Əli İnsanovun bəyanatı hakimiyyəti narahat edib

Sabiq səhiyyə naziri, 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən Əli Insanovun Milli Şuraya dəstək verməsi hakimiyyətdə narahatlığa səbəb olub. Məlumat üçün deyək ki, sabiq nazirin həbsxanadan vəkili vasitəsi ilə göndərdiyi müraciətində deyib:
“Hesab edirəm ki, Milli Şuranın yaradılması demokratiya uğrunda görüləcək işlərin başlanğıcı və çox mühüm bir mərhələsidir. Prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birgə uğurlar arzulayıram”.
Əli Insanov Qərbi Azərbaycandan olan soydaşlarımız arasında böyük nüfuza malikdir. Hətta hakimiyyətdə bu regiondan olan məmurlar sabiq nazirə indinin özündə də simpatiya bəsləyir. Iqtidarda düşünürlər ki, Əli Insanovun Milli Şuraya dəstək verməsi böyük bir kontingentin demokratik qüvvələrin yanında olması deməkdir. Ona görə də narahat olmağa başlayıblar. Qərbi Azərbaycandan olan deputat Fəzail Ağamalının Əli Insanovun bəyanatına münasibət bildirməsi bu narahatlığın göstəricisidir. Deputat moderator.az-a açıqlamasında iddia edib ki, qərbi azərbaycanlılar seçkilərdə Ilham Əliyevi dəstəkləyəcəklər. “Mən güman etmirəm ki, bizim soydaşlarımız Əli Insanovun çağırışına qoşulacaq”,- deyə o, əlavə edib.