“İlham Əliyev vaxt udmağa çalışır”

Ekspertlər dövlət başçısının Brüssel səfərinə qiymət verdi

Dövlət başçısı Ilham Əliyev Brüsseldə Avropa Birliyi rəsmilərilə görüşləri zamanı maraqlı fikirlər səsləndirib. Belə ki, hakimiyyət daxildə siyasi, söz və mətbuat azadlığını məhdudlaşdırdığı, siyasi oponentlərinə qarşı kampaniya apardığı halda Qərb diplomatları ilə görüşlərdə başqa reallıqlar təqdim edilməyə çalışılır.
Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy ilə keçirilən görüşdən sonra I.Əliyev çıxışında demokratik inkişaf sahəsində dəstəyə görə Avropa qurumlarına təşəkkür edib. O bildirib ki, Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq istəyir və Şərq Tərəfdaşlığı Proqramının fəal üzvüdür: “Avropaya nə qədər yaxın olsaq, inkişafa daha çox imkanımız olar, o cümlədən demokratik inkişaf üçün. Mən Avropa qurumlarına bu sahədə əməkdaşlığına görə təşəkkür edirəm. Məncə, demokratiyanın inkişafı, insan haqları sahəsindəki əməkdaşlıq ən yüksək beynəlxalq standartlara uyğun siyasi islahatlar həyata keçirməkdə Azərbaycana kömək edir. Sözsüz ki, sizin bu gün söz açdığınız məsələlər ətrafında da əməkdaşlığı davam etdirəcəyik”. Ilham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə birgə brifinqində də oxşar açıqlamalarla çıxış edib. Azərbaycanda siyasi məhbusun olmadığını iddia edən I.Əliyev vurğulayıb ki, qarşıdan gələn prezident seçkisində iddialılar namizədliyini sərbəst şəkildə irəli sürə bilər.
Daxildə yürüdülən siyasətlə daban-dabana zidd olan bu açıqlamalı siyasilər necə dəyərləndirirlər?

“İlham Əliyevin fikirlər beynəlxalq birliyi növbəti dəfə aldatmağa yönəlib”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, I.Əliyevin fikirlər beynəlxalq birliyi növbəti dəfə aldatmağa yönəlibdir. I.Əliyevin səfəri ərəfəsində Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi sərt qətnamə artıq onu göstərir ki, Azərbaycan hakimiyyətinin antidemokratik addımlarına, repressiyalarına qarşı sərt münasibət formalaşıb: “Dünya ictimai rəyi mövcud şərtlər çərçivəsində Azərbaycanda keçirilən seçkiləri legitim saymayacaq. Artıq bunun anonsları açıq formada verilir. Çünki seçkilərin gedişinə təsir göstərəcək bütün məqamlar narahatlıqla vurğulanır. Avropa Birliyi ilə Azərbaycan arasında təmasların bir neçə illik tarixi var. Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa Birliyi ilə assosiativ üzvlük sazişini imzalamayan yeganə ölkə olacaq. Ermənistan, Gürcüstan, Ukrayna, Moldova Avropa Birliyi ilə sazişi imzalamağı planlaşdırdığı halda. Azərbaycan bu prosesdən kənarda qalıb. Ilham Əliyev bu bəyanatı verməklə Avropa Birliyinin Azərbaycan hakimiyyətinə qarşı münasibətini yumuşaltmağa çalışır. Ilham Əliyev yenidən vaxt qazanmağa, gözləntilər formalaşdırmağa çalışır ki, hazırkı rəhbərliklə ölkədə normal seçkilər keçirmək mümkün olacaq”.
F.Qəhrəmanlı hesab edir ki, amma hakimiyyətin çağrışlarının, bəyanatlarının real əsası olmadığı halda nə Avropa Birliyi, nə başqa beynəlxalq təşkilatlar səviyyəsində onlara inam olmayacaq. “Çünki ölkədəki real situasiya Ilham Əliyevin dediklərindən tamamilə fərqlidir. Bundan başqa, Avropa Parlamentinin qətnaməsinə qarşı Azərbaycan parlamentində başladılan kampaniya hər kəsə bəllidir. Ölkədə böyük miqyaslı siyasi repressiyaların həyata keçirildiyi bir zamanda hakimiyyətin demokratik islahatlar həyata keçirməyəcəyi bəllidir”,- deyə F.Qəhrəmanlı vurğuladı. F.Qəhrəmanlının fikrincə, səslənən bəyanatların ölkədəki real əsasının olmaması üzündən hakimiyyətə lazım olan zamanı qazandıracağını gözləməyə dəyməz.

“Hakimiyyət bir qayda olaraq daxildən və xaricdən təzyiqlər artan zaman yenidən köhnə ritorikaya qayıdır”

Siyasi ekspert Zəfər Quliyev vurğuladı ki, hakimiyyət bir qayda olaraq daxildən və xaricdən təzyiqlər artan zaman yenidən köhnə ritorikaya qayıdır. Siyasi sakitlik olan dövrdə Azərbaycanın hakimiyyət təmsilçilərinin dilindən demokratiya ilə bağlı ifadələrin səslənmədiyini deyən Z.Quliyev bildirdi ki, amma vəziyyət gərginləşən, təzyiqlər artan zaman dərhal həm ritorika dəyişir, həm də cürbəcür vədlər verilir: “Amma builki seçkilərdə vəziyyət bir qədər fərqlidir. Çünki əvvəllər beynəlxalq təşkilatlardan hakimiyyətə hər hansı addımı atmaq üçün fəaliyyət azadlığı verilirdi. Amma hazırda hakimiyyətin reallaşdırmalı olduğu addımlarla bağlı təzyiqlər göstərilir. Düşünürəm ki, bu prinsipial yanaşma davam etməlidir. Başqa alternativ yoxdur”.

Xəyal