aslanismayilov-enyeni

“Məmur-oliqarxlar bu ölkəni talamaqla məşğuldur”

«Bunların idarəetməsi ancaq insanları qorxutmaq və ya çörəklə sınağa çəkməkdir»

Aslan İsmayılov: «Azərbaycanda iqtisadiyyat yoxdur, bir qrupun özləri üçün yaratdığı qazanma mexanizmi var»

«Mənə qarşı bu əxlaqsızlıq Zülfüqarlıların işi ilə  bağlı apardığım fəaliyyətlə bağlıdır»

Mayın 30-da DIN BMCMI-də fiziki zorakılığa məruz qalan tanınmış vəkil Aslan Ismayılovun müraciətinə cavab olaraq Daxili Işlər Nazirliyi belə bir hadisənin baş vermədiyini açıqlayıb. Aslan Ismayılov “Azadlıq”a müsahibəsində bu  və digər məsələlərlə bağlı fikirlərini bildirib.

– Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində təzyiqlə üzləşəndən sonra daxili işlər naziri və müavini sizinlə görüşdü. Iki gün əvvəl isə DIN-dən sizə məktub ünvanlayaraq belə bir hadisənin baş vermədiyini bildiriblər. Bu cavabı necə qiymətləndirirsiniz? Eyni zamanda prokurorluğun apardığı araşdırma nə yerdədir?
– Əsas araşdırma Bakı Şəhər Prokurorluğunda gedir. Artıq Bakı Şəhər Prokurorluğunun mühüm işlər müstəntiqi C. Şükürova izahat vermişəm. Uzun müddət idi ki, Canpolad Daanov istintaqa gəlmirdi. Bildiyimə görə ayın 21-də gəlib ifadə verib. Araşdırma DIN-nin Daxili Təhqiqat Idarəsində də gedirdi. Bu ayın 22-də DTI-nin rəisi general-mayor Rasim Musayevin imzası ilə məktub almışam. Əvvəl DIN bəyanat yaymışdı ki, guya ora işçiləri təxribata çəkmək üçün getmişəm, sadəcə onların təmkinləri nəticəsində bu baş tutmayıb. Ondan sonra məni DIN-nin rəhbərliyi qəbul etdi. Indi isə olanları başqa cür izah edirlər. Guya BMCMI-nə məni izahat vermək üçün dəvət ediblər. Həyatımda yalan danışmamışam, nə də danışmaq fikrim yoxdur.  DIN-in rəhbərliyinin mövqeyinə çox təəssüf edirəm. 1993-cü ildən Azərbaycanda dövlətçiliklə bağlı baş verən proseslərdə bu və ya digər formada iştirak etmişəm. Elə həmin ildən də Ramil Usubov məni tanıyır. Bu günə qədər mən heç düşmənimin də haqqını danmamışam. Bu illər ərzində dövlətçilik üçün mühüm olan bir neçə məsələdə ona müraciət etmişəm və kömək edib. Hətta bir dəfə çox mühüm məsələ ilə bağlı Prezident aparatının hüquq mühafizə orqanlari ilə iş şöbəsinin müdiri F.Ələsgərova və Baş prokuror Z.Qaralova müraciət etdim, heç biri o işə qarışmaq istəmədilər. R.Usubov isə məni diqqətlə dinlədikdən sonra dərhal həmin mürəkkəb məsələni həll etdi. Amma bu gün DIN-in rəhbərliyinin mövqeyinə çox təəssüf edirəm. Onların hamısı məni tanıyır. Ona görə baş verənləri DIN-nin rəhbərliyinin qanunu yox, sadəcə öz işçilərini qorumaq kimi dəyərləndirirəm. Çünki sabah başqasına deyəndə ki, get şapalaq vur, o vurmayacaq ki, qanun qarşısında məsuliyyət daşıyar. Ancaq əminəm ki, mənə qarşı olan o haqsızlıq nə Ramil Usubovun, nə də Vilayət Eyvazovun göstərişidir. Bu göstəriş isə var və həmin idarənin rəisi general-mayor Mirqafar Seyidova verilib. M.Seyidovun icazəsi olmadan heç kim o addımı ata bilməzdi. O hadisələr olanda növbətçi hissəsədə bir polkovnik-leytenant, iki nəfər də başqası bütün baş verənləri eşidib, görüblər.
DIN nəhayət anlamalıdır ki, “mənim işçimdir, onun qanunsuzluğuna göz yumum” artıq keçməyəcək. Mübarizəmi aparacam və mənə qarşı o əxlaqsızlıqları törədənlərin cəzalandırılmasına nail olacam. Mənə qarşı başqa hadisələr baş versə də, qisasım yerdə qalmayacaq.

”Bandotdel” Rasim Məmmədovun əlində bir alətdir”

 – Sizinlə bağlı ardıcıl olaraq bir neçə hadisə baş verib. Baş verənləri nə ilə izah edərdiniz?
– Mənimlə bağlı hadisələrin xronologiyasına fikir versəniz, görərsiniz ki, bu təsadüfən hansısa C.Daanovun özfəaliyyəti deyil. Mayın 8-də Vəkillər Kollegiyası mənim vəkillikdən xaric olunmağım barədə qərar qəbul edib məhkəməyə müraciət etdi. Mayın 16-da BMCMI-nin qaşısında jurnalistlərin yanında məni zorla polis maşınında Nərimanov rayon Polis Idarəsinə apardılar. Məni müvəqqəti saxlama təcridxanasına salmaq istəyirdilər. Sonra fikirlərini dəyişib rəisin otağına apardılar. Təxminən bir saat rəisin otağında oldum. Orada mənə qarşı hörmətsizlik olmadı. Ancaq çox mədəni formada izah etdilər ki, mən ictimai proseslərə qarışmamalıyam. Ondan sonra bu hadisə oldu. Baş verənlərin arxasında iki amil durur. Birinci növbədə bu Azərbaycanda baş verən ictimai-siyasi proseslərə bildirdiyim mövqe ilə bağlıdır.
Bu ölkədə hakimiyyətin bir qanunu var. Danışanın dilini kəsmək, eşidənin qulağını tıxamaq, görənin gözünü çıxarmaq. Bunların idarəetməsi ancaq insanları qorxutmaq və ya çörəklə sınağa çəkməkdir. Məni çörəklə sınağa çəkə bilməyəcəklər, çünki peşəkar vəkiləm, hüquqşünasam. 1999-cu ildən 2005-ci ilə qədər məni vəkillikdən çıxardılar, amma yenə də çətinliklərə baxmayaraq, uşaqlarıma gözəl təhsil verdim. Artıq uşaqlarım böyüyüb, hərəsi bir işin sahibidir. Məni bundan sonra çörəklə sınağa çəkmək mümkün deyil. Ikinci məqam və mənə qarşı bu əxlaqsızlığın məhz BMCMI-də baş verməsi Zülfüqarlıların işi ilə bağlı apardığım fəaliyyətdir. Çünki 2005-ci ildən həm ölkə daxilində, həm xaricdə deyirəm ki, sahibkarların qanunla aldıqları zavodları Ramiz Mehdiyevin və Bəylər Əyyubovun biznesini idarə edən Rasim Məmmədov adlı birisi silahlı dəstəsi ilə zəbt edib. Mətbuatda da demişdim, Rasim Məmmədov dəfələrlə mənə hədə-qorxu xəbəri göndərib. Görünür bu da onun bir hərəkətidir. Çünki məhz BMCMI R.Məmmədovun əlində zavodları ələ almaq üçün bir alətdir. Zülfüqarlı qardaşlarından başqa 20-dən artıq xırda metal sexlərini məhz həmin idarənin əli ilə R.Məmmədov sahibkarlardan alib. Həmin idarəyə tapşırılıb ki, R.Məmmədovun dediyi sizin üçün əmrdir. Ona görə də bu əməli həm tapşırıq verənlər, həm də icra edənlər cəzasını almalıdır. Mənim geriyə çəkilmək fikrim yoxdur.

“Vəkillikdən kənarlaşdırılmağım bütün dünyada müzakirə mövzusuna çevriləcək”

– Vəkilliklə bağlı məhkəmə işiniz nə yerdədir. Belə bir fikir var ki, sizi vəkillikdən uzaqlaşdırmaqla sahibkarların müdafiəsini zəiflətmək istəyirlər.
– 1999-cu ildə də eyni hadisə baş verdi. Ancaq vəkillikdən xaric olsam da, mülki qanunvericiliyi, sahibkarlığı bildiyimdən heç vaxt müştərim əskik olmadı. Əksinə, müraciət edənlər çoxaldı. Sahibkarların hüquqlarını necə müdafiə etmişdimsə, bundan sonra da edəcəm. Bunlar sadəcə özlərinə problem yaradacaqlar. Keçən dəfə olduğu kimi Aslan Ismayılovun vəkillikdən kənarlaşdırılması bütün dünyada müzakirə mövzusuna çevriləcək. Mənə məktub yazanlar, zəng edənlər öz münasibətlərini bildirmək üçün məhkəmənin qərarını gözləyirlər. Artıq bir çox ölkələrin Vəkillər Kollegiyası, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edib, Avropa Şurasının PA Prezidenti, Ali komissarı mənimlə görüşüb. Iş Səbail Məhkəməsində idi. Bildiyimə görə Səbail Məhkəməsi işi uzatmaq üçün Apelyasiya Məhkəməsinə göndərib. Sonda hesab edirəm ki, ağıl üstün gələcək.

“Qurban Məmmədovla bağlı baş verənlər heç bir əndazəyə sığmır”

– Sizə hücumdan sonra Qurban Məmmədov həbs olundu, Isa Sadıqov axtarışa verildi. Ancaq baş verənlərə etiraz edən təkcə bu adamlar deyil. Bu yolla hakimiyyət nəyəsə nail  ola biləcəkmi?
– Əsla yox. Əksinə, Emin Milli və digərləri tutulanda hakimiyyətə demişdim ki, özünüzə qəbir qazanlar yetişdirməyin. Bu gənclərin sayı çoxalacaq. Sonra NIDA-çılar, digər gənclər təşkilatları meydana gəldi.  NIDA-çıları tutdular, mübarizə aparanların sayı minləri keçdi.
Bu ölkədə doqquz milyonun hamısını həbs etmək mümkün deyil. Onsuz da bu gün 1 saylı Bakı təcridxanasında normadan iki dəfə artıq insan saxlayırlar. Insanların hamısını tutub ora doldurmaq mümkün deyil. Q.Məmmədovla bağlı baş verən hadisə isə ümumiyyətlə heç bir əndazəyə sığmayan məsələdir. Elan olunmuş ittiham təsdiqini tapsa belə, onu həbs etmək qanunsuzdur. Isa Sadıqovu 1993-cü ildən mərd insan, vətənpərvər, peşəkar zabit kimi tanıyıram, dostumdur. Ancaq onun bəzi aqressiv çağırışlarını dəstəkləmirəm. Vətən uğrunda canını vermiş Isa Sadıqova qarşı 1993-cü ildən bu günə qədər atılmış ən amansız, qanunsuz addımlar da onu susdurmaq, başqalarına hədə-qorxu gəlmək üçündür. Amma bu da boş şeydir. Müharibəni keçmiş, həbsxanada yatmış Isa Sadıqovu hansısa cinayət işi qaldırmaqla qorxutmaq mümkün deyil. Əksinə, bu, narazıların sayını daha da artıracaq.
Hər dəfə təsir daha güclü əks təsirə bərabər olacaq.

“Vətəndaşı fikirləşən olsaydı, belə absurd vəziyyət olmazdı”

– Vətəndaşların münasibətin daha bir nümunəsi Stastitika Komitəsinin məlumatında üzə çıxdı. Məlum oldu ki, Azərbaycanda əcnəbilər yerli vətəndaşlardan 11 dəfə çox maaş alır. Bu münasibət nədən qaynaqlanır?
– Bir əcnəbi 90-cı illərin sonunda Səbail rayonunda Azərbaycan bayrağını cırıb atmışdı. O vaxt çoxlu müsahibələrim oldu. O zaman da demişdim ki, əcnəbi qaynaqçı azərbaycanlı qaynaqçı ilə eyni işi görür, amma on dəfə artıq maaş alır. Azərbaycanda vətəndaşı fikirləşən olsaydı, bu məsələlər çoxdan öz çözümünü tapardı və belə absurd vəziyyət olmazdı. Hazırda bizim ölkədəki quruluş ərəb ölkələrindəki  quruluşa bənzəyir. Orda əksinə, əcnəbi ölkə vətəndaşından az qala yüz dəfə az maaş alır. Bu baxımdan da həmin o bəyənmədiyimiz avtoritar ərəb ölkələri bizdən yaxşıdır. Onlar daha çox öz vətəndaşlarına dəyər verir.

 “Azərbaycanda iqtisadiyyat yoxdu, bir qrupun özləri üçün yaratdığı qazanma mexanizmi var”

– Ilham Əliyevin Brüssel səfəri ərəfəsində bir sıra təşkilatların Barrozoya çağırışları oldu. Ancaq Əliyev Brüsseldə bildirdi ki, Azərbaycanın Avropaya yaxınlaşmasında maraqlayıq. Dövlət başçısı bu fikirlərində nə dərəcədə səmimidir?
– Həm prezident Ilham Əliyevin çıxışını diqqətlə izlədim, həm də eyni gündə Ramiz Mehdiyevin mətbuatda çıxışı oldu. Ilham Əliyev deyir ki, Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Ramiz Mehdiyev də deyir ki, Azərbaycan iqtisadi cəhətdən bütün dünya ölkələrinə bir örnəkdir. Bunları oxuyandan sonra fikirləşdim ki, doğrudanmı mən Azərbaycanda yaşayıram, ya söhbət başqa ölkədən gedir? Mən Azərbaycanda yaşayıramsa, söhbət Azərbaycandan gedirsə, deyilən iki fikrin heç biri düz deyil. Azərbaycanda siyasi məhbuslar var. Müdafiə etdiyim Zaur Qurbanlı məhz siyasi məhbusdur. Qurban Məmmədov, Ilqar Məmmədov, Hacı Tale siyasi məhbusdurlar. Onlarla siyasi məhbus var. Ramiz Mehdiyevin iqtisadiyyatla bağlı fikrinə gəldikdə isə, Azərbaycanda bu dəqiqə iqtisadiyyat deyilən bir şey yoxdur. Sadəcə Azərbaycanda bir qrupun özləri üçün yaratdığı qazanma mexanizmi var. Məmur-oliqarxlar sadəcə bu ölkəni talamaqla məşğuldur.

 “Dünya yeni mərhələyə keçir”

– Avropadakı tətillər, Türkiyədəki hadisələr, Braziliya baş qaldıran narazılıqlar müəyyən fikirlər yaradıb. Bəziləri bunu hətta dünyanın axırı kimi qələmə verir. Siz bu barədə nə düşünürsünüz?
– Əsla. Bu dünyanın axırı deyil. Əksinə, bu dünyanın yeni bir mərhələyə keçididir. Çünki sosial şəbəkələrin inkişafı ilə insanlar dünyada nəyin baş verdiyini anladılar. Azərbaycanda yazdığım statusa bir neçə saniyənin içində Amerikada reaksiya verirlər. Sosial şəbəkə dünya durumunu dəyişdi. Çünki son 50 il həqiqətən dünyada böyük ədalətsizliklər özünü gözə soxmağa başladı. Sosial şəbəkələrin inkişafı insanları maarifləndirdi, onlara izah etdi ki, bu ədalətsizliyə dözmək olmaz. 30 ildən sonra bu gün dünyada verən ədalətsizliyin heç 10 faizi olmayacaq. Ona görə ki, sosial şəbəkələr artıq dünyada inqilab edir. Sadəcə  biz öyrəşmişik ki, inqilablar silah zoruna olur. Ancaq indi inqilablar sosial şəbəkələrdə, insanların şüurlarında baş verir. Bunun da bir yekun nəticəsi var. Ədalətsiz cəmiyyət, ədalətsiz hakimiyyət, ədalətsiz dövlət olmamalıdır. Dünya ona doğru gedir.Afrikadan, Asiyadan, Amerikadan tutmuş bütün dünya o yolla gedəcək ki, hər yerdə ədalətli cəmiyyət olsun.

Fizzə