Mənliyiniz olsun, az yaltaqlanın

Yaxınlarda Rusiya mətbuatı 2010-cu il üçün 10 ən yaxşı yaltağın reytinqini açıqlayıb.
Birincilik Çeçenistan prezidenti Ramzan Kadırova qismət olub.
Bu sözlərinə görə: “Mənim kumirim Putindir. O həm çeçen, həm də rusdur. Yer üzündə nə varsa, Putin bizə bəxş edib”.
Qabiliyyətinə molodes, Ramzan!
Kumirin Çeçenistanı darmadağın etdi, çeçenlərin qanını axıtdı, sən onu Allaha tay tutursan.
Reytinq cədvəlində qalan 9 yaltağın sitatlarını yazmaq fikrində deyiləm.
Nədən ki, milli yaltaqlarımıza zaman ayırmaq gərəkdir.
Azərbaycanda itə daş atırsan, yaltağa dəyir.
Elə bil dünyanın cümlə yaltaqlarını cəm edib bizim məmləkətə göndəriblər.
Özü də bizdə yaltaqlıq epidemiya şəklində yayılıb.
Və bu epidemiya təkcə iqtidar düşərgəsində deyil, müxalif cəbhəyə də sirayət edib.
Dünən Heydər Əliyevin ünvanına nələr demirdi yekə-yekə vəzifə sahibləri…
Rəhmətliyi peyğəmbərə bənzədən kim (əstəğfürullah), şəninə şeir yazan, mahnı qoşan kim.
Bu gün Ilham Əliyevə yaltaqlıq yarışı gedir.
Və bu yarışda kimlər daha çox tər tökür, buna bir aydınlıq gətirək.
Desək ki, yarışın favoritləri rayon icra hakimiyyətlərinin başçılarıdır, nazirlər, komitə sədrləri, rektorlar, baş həkimlər, məktəb direktorları, bir sözlə, vəzifəsi qazanc gətirənlər inciyər.
Azərbaycanda hər bir sahədə nizam itdiyinə görə yaltaqlıq yarışında da bir xaos var.
Televiziyada mikrofonu əlinə alan kəs sanki mükəlləfdir ki, padşahın şəninə bir-iki yaltaqlıq kəlamı işlətsin.
Idmançı deyir ki, “qazandığım qələbəyə prezidentin atalıq qayğısı sayəsində nail oldum”.
Yazıçı padşahın qayğısı sayəsində ilhama gəldiyini dilə gətirir.
Müğənni az qala zəngulə vuranda padşahdan güc aldığını söyləsin.
Kəsəsi, bu ölkədə bir kimsə televiziyaya çıxdımı, fərqi yoxdur nazir olsun, ya da malabaxan, mütləq dövlət başçısının atalıq qayğısından söhbət açmalıdır.
Deyək ki, vəzifə sahibləri yaltaqlıqlarına rəğmən qaz vurub qazan doldururlar.
Bəs bu ziyalı tayfası nədən dəridən-qabıqdan çıxır, anlaşılması bir az zordur.
Adam əynindəki kostyumu 10 ildir dəyişə bilmir, əyin-başına görə sinifə utana-utana girir, ancaq yaltaqlanmaq fürsəti düşən kimi onu əldən buraxmır.
Rejimin bu dövlətə vurduğu zərər asanlıqla bərpa olunacaq, bu, qorxulu deyil.
Odur, Hüsnü Mübarəkin 30 ilə yığdıqlarını burnundan tökürlər.
Qorxulu olan mənəviyyata vurulan zərbədir ki, onun aradan qaldırılması üçün qərinələr gərək olacaq.
Dağ boyda Elmlər Akademiyamız var.
Desəm ki, bu elm müəssisəsinin kişi cinsindən olanlarının hamısı kar, kor və laldır, Allaha xoş getməz.
Nədən ki, içərilərində bir xeyli nuru olanlar, müstəqil fikir sahibləri də var.
Obyektiv bir sorğu keçirən olsa, 10 minə qədər “elmlər namizədi” və “elmlər doktoru” tituluna sahib olanların vur-tut 10 faizinin ADAM kimi yaşamaq iqtidarında olduğu aşkar olar.
Qalan 90 faizinin necə yaşadığını yazmıram, ayıbdır.
Dərd ondadır ki, səhərdən-axşama qarnının hayında olan bu 90 faiz adam kimi yaşamasını təmin etməli olan hökumətin yaxasından yapışmağa cürət etmir.
Yaxasından yapışmağı cəhənnəmə, hələ ona bir yaltaqlanır da.
Alim də ki, yaltaqlıq etdi, mehtərə, dəlləyə, zurna-balabançıya nə irad tutasan ki…
Bir sürü yazıçı və qəzet yazarı yaltaqlıq şedevrləri yaradır.
Vəzifə sahibləri kreslolarını qorumaq üçün yarınırlar.
Yarımaclar iş yerlərini qorumaq üçün yaltaqlanırlar.
Və yaltaqlıq Azərbaycanın brendinə çevrilməkdədir.
Bu brend Azərbaycan türkünün adını aşağılayır.
Mənliyiniz olsun, az yaltaqlanın!
P.S. Azərbaycanın 10 super yaltağı kimlərdir? Lütfən, yazın.