“Antikorrupsiya şousu” məmurların “ovlanması” mərhələsində; şok təfərrüatlar «Azadlıq»da
Hakimiyyətin “antikorrupsiya şousu” çərçivəsində Şamaxının bələdiyyə sədri Mürvət Zeynalovun həbsilə bağlı ilginc məlumatlar əldə etmişik. Məlumatlara görə, bələdiyyə sədri Şamaxının icra başçısı Nazim Ismayılovun qanunsuz əməllərinin qurbanı olub. Icra başçısının göstərişilə şəhərin girəcəyində meşə zolağının müəyyən hissəsi satılıb. Bələdiyyə sədrinin məhz buna görə həbs edildiyi bildirilir. Maraqlıdır ki, meşə zolağının xeyli hissəsini maliyyə naziri Samir Şərifov alıb. Eyni zamanda sözügedən ərazidə Prezident Administrasiyasının (PA) şöbə müdiri Zeynal Nağdəliyevin də villası var. Ümumiyyətlə, Şamaxıda satılan torpaq sahələrinin, rayonun müxtəlif kəndlərində ucaldılan dəbdəbəli villaların sahibləri iri çəkili məmurlardır.
Məlumatlara görə, Mürvət Zeynalov Sumqayıtın icra başçısının müavini Akif Zeynalovun qardaşıdır. Akif Zeynalov isə Abşeronun icra başçısı Zakir Fərəcovla qudadır. Bu şəxslər Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir. Bu baxımdan bələdiyyə sədrinin həbsini hakimiyyətdaxili ziddiyyətlərin təzahürü kimi də dəyərləndirmək olar.
Məlumatlarda o da vurğulanır ki, Mürvət Zeynalovun qardaşı Akif Zeynalovun da ya işdən çıxarılması, ya da həbs olunması nəzərdə tutulur. Bildirilir ki, bu gün Sumqayıt şəhər Icra Hakimiyyətində büdcə təşkilatları rəhbərlərinin iştirakı ilə müşavirə keçiriləcək. Ola bilsin ki, müşavirədə kimlərsə işdən çıxarılsın. Həmin şəxslərin sırasında Akif Zeynalovun adı birinci çəkilir.
Yeri gəlmişkən, bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyasının üzvü, Sumqayıtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Anar Əliyev Akif Zeynalovun ünvanına sərt ittihamlar səsləndirmişdi. Anar Əliyevin sözlərinə görə, icra başçısının müavini onun atasından sahibi olduğu obyektin ərazisini genişləndirmək üçün 6000 dollar pul alıb. Lakin sonradan nə obyektin ərazisi genişləndirilib, nə də pul qayıdıb. Anar Əliyev bu faktı Ilham Əliyev və Ramiz Mehdiyevə ünvanladığı müraciətlərdə xüsusi olaraq vurğulayıb. “Yuxarılar”da Akif Zeynalovla bağlı bundan başqa da kompramatlar kifayət qədərdir. Ona görə də onun da qardaşının taleyini yaşayacağını söyləmək olar.
Bəzi məlumatlara görə, hakimiyyət həbs dalğasını daha da genişləndirmək niyyətindədir. Bu həbslər başlanğıcdır. Həbs olunanların sırasında yüksək rütbəli məmurların olacağı da istisna deyil.
İnformasiya şöbəsi