Gürcüstandakı bütün uşaq evlərinin qaz və elektrik enerjisi xərclərini öz üzərinə götürür
Dövlət Neft Şirkəti ilə Gürcüstanın Əmək, səhiyyə və sosial müdafiə Nazirliyi arasında iyunun 18-də Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko imzalayıb. Memorandum çərçivəsində SOCAR 2013-cü ilin sonuna kimi Gürcüstandakı bütün uşaq evlərinin qaz və elektrik enerjisi xərclərini öz üzərinə götürür. Ölkədə 44 uşaq evi var və onların qaz və elektrik enerjisi ilə illik təminatı təxminən 190 000 lari (115 000 ABŞ dolları) məbləğindədir.
Qeyd edək ki, SOCAR bundan əvvəl də Gürcüstana yardım etmişdi. Ötən il qonşu ölkəyə 18 uşaq evinin qaz və elektrik enerjisi xərcləri ödənilmişdi. Bu layihəyə 89,233.66 lari (55 000 ABŞ dolları) sərf olunmuşdu.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir ki, böyük şirkətlər, bp və onun kimi nüfuzlu şirkətlər bir ölkədə işlər görürsə, müəyyən sosial layihələr həyata keçirməli olur: “Əhalinin təlabatını öyrənərək sosial layihələr görür. Yəni gördüyü riskli işə görə bir yardım edir. Neft şirkətinin isə Gürcüstanda həyata keçirdiyi layihələr riskli layihələr deyil. Əksinə, Gürcüstana xeyir verir, iş yerləri açır. Halbuki, Neft Şirkəti Azərbaycanda sosial layihələr həyata keçirməlidir. Biz bu gün də Sulutupədə, Binəqədidə, Bibiheybətdə Dövlət Neft Şirkətinin əhaliyə ziyan vurduğu xəbərlərini eşidirik. Insanların malına, mülkiyyətinə ziyan dəyir, ancaq onlara yardım edilmir. Neft şirkəti üzərinə korporativ məsuliyyət götürməlidir. Əhali müxtəlif sosial layihələr həyata keçirməlidir. Bunlar öz ölkəmizdə keçirilməlidir. Bir daha təkrar edirəm, Dövlət Neft Şirkətinin Gürcüstanda həyata keçirdiyi layihələrin heç bir riski yoxdur”.
Ramin


