Sağlığında qiymət verin insanlara

Elçibəyin 75 yaşı ilə bağlı haqqında çox gözəl xatirələr yazıldı. Onunla təklikdə olan söhbətlərim gözümün önündə canlandı. Kaş bu yazıları onda görəydim və deyəydim ki, Bəy insanlar Sizi çox sevir, sadələyinizi, Vətənə, Xalqa olan məhəbbətinizi və buna görə düçar olduğunuz məhrumiyyətlərinizi dəyərləndirir. İnanmaq istəyirəm ki, rəhmətlik Əbülfəz Elçibəy bu günlər və gələcəkdə onun haqqında yazılanları görür. Sadəcə, təəssüf edirəm ki, bütün bunlar onun sağlığında olmadı. Həmişəki kimi hamımız insanlara onların ölümündən sonra dəyər veririk. 

Dünəndən Cabir Novruzun ”Sağlığında qiymət verin insanlara…” şeiri fikrimdən getmir:

Bir arzum var, ay adamlar, qoyun deyim, 

Sağlığında qiymət verin insanlara, 

Yaxşılara sağlığında yaxşı deyin, 

Sağlığında yaman deyin yamanlara. 

 

Yalnız, yalnız sağ olanda, 

Hər kəs əsil qiymətini bilər onda, 

Bu sözlərim düz olmasa töhmət edin. 

Sizdən rica eləyirəm milyon kərə, 

Şairlərə sağlığında hörmət edin, 

Sağlığında heykəl qoyun ölməzlərə… 

 

Gələcəyə çox da ümid bağlamayın, 

Sözünüzü sonralara saxlamayın. 

Zəhləm gedir sonralardan, 

Vaxtsız dinən zurnalardan, 

Boşboğazdan, avaradan, 

Toydan sonra nağaradan. 

 

Sağlığında sevindirin təmizləri, 

Siz həyatda bu amalla addımlayın. 

Sağlığında ifşa edin xəbisləri, 

Satqınlara sağlığında satqın deyin, 

Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.

Sağlığında qiymət verin insanlara… 

 

Hər kəs bilsin öz yerini necə sağdır, 

Bu, pislərin həyatını qısaltmaqdır, 

Yaxşıların həyatını uzatmaqdır… 

 

Bu nədəndir ölən kimi, 

qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. 

Ölən kimi yaxşılar da yaxşılaşır, 

Yamanlar da yaxşılaşır… 

Çirkinlər də təmiz olur ölən kimi… 

Yadlar belə əziz olur ölən kimi…

 

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq, 

Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. 

Bu gecikmiş xeyir-dua kimə gərək? 

Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək? 

Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir… 

 

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir. 

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən, 

Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm… 

Diri üçün iynə boyda hörməti mən 

Ölü üçün min heykələ dəyişmərəm… 

 

Düz deməsəm, onda məni bağışlayın, 

Üz tutaram uşaqlara, qocalara, cavanlara, 

Sağlığında qiymət verin insanlara, 

 

Yaxşılara sağ olanda yaxşı deyin, 

Sağlığında yaman deyin yamanlara…

Aslan Ismayılov