Akif Muradverdiyevə su verilmir

Keçmiş işlər müdirinə aparılan sovqatın əhəmiyyətli hissəsi geri qaytarılıb

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilən Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevlə bağlı apellyasiya şikayəti verilib. Bu barədə “Azadlıq”a keçmiş işlər müdirinin vəkili Fuad Ağayev bildirib. Şikayət həbs-qətimkan tədbirinin ləğvi ilə bağlıdır.
Vəkil həmçinin bildirib ki, dünən Akif Muradverdiyevlə görüşüb. Fuad Ağayevin sözlərinə görə, keçmiş işlər müdirinə aparılan sovqatın əhəmiyyətli hissəsi geri qaytarılıb: “Alma və armuddan başqa digər meyvələri qaytarıblar. Eyni zamanda suları qaytarıblar. Akif müəllimin səhhətilə ilə əlaqədar suya ehtiyacı var. Amma nə ona gətirilən suyu buraxdılar, nə də özləri onu su ilə təmin edirlər. Söhbət əlbəttə ki, krant suyundan getmir. Bu da yolverilməzdir və biz çox narahatıq”.
Vəkil əlavə edib ki, Akif Muradverdiyevin MTH-in istintaq təcridxanasında saxlanılması da doğru deyil: “Bakı İstintaq Təcridxanası var. Müəyyən qədər Avropa standartlarına cavab verir. Amma heç bir standarta cavab verməyən təcridxanada saxlanılması doğru deyil. Ümumiyyətlə isə Akif müəllimin həbsi qanunsuzdur”.
Akif Muradverdiyev iyunun 20-də səhər saatlarında MTH əməkdaşları tərəfindən Rusiyaya gedərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında həbs edilib. Keçmiş işlər müdirinə
Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. MTH-nin məlumatında iddia edilir ki, Akif Muradverdiyev Rusiyaya aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən gizli keçirib.
Elə həmin gün keçmiş işlər müdiri barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin Akif Muradverdiyev bu ittihamı qəbul etmir. Vəkili Fuad Ağayev deyib ki, keçmiş işlər müdiri ilə görüşərkən o bildirib: “Gərək bunlara minnətdar olum ki, çantamdan qızıl sikkələr çıxarıblar. Hə yaxşı narkotik və ya silah çıxarmayıblar”.
Akif Muradverdiyevin həbsinin siyasi motiv daşıması barədə ehtimallar var. Mülahizələrə görə, keçmiş işlər müdiri sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuraya dəstək bəyanatına görə həbs edilib.
Dünən “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, əslində bu ehtimallar əsassız deyil. Akif Muradverdiyev həqiqətən də Əli İnsanovun bəyanatına görə həbs olunub. Məlumatlarda bildirilir ki, keçmiş işlər müdirinin MTH tərəfindən həbs edilməsi də təsadüfi deyil. Əli İnsanovla Akif Muradverdiyevin birinci həbsini (2005-i ildə) də MTH həyata keçirib. Həmin vaxt onlar dövlət çevrilişinə cəhddə ittiham olunurdu. Sonradan bu ittiham “unuduldu”, Akif Muradverdiyevlə Əli İnsanov barəsində başqa maddələrlə cinayət işi başlandı. Məlumatlarda bildirilir ki, MTH indi “dövlət çevrilişi ittihamı”nı yenidən gündəmə gətirmək istəyir. Bu sabiqlərə təzyiq xarakteri daşıyır. Hakimiyyət düşünür ki, bu yolla xüsusilə Əli İnsanovu Milli Şura ilə bağlı mövqeyindən çəkindirə bilər. Lakin Əli İnsanovu yaxından tanıyanlar bildirir ki, sabiq səhiyyə naziri prinspial adamdır. Onu hər hansı təzyiqlə mövqeyindən çəkindirmək müşkül məsələdir. Bu fikirdə olanlar Əli İnsanovun məhkəmədəki cəsarətli çıxışlarını arqument gətirirlər.
Vidadi