Milli Şuranın gücü nədədir? O nələrə ümid edə bilər? Əslində hamımız bu sualların cavabını intuitiv şəkildə olsa belə, əvvəlcədən bilirdik və bu səbəbdən də Milli Şuranın yaranmasını istəyirdik. Biz hamımız anlayırıq ki, bir birlik modeli kimi Milli Şura ən vacib rolu oynamalıdır – narazı olan, lakin əsas hissəsi sakitcə gözləyən xalqı ayağa qaldırmalıdır. Yəni bu birlik modeli dəyişikliyə ümidi zəif olan xalqın inamını qaytara bilər.
Buludlar sıxlaşanda biz heç bir hava proqnozuna ehtiyac duymadan yağış yağacağına inanmağa başlayırıq. Milli Şuranın timsalında müxtəlif qüvvələrin sıxlaşıb əl-ələ tutması da xalqımızda dəyişikliyin olacağına inamı möhkəmlədəcək və onu yerindən tərpədəcək. Biz buna ümid edirik.
Etiraf edək ki, iqtidarın təbliğatçıları “bunlar elə köhnə qüvvələrdir” deyəndə müəyyən mənada haqlıdırlar, amma köhnə qüvvələrin birliyinin yaratdığı səmərəni onlar danmaq istəyirlər. Birlik xalqı doğrudan da tərpədə bilər, ən başlıcası o, müxalifətlə xalqı birləşdirə bilər. Bu mənada Milli Şura modeli müxalifətin xalqa inteqrasiyasıdır…
Bəli, obyektiv və subyektiv səbəblərdən xalq müxalifətdən uzaq salınmışdı. Repressiyalar, dəyişikliyin uzanması xalqın ümidlərini üzmüşdü. Ümumiyyətlə, dəyişikliyə inam ölmüşdü – bu halda müxalifətə necə böyük ümid yarana bilərdi? Uzun illər ən ağır şəraitdə meydanda qalmağı bacarmaq, mübarizə aparmaq və fədakarlıq etmək də nəyisə dəyişmir bu halda. Hətta müxalifəti haqlı sayanların, onunla fəxr edənlərin də çoxu ondan uzaqda idi…
Əliyevlər hakimiyyətinin lap çox uzanması xalqın ümidlərinin qırılması məsələsində repressiyalardan az rol oynamadı. Hakimiyyətin atadan oğula ötürülməsi bir az da ümidləri sarsıtdı. Hətta “balaca Heydər də hakimiyyətə gələcək” deyirdilər. Üstəlik, repressiyalar gözləri qırdı. Bundan əlavə xarici faktorlar öz mənfi rolunu oynadı: neftin geopolitik rolu, Rusiya və Qərbin regionda üz-üzə durması ilə Əliyevlərin əldə etdiyi şanslar, plyus Türkiyənin real vəziyyətə baş əyməsi. Hətta müsəlman ölkəsi olmağımız, Iranın Azərbaycana iştahaları da bunlar tərəfindən istifadə edildi.
Daxili amillər – neft pullarının bolluğu, insanların hakimiyyətin yaratdığı üstünlüklərə və verdiyi vədləri suyulması, ziyalıların satqınlığı, çox sayda tarixi və mədəni faktorlar hakimiyyətin xeyrinə işlədi, onu gücləndirdi və təntənə sahibi etdi.
Elə illərimiz oldu ki, gələcəyə və dəyişikliyə inanan adamlara qəribə baxırdılar və ağıl verirdilər. Təbii ki, o cür ümidsizlik dövrü arxada qalıb, çoxdan arxada qalıb. Ərəb inqilabları, Internetin yaratdığı yeni imkanlar, Əliyevlərin dünya ilə ziddiyyətlərinin güclənməsi amilləri, yeni gəncliyin ortaya çıxması öz müsbət rolunu oynadı. Indi xalqın passiv narazı qüvvədən haqqını istəyən fəal gücə çevrilməsi üçün başqa amillər də mövcuddur.
Amma hələ də xalqı real dəyişiklik üçün ayağa qaldıracaq siyasi platformaya ehtiyac var. Milli Şura öz birlik mahiyyəti ilə həmin platforma rolunu oynaya bilər. Müxalifətlə xalqın inteqrasiyasını təmin edə bilər.
…Milli Şura buludların sıxlaşıb yağışa çevrilməsi rolunu oynamalıdır…