Dilim-dilim olan dilim

On doqquz rayonun orta məktəblərində keçirilən buraxılış imtahanlarında 35 883 məzundan 9920-si “Ana dili” fənnindən “2″ qiymət alıb.
”Riyaziyyat”dan “2″ alanların sayı 8834 nəfərdir. Yəni ”Ana dili”ndən iki qiymət alanların sayı “Riyaziyyat”dan iki qiymət alanlarım sayından 86 nəfər çoxdur. “5” qiymət alanlarda da üstünlük riyaziyyatçılardadır. 3 354 nəfər “Ana dili”ndən, 4 223 nəfərsə riyaziyyatdan “5″ qiymət alıb. ”Riyaziyyat”dan beş alanlar “Ana dili”ndən beş alanlardan 869 nəfər çoxdur. Və bu, ölkənin təhsil sistemi üçün biabırçı göstəricidir. Bu o deməkdir ki, orta məktəblərdə Azərbaycan dilinin tədrisi aşağı səviyyədədir. Riyaziyyatdan da aşağı səviyədə.
Sonucların müqayisəsi gənclərin get-gedə ana südü ilə canımıza hopan dilimizdən, dilimizin zənginliyindən qaynaqlanan millilikdən, mənəvi bütövlükdən, mərhəmət və ləyaqət hisslərindən uzaqlaşıb bir növ “robot”a, rəqəmlərin əsirinə çevrildiyini ortaya qoyur. Avropalaşmaq, dünya ilə ayaqlaşmaq öz dilində savadsız yazmaq, savadsız danışmaq deyil. Baş nazir də olmaq olar, mədəniyyət naziri də, amma dili bilməmək hər zaman insanı gülünc günə salır. Həyatda üstünlük, inkişaf, yenilik riyaziyyatda, insanlıq, gözəllik, vətənpərvərlik ədəbiyyatda, Ana dilindədir.
Riyaziyyatda hansısa uğurlar qazanmaq mümkündür, amma bunu ana dilini bilmədən etmək savadsızlıqdır. Orta məktəblərin imtahan göstəricilərində 9920 deyil, 92 nəfərin belə iki alması böyük qəbahətdir. Yəni orta məktəb uşaqlara Ana dilini öyrətmirsə, bəs nəyi öyrədir, ingilis dilinimi? Yəqin belədir. Yəqin “Ingilis dili”ndən “2″ qiymət alanların sayı ”Ana dili”ndən “2″ alanlardan daha azdır. Məktəbli riyaziyyatdan, fizikadan, kimyadan, coğrafiyadan, xarici dildən ”2″ ala bilər. “Ana dili”ndən iki alırsa, deməli, məktəb məktəb deyil, müəllim də müəllim. Məktəb şagirdinə ata-anasının doğma dilini mükəmməl, incəliklərinə qədər öyrədə, onu sevdirə bilmirsə, deməli, layiqli vətəndaş, soy-kökünə bağlı insan da yetişdirə bilməz.
Yeni təhsil naziri Mikayıl Cabbarovun orta məktəbi bitirən məzunların hər birinə attestat vermək qərarını heç cür anlamaq olmaz. Nazirlik orta məktəblərdə rüşvətin, attestat alverinin qarşısını ala bilmirsə, bunun üçün savadlı-savadsız hər kəsə təhsil haqqında sənəd paylamamalıdır. Yeni nazirin “islahat”ları məktəb kollektivi arasında arxayınçılıq yaradacaq, “Ana dili”nin tədrisində laqeydliyə, bu fənnin daha da gözdən düşməsinə aparacaq.

A.Türkoğlu