Elşad Abdullayev qardaşını öldürməkdə ittiham edildi

Arzu Kazımov: «Mən Elşadın bu sözlərini rəhmətlik Zahid müəllimə çatdıranda o, az qala, hirsindən partladı»

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin adı keçən daha bir məhkəmə prosesi başlayıb. Söhbət Elşad Abdullayevə qarşı dələduzluğa görə həbs olunmuş iş adamı Arzu Kazımovun işindən gedir. Elşad Abdullayev 2003-cü ilin oktyabrında oğurlanmış qardaşı Mahir Abdullayevin geri qaytarılmasına vasitəçilik etmək üçün Arzu Kazımovun ondan 3 milyon dollar aldığını iddia edir. Arzu Kazımov isə dünən məhkəməyə verdiyi ifadəsində nəinki bu iddiaları rədd edib, hətta Elşad Abdullayevin özünü qardaşını öldürüb gizlətməkdə günahlandırıb.
Qeyd edək ki, bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər heyətinin icraatındadır.
Dünən məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan etdi. Məlum oldu ki, Arzu Kazımova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsilə ittiham irəli sürülüb.
Amma istintaq materiallarında söhbət 3 milyon yox, 1 milyon 500 min dollardan gedir. Həmçinin qeyd olunur ki, Elşad Abdullayev verdiyi pulun müqabilində 2005-ci ildə Arzu Kazımovun qardaşı Nizami Kazımova məxsus “KNF Investment” MMC-ni, həmçinin müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri onlardan alaraq, qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.
Cinayət işinin materiallarında daxili işlər nazirinin keçmiş müavini, mərhum Zahid Dünyamalıyevin də adı çəkilir. Qeyd edək ki, Elşad Abdullayev həmin pulun ondan Arzu Kazımov və Zahid Dünyamalıyevin birgə aldığını, daha doğrusu, pulun bir hissəsinin keçmiş nazir müavininə çatdığını iddia edir. Amma ittiham aktında göstərilib ki, işdə Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, bu hissədə cinayət təqibinə xitam verilib.
Eyni zamanda, Elşad Abdullayevin 1 milyon 500 min dollar verməsi rüşvət vermək cəhdi kimi rəsmiləşdirilərək, keçmiş rektorun özünün də barəsində cinayət işi ayrılıb və aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərilib.
Dövlət ittihamçısının çıxışından sonra ifadə verən Arzu Kazımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O bildirdi ki, Elşad Abdullayevlə qarşı heç bir qeyri-qanuni hərəkəti olmayıb: “Elşad Abdullayevin mətbuatda yazdıqları nağıldan başqa bir şey deyil. Iddia edir ki, ona 3 milyon dollar borclu olmuşam. Lakin bu qədər müddət keçməsinə baxmayaraq, həmin pulu istəməyib. Bu, mənə qarşı atılmış böhtandır. Elşad heç kimdə pulunu qalmağa qoymaz. Vaqif Hüseyn ona borclu idi, Kiprdə tutub pulunu əlindən aldılar. Gülər Əhmədovanın borcu var idi, Brüsseldə oğlunu tutdular. Bütün bu faktlar göstərir ki, mənim Elşada borcum olmayıb. Həmin binaları mən tikmişəm. Indi də yazırlar ki, adıma olmayıb. O qədər vəzifəli adamlar var ki, mülkləri adına deyil”.
Arzu Kazımov onu da qeyd etdi ki, Zahid Dünyamalıyev Elşad Abdullayevi qəbul etməyib. Onun sözlərinə görə, Elşad Abdullayev ondan Zahid Dünyamalıyevlə görüşünə yardımçı olmağı xahiş edib: “Zahid Dünyamalıyev də bu məsələni araşdırıb mənə dedi ki, qardaşını Elşad özü aradan götürüb, harda olduğunu da özü bilir. Mən Zahid müəllimin bu və buna bənzər sonralar da bəzi əlavələrlə dediyi sözləri Elşad Abdullayevə çatdırsam da, o, buna məhəl qoymadı. Məndən Zahid müəllimə xahişlərini çatdırmağımı, həmçinin onunla görüşmək istəyirdi. Elşad Abdullayev Zahid Dünyamalıyevin ona çatdırmaq üçün mənə dediyi yuxarıda göstərdiyim fikirlərdən sonra yenidən mənə müraciət etdi. Dedi ki, Zahid müəllimdən soruş, qardaşımın meyitini üzə çıxarsam, o, qarant dura bilərmi ki, bizə heç nə olmayacaq? Mən Elşadın bu sözlərini rəhmətlik Zahid müəllimə çatdıranda o, az qala hirsindən partladı. Zahid müəllim dedi ki, görürsən bunu? O, qardaşını pul qazanmaq üçün öldürür, indi də daxili işlər nazirinin müavinindən meyitin üzə çıxarılması üçün təhlükəsizliyinə qarant istəyir. Beləsi, ancaq son həddə yuvarlanmış adam ola bilər. Bu adam elə bilir ki, hər şeyi pulla almaq olar. Zahid müəllimin onun təklifinə sərt cavabını olduğu kimi Elşad Abdullayevə çatdırdım. Bu zaman Elşadÿ şoka düşdü və dedi ki, bəs mən neyləməli idim? Mahir başqasına çatacaq 20 milyon pulu götürüb qaçıb gizlənir. Yerini tapandan sonra da pulu vermir. Ya mən onu aradan götürməli idim, ya da ABU, özüm və qardaş-bacılarımın aqibəti pis olacaqdı. Elşad Abdullayev bunu dedikdən sonra mənə sual verdi ki, Arzu, biz neçə qardaşıq? Dedim ki, deyəsən, 6 qardaşsınız. Dedi ki, onda özün fikirləş, ya onu özüm aradan götürməli idim, ya da ki, hamımız ölməli, ABU da əldən getməli idi. Ona görə də mən onu aradan götürdüm”.
Arzu Kazımov onu da əlavə etdi ki, Elşad Abdullayevin qardaşının tapılması üçün Daxili Işlər Nazirliyinin digər vəzifəli şəxslərilə də əlaqə yaradıb. Onun sözlərinə görə, DIN-nin Baş Cinayət Axtarış Idarəsinin adam oğurluğu ilə mübarizə şöbəsinin iki əməkdaşı – şöbənin rəisi Elxan Həsənov və həmin şöbənin baş əməliyyat müvəkkili Arzu Daşdəmirovla bir neçə dəfə görüşüblər: “Görüşdə Elşad Abdullayevin verdiyi materialların əməliyyat yolu ilə yoxlanıldığını və həmin məlumatların yalan olduğunu dedilər. Bundan sonra Elşad Abdullayev əməliyyatçıları təhqir etdikdə əməliyyatçı Arzu Daşdəmirov dedi ki, ”Mahiri özün öldürmüsən, harada basdırdığını da yaxşı bilirsən, bəsdir bizi ələ saldın”. Bu sözlərdən sonra Elşadla Arzu Daşdəmirov arasında az qala, əlbəyaxa dava düşəcəyini görüb bunun qarşısını aldım. Əməliyyatçılar gedəndən sonra Elşad Abdullayev qardaşı Mahiri aradan götürdüyünü, özü, qardaşları, bacısı oğlanları və ABU-nu xilas etməsi barədə mənə etdiyi etiraflarla bağlı Zahid Dünyamalıyevin məlumatlı olmasında məni suçladı. Bu hadisədən sonra münasibətlərimiz tam korlandı. Həmin gündən sonra onunla nə görüşümüz, nə də telefon əlaqələrimiz oldu. Bu hadisədən təxminən bir neçə ay sonra onunla deputat seçkilərilə əlaqədar Binəqədi rayonunda təsadüfi görüşümüz oldu”.
Məhkəmə iclası iyulun 2-də davam edəcək.