Rusiyalı ekspert Əliyev komandasını “vurdu”

«Rusiyada güclü Azərbaycan lobbisi var. Bir çox məmurları rəsmi Bakı pulla alır»

Hikmət Hacızadə: «Putindən xəbərsiz Azərbaycana silah ötürülməsi mümkün deyil»

Azərbaycanın Rusiyadan bir milyard dollarlıq silah alması geniş müzakirə mövzusuna çevrilib. Istər yerli, istərsə də Rusiya mətbuatında bu sövdələşmənin arxasında nələrin dayandığı araşdırılır.
Qara Dəniz Siyasi Təhqiqatlar Institutunun direktoru Vladimir Zaxarov Rusiya mətbuatına müsahibəsində bir sıra maraqlı fikirlər söyləyib. Rusiyalı ekspert silah tədarükünün Rusiya rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini deyib. Onun sözlərinə görə, Putin bu barədə xəbərsizdir və ona tədarük haqqında məlumat vermirlər. Çünki Rusiyada güclü Azərbaycan lobbisi mövcuddur. Bir çox məmurları rəsmi Bakı pulla alır. Onların bəziləri Prezident Administarsiyasında oturur və Putinə sərfəli hesab etdikləri informasiyanı ötürürlər.
O həmçinin Əliyev komandasının da ünvanına ittihamlar səsləndirib. Ekspertin sözlərinə görə, Əliyev hakimiyyətdə qalmaq istəyir. Onun yanında isə avantüristlər dayanır. Onların qayğısı isə neft fövqəlgəlirləri hesabına şəxsi varlanmasıdır.
Rusiyalı ekspertin silah satışı ilə bağlı bu açıqlaması birmənalı qarşılanmır.
Politoloq Hikmət Hacızadə Putindən xəbərsiz Azərbaycana silah ötürülməsini mümkünsüz hesab edir. Çünki Putin hər şeyi nəzarətdə saxlayan dövlət başçısıdır: “Yeltsinin vaxtında belə ola bilər. Ancaq Putinlə bu mümkün deyil”.
Ekspertin sözlərinə görə, Rusiyada düşünürlər ki, Azərbaycan silah alsa da, almasa da müharibə olmayacaq. Çünki Ermənistanı rus dəstəkləyir. Azərbaycan isə boş yerə də pul xərcləyir. Hər bir halda Putindən xəbərsiz hər hansı bir addımın atılması isə mümkün deyil.

Fizzə