə də saytın administratorundan heç bir reaksiya yoxdur. Fənn kurikulumları 2 ildən çoxdur ki, təsdiq edilsə də bu günədək çap edilməyib. Bildiyimiz kimi, normativ-hüquqi sənədlər, bir qayda olaraq, yalnız rəsmən çap edildikdən sonra qüvvəyə minir və icraya yönəldilir. Amma bizim təhsil sistemində bu qaydaya sanki əhəmiyyətsiz bir şey kimi baxırlar. Çox qəribədir ki, 2 il keçməsinə baxmayaraq, indinin özündə də tədrisin təşkili, müəllim hazırlığı, dərslik və dərs vəsaitlərinin hazırlanması bu sənədlərin çap olunmamış, yəni sabit olmayan variantı əsasında aparılır. Yarım ay əvvələdək, heç olmasa, maraqlananlar onları yarı-yarımçıq da olsa, Kurikulum.az-da tapa bilirdilər, indi onlar da köklü-köməcli ”yoxa” çıx(arıl)ıb. Nə nazirlikdən, nə Kurikulum Mərkəzindən, nə də Təhsil Problemləri Institutundan bunun səbəbləri barədə bir izahat verən də tapılmır.
Yuxarıda söylədiyim kimi, həmin sənədlər uzun zamandır ki, üzə çıxarılmırdı. Sürəkli yazışmalardan və tələblərdən sonra nəhayət, bu il aprel ayının sonlarında alyarımçıq nəsə quraşdırıb haqqında söhbət gedən portalda yerləşdirdilər. Vallah, o sənədə baxanda Azərbaycan təhsilinə görə adamı xəcalət təri basırdı. Dövlət sənədinə bu cür başdansovdu yanaşma bəlkə də heç Azərbaycan tarixində olmayıb. Sənədin qiymətləndirmə ilə bağlı hissəsi isə, ümumiyyətlə, üzə çıxarılmadı. Portalda belə məlumat vermişdilər ki, bu hissənin üzərində hələ tamamlama işləri gedir. Qəribədir, üzərində iş gedən hüquqi sənədlər 2 il öncə təsdiq edilib, icra olunur (?!), amma onların üzünü görən də olmayıb…
Bundan sonra bəzi ekspertlər israrla bildirdilər ki, portalda yerləşdirilmiş kurikulumlar başdan ayağa ziddiyyətlər toplusundan ibarətdir. Hətta onların yenidən müzakirəsini tələb edənlər də oldu. Mən şəxsən belə hesab edirəm ki, portalın rəsmiləri bütün bu söhbətlərdən yaxalarını qurtarmaq üçün “keçi öldü, qoturu kəsildi” prinsipindən yararlanmaq istəyirlər. Rəzil olduqlarını görüb yanğından mal qaçırırmış kimi, onları tamamilə portaldan götürüblər.
Görünən odur ki, kurikulum islahatına cavabdeh olan şəxslər pedaqoji ictimaiyyət qarşısında məsuliyyətlərini hələ də anlamırlar. Oxucularınıza isə məsləhət görərdim ki, yaranmış vəziyyətlə bağlı birbaşa Təhsil Nazirliyinə müraciət etsinlər”…