Milli Məclisin dünənki iclasında deputat Hadı Rəcəbli Oqtay Əsədova xitabən “imza da yığmışdıq, niyə qoymadınız Ilqar Məmmədovu tutdurmağa” – deyərək sözün əsl mənasında üsyan etdi. Deputat o qədər eyforiyaya qapıldı ki, bir anlığa Ilqar Məmmədovun həbsdə olduğunu belə unutdu. Oqtay Əsədov onun səhvini düzəltməyə çalışaraq həbsdən əvvəl məhkəmə instansiyasının olduğunu xatırlatmaq istədi. Lakin qanunvericilik orqanı sayılan Milli Məclisin komissiya sədri olan Hadı Rəcəbli nə dediyini yaxşı bilirdi. Azərbaycan məhkəmə sisteminin oyuncaq bir qurum olduğunu ağsaçlı deputat dolayı yolla etiraf etdi. Oqtay müəllimin bu fikri malalaması daldan atılan daşa bənzədi. Bu hamımızın bildiyi bir həqiqətdir və yapçı deputat bunu bir daha yada saldı…
20 ildir ki, iqtidar rəsmilərinin və ona dolayı yolla xidmət edənlərin hey təkrarladığı sevimli bir fraza var – “müxalifət zəifdir, ona görə də Əliyev rejimi hakimiyyətdədir”. Əlinizi olmayan vicdanınıza qoyun…
Dünyanın heç bir ölkəsində Azərbaycan müxalifəti qədər fədakar və təqibə məruz qalan müxalifət yoxdur. Bütün beynəlxalq hesabatlarda müxalifəti fiziki cəhətdən məhv edən uzaq Afrika despotizmindən sonra Azərbaycan hakimiyyəti gəlir. Təxminən 15 ildir ki, Əliyev rejimi siyasi opponentlərlə sivil mübarizədən vaz keçərək müxalifətə qarşı siyasi şantaj və həbs yolunu tutub. Bu gün bütün cəmiyyəti bir məsələ düşündürür – bu həbs və təqiblərə nə vaxt son veriləcək?
Tarixdə oxşar rejimlər və bənzər təcrübələr istənilən qədərdir. Təəssüf ki, onların heç biri tutduğu yoldan bir addım da geri çəkilməmiş, hətta sonluğa gedə-gedə daha amansız cəza tədbirləri ilə yadda qalmışdı. Bu haqda bir az sonra…
Təkcə son 20 il ərzində Azərbaycanda şərlənərək həbs olunan müxalifət nümayəndələrinə kəsilən illəri üst-üstə qoysaq, təxminən 200 ildən çox (!) edər. Nə qədər kədərli olsa da, bu, müxalifətin gücündən xəbər verir…
Biz bəzən siyasi məhbuslarla kifayətlənirik. Halbuki ölkədə minlərlə insan var ki, heç bir siyasi mənsubiyyəti olmasa da, haqsızlığa etiraz etdiyinə görə bu gün dəmir barmaqlıqlar arasındadır. Evi sökülən, aldadılan, əmlakına göz dikilən bu insanlar tamamilə müdafiəsiz durumdadır. Müxalifəti həbs etməkdə “effektiv” üsul sayılan “cibdən narkotik tapılması” buna qədər yüzlərlə günahsız insana tətbiq edilib və edilir. Aldığım məlumatlara görə, bu üsuldan adətən taksi sürücülərinə qarşı istifadə edirlər, proses bu cür olur – axşamüstü işverənlər taksini saxladıb harasa gedirlər və daha sonra oraya oturan “əməliyyatçılar” avtomobilin salonunda uyuşdurucu maddə “aşkar edirlər”. Bax, belə…
Hərbi prokurorluq bu yaxınlarda hazırda mühacir həyatı yaşayan polkovnik Isa Sadıqov haqqında cinayət işi açıb. Deməli, polkovnik Azərbaycana gəlsə, onu qondarma cinayət işi ilə həbs edəcəklər.
Mənim bu insanla bir neçə saatlıq söhbət etmək imkanım olub, aldığım təəssürat isə, belədir – Azərbaycanı onun qədər sevən ikinci bir insan tapmaq çox çətindir. Yəqin ki, səmimiyyətimə inanarsınız. Bu şərəfli zabitin vaxtilə başqa həmkarları kimi qaz vurub, qazan doldurmaq imkanları var idi, lakin onun nə əsgər payında gözü oldu, nə də mal-qara və donuz ferması saxladı… Tək “günahı” isə Azərbaycan zabiti adına xələl gətirməmək, Vətənə şərəflə xidmət etmək oldu. Əvəzində isə ona Azərbaycanda yaşamaq yasaq edildi…
Rejim iş başında olduqca, həbslər davam edəcək, fərqli düşünən insanlar təqib ediləcək. Çox güman ki, bu daha intensiv xarakter alacaq. Bəs bütün bunlar nə zaman bitəcək? Maraqlı sualdır, deyilmi…
…Yəhudi əsilli alman-amerikan tarixçi politoloqu, Hanna Arendtin fikirləri ilə tanış olduqca, heyrətlənməyə bilmirsən, sanki bu qadın diktatorları dünyaya gətirir və qorxu filmlərində olduğu kimi, “istəmədən” onların qatilinə çevrilir. Hanna xanıma görə, istənilən diktatura insanların lazım olmadığı bir sistemin qurulmasını başa çatdırmağa müvəffəq olduğu andan etibarən məğlubiyyətə məhkumdur. Yəni diktatura, onu tarixə qovuşduracaq tragikomik siyasi şəraiti özü hazırlayır, çabalayır və məğlub olur…
Biz tarixi bir mərhələnin astanasındayıq…