Rəqsanə bunu kimdən öyrəndi?

Müğənni Rəqsanə qoluna Heydər Əliyevin imzasının surətini döydürüb və guya çox təəccüblü, çox gözlənilməz hadisə baş verib. Hamımız da günlərdir bundan danışırıq. Yeni nə var burada? Heydər Əliyev bütpərəstliyi bizim ölkədə yenidirmi? Heydər Əliyevə, hətta onun oğluna yaltaqlıq təzədirmi?

Heydər Əliyevin heykəllərini ölkə boyu ağac kimi əkəndən sonra burada təzə nə isə ola bilərmi? Az qala hər idarənin adına onun adını yazandan sonra burada təəccüblü nə var axı? Az qala hamı başının üstünə onun portretini asandan sonra kiminsə öz bədəninə onun imzasını yazması nə böyük işdir ki! 

Elə imza məsələsi də yeni deyil, hətta yayın istisində yaxasına bu imzanın metal surəti vurulmuş qara kostyumlar geyinən kişiləri azmı görmüşük. Həm də, deyəsən, o imzanın metal surəti qızıldan hazırlanır…

Bu elə ölkədə hakim siyasətin tələbi və məğzidir. Rəqsanə də eyni mahiyyət daşıyan minlərlə nümunələrdən birini edib. Hətta onun elədiyi çox məşhur kişi və qadınların elədiyinin yanında xırda bir şeydir. 

Amma təəccüblü odur ki, YAP-çılar müğənni Rəqsanənin bu addımını qısqanıblar. Deputat Nizami Cəfərov hətta qəzəblənib ona: “Rəqsanənin ulu öndər Heydər Əliyevin adını qoluna döydürməsi tam səviyyəsiz, hətta mən deyərdim ki, tərbiyəsiz hərəkətdir. Onun bu hərəkəti qeyri-ciddi məişət səviyyəsidir. Əgər ümumilli liderimizə hörmət edirsə, bunu etməməli idi”.

Görəsən niyə? Sadə bir sual yaranır. Sizin elədikləriniz niyə sevgi olur, Rəqsanənin elədiyi hörmətsizlik? Heç bir hörmətsizlikdən söhbət getmir. Kənardan da görünür ki, onun bu hərəkətində Heydər Əliyevə heç bir hörmətsizlik yoxdur. Bu, sadəcə ikrah doğuran bir yaltaqlıqdır və ölkədə hər an rastlaşdığımız nümunələrdən biridir. O imzanı sinəsində gəzdirib, o imza sahibinin portretinin altında ölkənin sərvətlərini talayanda olar, Rəqsanə o imzanı gəzdirə bilməz?

Axı Rəqsanə kimdən öyrəndi bunu? Ağsaqqal alimlər, ağbirçək xanımlar, gənclər və yeniyetmələr, deputatlar və nazirlər bu yaltaqlığı hamının gözü qabağından edəndən sonra Rəqsanə nə etməli idi? Ölkə boyu, gecə-gündüz Heydər Əliyevlə bağlı bütpərəstlik təbliğatı aparandan, bunu dövlət siyasətinə çevirəndən, bu xətti fərdlərin uğur açarına döndərəndən sonra belə də olmalı idi. Bu müğənnilərin YAP-a keçməsini xalqa fəxrlə nümayiş etdirmirdilərmi? Başqa bir müğənni “Heydər Əliyev adına Azərbaycan” Respublikası söyləmədimi?

Yaltaqlığın az qala peşəyə çevrildiyi ölkəmizdə hakimiyyət insanlardan elə bu cür addımlar gözləyir, Rəqsanə də o cür edib. 

***

Mark Tvenin əsərlərində düşündürücü bir süjet var. Əsərin qəhrəmanı axirət dünyasında həyatda öyrənə bilmədiyi suallardan birinə cavab axtarır. Tələb edir ki, insanlıq tarixində dünyaya gəlmiş ən böyük sərkərdənin kim olduğunu ona desinlər. Dərhal ona bu haqda məlumat verirlər. Amma bu adam kim olsa yaxşıdır? Əsərin qəhrəmanı şoka düşür. Bu ki onun qonşuluğunda yaşayan və illər öncə dünyasını dəyişən pinəçidir! Bu mümkündürmü? Bu necə ola bilər? Məlum olur ki, həm də bu pinəçi xırda bir hərbi bölüyə belə komandanlıq etməyib. Çünki həyat yolunu, peşəsini düzgün seçə bilməyib. Həyat bu qədər mürəkkəbdir! Səni hətta ən böyük peşə sahibi olduğun halda, peşə seçimində yanılda bilər. 

Amma peşə seçimində səhv etmək hara, yaltaqlığı özünə peşə seçmək hara?! Ən dəhşətlisi budur.