Paşayevlərin YAP-a alternativ etmək istədiyi partiya adından Mehriban Əliyevanın namizədliyi irəli sürüldü
Parçalanmış DADP-nin o biri qanadı buna etiraz edib, “Namizədimiz İlham Əliyevdir” dedi
Ölkə başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın da prezidentliyə namizədliyi irəli sürülüb. Bununla bağlı dünən sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan belə məlum olur ki, Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) “Qurtuluş günü” münasibətilə tədbir keçirib. Həmin tədbirdə Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürülüb. Tədbirin nə vaxt keçirilməsi bəlli deyil. Amma tədbirdən hazırlanmış videogörüntü iyunun 21-də “Youtube” sosial şöbəkəsinə yerləşdirilib.
DADP DADP-yə qarşı
Bu barədə mediada məlumat yayılandan sonra DADP adından iki təşkilatın çıxış etdiyi bəlli olub. Bunlardan biri və Mehriban Əliyevanın namizədliyini irəli sürən Əlisahib Hüseynovun sədrliyi altında fəaliyyət göstərir. İkinci DADP-nin sədri isə Fatma Əliyevadır. Fatma Əliyevanın rəhbərlik etdiyi qanadın mətbuat katibi Esmira Şükürova Azadlıq Radiosuna bildirib ki, Mehriban Əliyevanın namizədliyini irəli sürənlər vaxtilə partiyadan çıxarılmış və eyni adla partiya yaradan şəxslərdir: “13 oktyabr 2012-ci ildə biz qurultay keçirmişik, həmin qurultayda Fatma Əliyeva partiyanın sədri olub. O sədr olandan sonra partiyada təmizləmə işləri aparıb. Həmin vaxt partiyadan xaric olunanlar sonradan eyni adla partiya yaradıblar. Sonra baş prokurora və Nərimanov prokurorluğuna məktub yazıblar ki, əsl Demokratik Azərbaycan Dünyası Partiyası onlardılar və Fatma Əliyeva möhürü onlara vermir. Maraqlıdır ki, həmin məktublarına möhür də vurublar. Bəs onda necə olur bu?”.
Esmira Şükürova əlavə edib ki, DADP-nin yeganə namizədi Ilham Əliyevdir.
“Biz İlham Əliyevin namizədliyini dəstəkləyirik”
Fatma Əliyeva da qəzetimizə açıqlamasında bildirib ki, Mehriban Əliyevanın namizədliyini irəli sürənlərin DADP-yə heç bir aidiyyatı yoxdur: “Onlar bzim partiyanın adından istifadə edirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Partiyanın sədri mənəm, möhür və bütün sənədlər də məndədir. Amma buna baxmayaraq həmin şəxslər hər yerdə partiyanın adından danışırlar”.
Fatma Əliyeva deyib ki, onlar Ilham Əliyevin namizədliyini dəstəkləyirlər: “Biz qərarımızı açıqlamışıq. Namizədimiz Ilham Əliyevdir”.
Fatma Əliyevanın dedikləri ilə bağlı qarşı tərəfin mövqeyini öyrənə bilmədik.
“Bizim də namizədimiz Mehriban Əliyevadır”
Bununla belə, Mehriban Əliyevanın namizədliyini irəli sürən DADP-dən də məsələyə münasibət bildirilib. Bu qanadın sədr müavini Sevda Xurşudova “Virtualaz.org”a açıqlamasında deyib ki, DADP 8-9 illik fəaliyyətində Mehriban Əliyevanın namizədliyini həmişə dəstəkləyib: “Hər partiyanın öz lideri olduğu kimi bizim də namizədimiz Mehriban xanım Əliyevadır. Partiyamızın qurultayı keçiriləcək və Mehriban xanımın namizədliyi irəli sürüləcək. Prezident seçkiləri ərəfəsində işlərimizi bu istiqamətdə davam etdirəcəyik. Biz dövlətimizin siyasi kursunu dəyişməyən insanlarıq. Biz dövlətimizi layiqincə təmsil edən insanın adını çəkirik”.
DADP YAP-a alternativ olmalı idi
Məlumat üçün deyək ki, DADP-nin yaradıcısı Məmməd Əlizadədir. Bu partiya iqtidaryönlü partiya kimi tanınır. Uzun müddət iqtidaryönlü partiyaların Məşvərət Məclisinə sədrlik edib. 2007-ci ildən başlayaraq DADP ətrafında canlanma başladı. Partiyanın YAP-a alternativ təşkilata çevriləcəyi ilə bağlı məlumatlar yayıldı. Həmin məlumatlarda bildirilirdi ki, hakimiyyətdəki Paşayevlər qrupu DADP-nin bazasında ikinci iqtidar partiyası formalaşdırmaq istəyir. Bu, Ilham Əliyevin xanımı Mehriban Əliyevanın prezidentlik iddiaları ilə izah edilirdi. Məmməd Əlizadə partiyanın təşkilatlanmasında Mehriban Əliyeva faktorunu təkzib etsə də, DADP-nin YAP-a alternativ olacağı barədə məlumatların əsassız olduğunu demirdi. 2008-ci il prezident seçkisindən sonra ölkə boyu DADP-nin təşkilatlanması sürətləndi. Artıq DADP “Mehriban Əliyevanın partiyası” adını almışdı. Hətta partiyaya bəzi YAP-çılar da qoşulmuşdu.
Mehriban Əliyevanın prezidentlik iddialarından narahat olan rəqib “Naxçıvan” qruplaşması prosesin qarşısını almaq üçün DADP-yə qarşı hücumlara start verdi. Partiya Məşvərət Məclisinin sədrliyindən, az sonra isə ümumiyyətlə bu qurumdan uzaqlaşdırıldı. Lakin bununla belə DADP-nin təşkilatlanması davam etdirildi. Nəhayət, hakimiyyətdəki “Naxçıvan” qruplaşması bir şəxsin iki dəfədən artıq prezident olmasına qoyulan məhdudiyyətin aradan qaldırılması məsələsini gündəmə gətirdi. 2009-cu il martın 19-da referendum keçirildi, məlum məhdudiyyət aradan qaldırıldı. Bu, Mehriban Əliyevanın prezidentliyə gedən yolunun bağlanması idi.
Referendumdan sonra Paşayevlər DADP ilə bağlı layihəni təxirə saldılar. Bu partiyaya qarşı təzyiqlərin daha da artmasına səbəb oldu və DADP siyasi səhnədən çəkildi.
“Başqa şəxsin namizədliyini irəli sürməkdə nə qəbahət var ki?”
DADP-nin qurucusu Məmməd Əlizadə isə “Azadlıq”a bildirib ki, xeyli müddətdir sədrlikdən gedib, ümumiyyətlə siyasi fəaliyyətlə məşğul deyil: “Çəkilmişəm kənara. Mən partiya sədrliyindən gedəndən sonra bu posta Mirkazım Seyidov gəldi. Mirkazım müəllimin dövründə partiyada qruplaşmalar yarandı. O, da bu baxımdan partiyadan getdi. Onun gedişindən sonra partiya parçalandı. DADP-nin bir qoluna Fatma xanım, digər qoluna isə Əlisahib müəllim rəhbərlik edir. Mənim onların ikisinə də böyük hörmətim var. Hər iki təşkilat mənim üçün əzizdir. Əslində hər iki təşkilat elə DADP-dir. Hər iki təşkilat məni fəxri lider seçiblər”.
Məmməd Əlizadə Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsinə də münasibət bildirib: “Mən bunu müsbət qarşılayıram. Müstəqil şəkildə qərar verib namizədlərini irəli sürüblər. Mən hələ partiyanın sədri olanda demişdim ki, DADP 2013-cü ildə ikinci iqtidar partiyası olacaq və biz başqa şəxsin namizədliyini irəli sürəcəyik. O zaman deyirdilər ki, DADP Mehriban Əliyevanın partiyasıdır.
Başqa şəxsin namizədliyini irəli sürməkdə nə qəbahət var ki? Hakimiyyətdə də, müxalifətdə liderlər var. Lider bir nəfər deyil ki”.
İlham Əliyev prezidentlik iddiasından geri çəkilir?
Istənilən halda Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi təsadüfi və özfəaliyyət sayıla bilməz. Hətta həmin şəxslərin DADP-yə aidiyyəti olmasa belə(Məmməd Əlizadə isə onların birləşdiyi təşkilatı da DADP kimi qəbul edir), Azərbaycan reallığında onların özbaşına belə bir addım atmaları inandırıcı görünmür. Digər tərəfdən bu məsələnin Ilham Əliyevin Brüssel səfərindən sonra gündəmə gəlməsi maraqlıdır. Tədbir çox güman ki, bu səfərdən çox əvvəl keçirilib. Hər halda “Qurtuluş günü”nə həsr olunmuş tədbirin, dünən-bu gün keçirilməsi ağlabatan deyil.
Ehtimal etmək olar ki, Ilham Əliyevə Brüssel səfərində “hə” cavabı verilməyib. Bu isə “başqa namizəd” variantının işə salınmasına səbəb olub.
Hələ bir müddət əvvəl belə ehtimallar var idi ki, Ilham Əliyev 3-cü dəfə namizədliyini irəli sürməyə tərəddüd edir. Ölkə başçısı hətta Rusiya prezident Vladimir Putinin belə atmadığı addımın ona ciddi başağrısı yaracağını düşünür. Lakin hakimiyyətdəki “Naxçıvan” qruplaşması Ilham Əliyevin namizəd olmasında təkid edir. Çünki əks təqdirdə Mehriban Əliyevanın namizədliyi ortaya çıxa bilər. “Naxçıvan” qruplaşması isə Paşayevlərin hakimiyyəti tam olaraq ələ keçirməsində maraqlı deyil. Məhz bu qruplaşmanın təkidilə Ilham Əliyevin namizədliyi rəsmən elan edildi. Amma YAP-ın qurultayında Mehriban Əliyevanın partiyanın sədr müavini təyin edilməsi “başqa namizəd” variantının da gündəmdən düşmədiyini göstərirdi. YAP-ın qurultayından sonra belə mülahizələr səsləndirildi ki, Ilham Əliyevin namizədliyi beynəlxalq birlik tərəfindən qəbul edilməyəcəyi təqdirdə Mehriban Əliyevanın namizədliyi irəli sürüləcək. Son anda Ilham Əliyev onun xeyrinə namizədliyini geri götürəcək. Oxşar ssenari 2003-cü ildə həyata keçirilib.
Görünür, bu mülahizələr əsassız deyilmiş. Yeri gəlmişkən, 2003-cü ildə Ilham Əliyevin namizədliyini Ana Vətən Partiyası irəli sürmüşdü. Amma “Naxçıvan” qruplaşmasının bunu qəbul edəcəyi inandırıcı görünmür.
Lakin başqa versiyalar da var. Mehriban Əliyevanın namizədliyi sadəcə müxalifətin elektoratını parçalamaq üçün irəli sürülə bilər. Bunun xüsusilə Bakı-Şirvan regionunu hakimiyyətə tərəf çəkməyə hesablanmış addım saymaq olar. Milli Şuranın namizədinin Rüstəm Ibrahimbəyov olacağı gözlənilir. Tanınmış dramaturq isə məhz bu regiona bağlıdır.
Mehriban Əliyeva da Bakı-Şirvan elektoratını parçalamaq üçün hakimiyyətin ən uğurlu fiquru hesab edilə bilər. Beləliklə Ilham Əliyev və xanımı hər ikisi seçkiyə gedir, birinci ledi qarşıya qoyulan hədəfə çatdıqdan – yəni Bakı-Şirvan elektoratını parçaladıqdan sonra namizədliyini ölkə başçısının xeyrinə geri götürür.
Güman ki, yaxın günlərdə bütün bu məsələlərə aydınlıq gələcək.
Deputatlar Mehriban Əliyevanın namizədliyinə nə deyir?
YAP-çı və hökumətyönlü deputatların da Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsinə münasibətləri maraqlıdır.
AVP sədri, deputat Fəzail Ağamalı “Azadlıq”a deyib ki, Mehriban Əliyeva lider xanımdır və buna heç kimin şübhəsi ola bilməz: “Mehriban xanım Azərbaycanda mədəniyyətin, incəsənətin, kimsəsizlərin himayəçisi kimi tanınır. Mehriban xanımın ictimai fəaliyyəti çox genişdir. YAP-ın qurultayında Mehriban xanımın partiyanın rəhbərliyinə gətirilməsi partiyanın gücünü daha da artıracaq. Ancaq prezident seçkilərində partiyanın yeganə namizədi Ilham Əliyevdir. Buna görə də DADP-nin bu addımı başadüşülən deyil. Bunun izahı da mümkün deyil. Bu reallığı əks etdirməyən bir addımdır”.
YAP-çı deputat Eldar Ibrahimovun məsələyə münasibəti belə olub: “Mehriban Əliyeva YAP sədrinin müavinidi, onun həyat yoldaşı Ilham Əliyev də ölkənin prezidentidir. Amma hakimiyyətin namizədi Ilham Əliyevdir. Mən dediyiniz partiyanın sədrini tanımıram və həmin partiya haqda məlumatım da yoxdur. Onların bu addımı ziddiyyətlidir, bu bir təxribat da ola bilər”.
Vidadi Məmmədov