aliyev-munich

Əliyev Avropaya Rusiya və İrandan şikayətlənib

Avropa İttifaqı komissarının İlham Əliyevlə bağlı məktubu üzə çıxdı

«Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Avropaya inteqrasiyaya meyl göstərmir, lakin Əliyev İran və Rusiyadan qorunmaq üçün Qərbin dəstəyini istəyir»

“WikiLeaks” ABŞ diplomatlarının gizli teleqramlarını açıqlayandan sonra Azərbaycanın dövlət başçısı Ilham Əliyevin düşdüyü vəziyyət deyəsən, yenə təkrarlanır. Bu dəfə əsasən Avropa Ittifaqıyla bağlı məlumatların yayımıyla məşğul olan “euobserver.com” Əliyevi pis vəziyyətdə qoyub. Dövlət başçısının Iran və Rusiya əleyhinə gizli danışıqları üzə çıxıb.
Müəllif Andrew Rettmanın Əliyevin Brüsselə səfərilə bağlı yazdıqlarını təqdim edirik:

***

Cümə günü Ilham Əliyevlə görüşən Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo insan hüquqları məsələsi üzərindən yüngül keçdi.
Birgə mətbuat konfransında Əliyev ölkədə siyasi məhbus olmadığını, onun rəqiblərindən kimsənin həbsdə saxlanılmadığını dedi. “Azərbaycanda toplaşmaq azadlığı təmin olunub, mətbuat azadlığı da var”, – deyə Əliyev bildirdi. Əliyev həmçinin Avropa müşahidəçilərini seçkiləri izləməyə çağırdı: “Biz demokratiyanın inkişafı baxımından ÿöhdəlikləri tam yerinə yetiririk”.
Amma Əliyevin qeyd etdiyi vəziyyət reallıqdan çox uzaqdır. Siyasi məhbuslardan biri Ilqar Məmmədovdur. Prezidentliyə namizəd olan 43 yaşlı Ilqar Məmmədov Ismayıllı hadisələrinə görə həbs olunub. O, hazırda da həbsdədir və çətin ki, seçkilərə qədər azad edilsin.
Adının çəkilməsini istəməyən, amma ailəyə yaxın dostlardan biri deyir ki, digər siyasi məhbuslar da var: “Amma Ilqar məsələsi simvolikdir. Çünki o, Qərb dəyərlərinin təbliğ edirdi”.
“Human Rights Watch” kimi beynəlxalq hüquq-müdafiə təşkilatı da qeyd edir ki, Azərbaycanda ən azı, 20 nəfər siyasi məhbus var.
“Azadlıq” radiosunun jurnalisti Xədicə Ismayılova bildirir ki, onlarla insan həbsə atılır, daha sonra oradan çıxır – bu proses daim davam edir. Onların dəqiq saylarını demək çətindir. Xədicə Ismayılova onu da qeyd edir ki, Azərbaycan Belarusla çox oxşardır. Belarusda da prezidentliyə namizədləri həbsə atırlar. Hər iki rejimdə açılmayan jurnalist qətlləri var. Hər iki rejim telekanal və radioları nəzarətdə saxlayır. Hər iki rejim küçələrdə və internetdə etirazları boğur.
Ismayılovanın özünə gəlincə, ölkənin təhlükəsizlik strukturları onun evinə gizli kamera yerləşdirərək, yataq səhnələrini internetdə yaymışdılar.
Azərbaycandan fərqli olaraq Belarus bir sıra sanksiyalara məruz qalıb, çünki onların nefti və qazı yoxdur.
Əliyev söz verib ki, Avropaya gedəcək iki mümkün qaz kəmərlərindən biri ilə bağlı gələn həftə qərar veriləcək. “Bizim 2 trilyon kub metrlik artıq təsdiqlənmiş qazımız var. Bu, Avropanın qaz xəritəsini dəyişəcək” deyən Əliyev Avropa Ittifaqının Rusiyadan asılılığına son qoyulacağına işarə vurdu.
Eyni zamanda, Avropa Ittifaqının Genişlənmə və Təhlükəsizlik məsələləri üzrə komissarı Ştefan Füle 23 mayda alman deputat Elmar Broka yazdığı məktubda Avropa Ittifaqı və Azərbaycan münasibətlərinə dair qeydlər edib.
“Euobserver.org”un əməkdaşlarının əldə etdiyi qeyddə bildirilir ki, Azərbaycanda seçki öncəsi insan hüquqları məsələlərində geriləmə var, lakin Əliyev bunu inkar edir.
Füle qeyd edir ki, Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Avropaya inteqrasiyaya meyl göstərmir. Çünki enerji ehtiyatlarına görə özlərinə arxayındılar.
Lakin Füle əlavə edir ki, Əliyev Iran və Rusiyadan qorunmaq üçün Qərbin dəstəyini istəyir.

Siyasət şöbəsi