Keçən ilin avqustunda Türkiyədə belə bir hadisə baş verdi. Yanılmıramsa, Izmitdəki çimərlikdə dindar qadınlar üçün xüsusi yer düzəldilmişdi. “Xüsusi yer” deyərkən, yəni, çimərliyin bir hissəsi taxta hasarla əhatələnmişdi. Az qala, Türkiyə bir-birinə dəydi bu hadisə ilə. Köşə yazarları bir tərəfdən, camaat da digər tərəfdən “bu nə ayrı-seçkilikdir”, “bu nə xüsusi statusdur” – deyə, haray qaldırdılar. Nəticə iki günə ortaya çıxdı: gecənin birində hasarı aşırdılar. “Utanc divarı” adı verilən bu hasarı heç bərpa etməyə təşəbbüs də göstərilmədi.
Mən dindar xanımların bu formada çimmək haqqı olub-olmadığını mübahisələndirmək istəmirəm. Dərdim ayrıdır.
“Bəxt üzüyü” filmində bir yer var. Oradakı obrazlardan birindən Xəzər dənizini soruşurlar. O da cavab verir ki, axırıncı dəfə Xəzəri orta məktəbdə oxuyanda dərslikdə görüb.
Indi qardaş, bizimki o aktyorun dediyi kimidir. Az qala, biz Xəzəri ancaq kitablarda, bir də neft müqavilələrinə dair göstərilən telesüjetlərdə görürük.
Çimərlik mövsümü yetişdiyindən bu problem iti xəncər kimi ürəyimə saplanır. Hardadı Xəzər? Siz onu görüb, nemətlərindən bəhrələnə bilirsinizmi?
Qara kürüsünü, ağ balığını, neftini-qazını soruşmuram. Soruşuram ki, duzlu, çirkli Xəzər suyu ilə təmas qura bilirsinizmi?
Xəzər sizin üçün nə qədər əlçatandır?
Bakıdan şimala və cənuba doğru Xəzər dənizi sərt işğala məruz qalıb. Dənizin sahilləri hündür “utanc divarları” ilə çəpərlənib. Bəzi yerlərdə çəpərlər o qədər hündürdür ki, avtobusla gedəndə belə Xəzəri görə bilmirsən.
Xəzərdə çimmək artıq kasıb-füqəra işi olmaqdan çıxıb. Azı, gərək Kəmaləddin Heydərov, Ziya Məmmədovun oğlu statusunda olmalısan ki, gedib o duzlu suya bir-iki kəllə vurasan.
Ən dəhşətlisi isə dənizi bir qrup görməmişin işğal etməsi deyil. Ən dəhşətlisi, uzun illər sosializm cəmiyyətində yaşayan, ümumxalq mülkiyyəti anlayışı ilə tanış olan azərbaycanlıların bu işğal qarşısında sükut etməsidir.
Hazırda vicdan məhbusu olan Qurban Məmmədov “Azərbaycan saatı” proqramında Ilham Əliyevə müraciətlərindən birini də dəniz mövzusunda etmişdi. O deyirdi: “Cənab prezident, xəbəriniz varmı ki, sizin atanız dənizin 200 metrliyində tikinti aparmağa icazə verməyən qanun vermişdi? Indi isə nəinki dənizin düz qırağında tikinti aparırlar, harınlamış məmurlar artıq dənizin içində də tikinti aparır”.
Əminəm ki, prezidentin Qurban Məmmədovun o çıxışından da xəbəri var, o haqq deyən insanın isti zindana salınmasından da.
Qurban Məmmədovun çıxışına qoşularaq mən də bir çağırış edirəm, bunu sonu həbsxana olacaqsa, qoy olsun, “xoş halıma” deyərəm onda da.
Hörmətli Ilham müəllim!
Bakının düz kandarında Sahil adlı qəsəbə var. Bu qəsəbənin dənizkənarı bulvarının tam yarısı bir neçə il var ki, şəxsi mülkiyyətə çevrilib. Xalq arasında gəzən söhbətlərə görə, o mülk nazir Füzuli Ələkbərova aiddir.
Danışırlar ki, Füzuli müəllim təkcə ümumxalq mülkiyyətinə əl qoymayıb, həmin həndəvərdəki şəxsi həyətləri də alaraq ərazisinə qatıb.
Buna da “cəhənnəm” deyək, o, dənizin içində nə hoqqalar çıxarır, bilirsinizmi?
Təəssüf ki, hər an qətlə yetirilmək ehtimalı olduğuna görə həmin ərazinin fotoşəklini çəkib yerləşdirə bilmirəm. Ancaq sizin sərəncamınızda, maşallah, “Qara kəmər” kimi əməliyyatlar keçirən xüsusi dəstələr var, yollayın, oranı çəkib sizə göstərsinlər.
Dənizin içində səd yaradılıb. “KamAZ”larla daş daşıyıb dənizdəki ərazisini kasıb-füqəradan ayırıb. Yəqin düşünüb ki, hansısa naməhrəm üzüb onun sularına keçib ərazisinin qüdsiyyətini pozar.
Bu nə deməkdir, Ilham müəllim?
Sizin sözlərinizlə desək, bu dözülməz haldır.
Yaxşı, dənizi bizə vermirsiniz, verməyin, daha bizə gözdağı vermək neyçün?
Daha dənizin sinəsinə dağ çəkmək nəyə gərək?!