«Mehriban Əliyevanın YAP-da yüksək posta gətirilməsi Naxçıvan və Qərbi Azərbaycan klanının narazılığına səbəb olub»
Asəf Quliyev: «İqtidar yerlərdə nüfuzunun qalmadığını gördüyündən, demokratik seçkidə uduzacağını bildiyindən aqressivləşib»
Naxçıvan ziyalılarının bir müddət əvvəl Milli Şuraya verdiyi dəstəkdən dərhal sonra hakimiyyətyönlü qəzetlərdə Naxçıvanla bağlı müxtəlif yazılar yer alır. Həmin yazılarda naxçıvanlıların hazırkı hakimiyyətdən razı olduğu, hazırkı hakimiyyətə alternativ görməkdikləri vurğulanır. Müsahibimiz AXCP sədrinin müavini Asəf Quliyevlə söhbətimizə hazırda Naxçıvanda hakimiyyətə qarşı münasibətin necə olduğu ilə bağlı suala cavab almaqla başladıq.
– Naxçıvan məsələsi Azərbaycan üçün ciddi problemə çevrilib. Uzun müddətdir ki, Azərbaycanda hüquqları kobud şəkildə pozulan insanlar məhz naxçıvanlılar olub. Mülkiyyəti əlindən alınan, evləri başlarına uçurulan insanlar məhz Naxçıvanda olub. Bu hadisələr tək Naxçıvanda deyil, Azərbaycanın bütün rayonlarında baş verir. Digər rayonlarda bizdən soruşurlar ki, Naxçıvanda durum həqiqətənmi belədir? Şəhərdə çayxanalar yoxdur, insanların toplaşmasına qadağalar qoyulub? Axşam saat doqquzdan sonra insanların kimliyi yoxlanılır. Ikinci bir tərəfdən, hakimiyyət Heydər Əliyev iqtidarı zorla ələ keçirəndən sonra Naxçıvanı bir sınaq poliqonuna çevirib. Naxçıvanda sınaqdan çıxarılan addımlar daha sonra Azərbaycanda reallaşdırılır. Bu cür problemlərin qarşılığında naxçıvanlıların hakimiyyətə münasibətinin normal olduğunu demək yanlışdır. Naxçıvanlıların Heydər və Ilham Əliyev hakimiyyətlərinə münasibəti bəllidir. 1994-ci ildən sonra Naxçıvandan böyük köç başlayıb. Naxçıvandan əhalini Bakıya, Rusiyaya, Türkiyəyə məcburi şəkildə köçürüblər. Zorla evlərindən didərgin salınanların hakimiyyətə münasibəti necə ola bilər. Sadəcə olaraq Naxçıvanda bir il əvvəl ziyalılar bir araya gələndə hakimiyyət böyük narahatlıq keçirdi. Hakimiyyət belə fikir formalaşdırmağa çalışır ki, guya naxçıvanlılar bu hakimiyyəti müdafiə edir. Tamamilə yanlış bir fikirdi. Əgər doğrudan da ictimai fikri öyrənmək istəyirlərsə, o zaman Naxçıvanda normal şərait yaratsınlar, siyasi partiyaların, QHT-lərin fəaliyyətinə imkan versinlər. O zaman bilərlər ki, naxçıvanlılar kimin tərəfində durur. Hakimiyyət Naxçıvanda istənilən fəallığın qarşısını almağa çalışır. Amma bütün bunlara baxmayaraq Naxçıvan ziyalıları olaraq biz yığışaraq öz sözümüzü deyəcəyik.
– Hakimiyyət nazirləri müxtəlif rayonlara əhalinin problemlərini həll etmək məqsədilə ezam etsə də, yeganə Naxçıvana heç bir nazir getməyib. Bu iki səbəblə izah olunur. Birinci fərziyyə kimi vurğulanır ki, buna şəxsən Vasif Talıbov manne olur. Ikinci fikir isə bundan ibarətdir ki, hakimiyyətin mərkəzdən siyasəti budur ki, Naxçıvana heç bir nazir ezam olunmasın…
– Bu addımın siyasi səbəbi var. Nazirlərin Naxçıvana buraxılmaması təsadüfi deyil. Azərbaycanda hazırda hakimiyyət daxilində ciddi parçalanma var. Hazırda Paşayevlərlə Naxçıvan və Qərbi Azərbaycandan olan oliqarxların münasibəti gərgindir. Mehriban Əliyevanın YAP-da yüksək posta gətirilməsi hakimiyyətdə Naxçıvan və Qərbi Azərbaycan klanının böyük narazılığına səbəb olub. Hamıya bəllidir ki, əgər Paşayevlər hakimiyyətə gəlirsə, onlar üçün daxili qruplaşmalarla savaş çətin olacaq. Bütün bunlarla yanaşı Ilham Əliyevə beynəlxalq aləmdə təpkilər artır. Onun 3-cü dəfə namizəd olması ciddi narazılığa səbəb olub. Ilham Əliyevin namizədliyinin hazırkı dönəmdə irəli sürülməsi naxçıvanlı, Qərbi azərbaycanlı qruplaşmasını sakitləşdirmək üçündür. Ona görə mümkün variantlardan biri də budur ki, YAP prezidentliyə Mehriban Əliyevanın namizədliyini irəli sürə bilər. Bu isə hakimiyyətdə olan naxçıvanlıları möhkəm qıcıqlandırır. Hakimiyyətdə olan qruplaşma Paşayevlərə qarşı həddindən artıq aqressivdir. Son vaxtlar Ilham Əliyevin Naxçıvana səfər edərkən Mehriban Əliyevanın onu müşayiət etməməsinin bir səbəbi də məhz budur. Ona görə Naxçıvanda yerli hakimiyyətlə Paşayevlər arasında dərin çaxnaşmanı məhz bu məqam açıq göstərir. Naxçıvan rəhbərliyi narahatdır ki, nazirlərdən kimsə problemləri həll etmək adı ilə bura gələrsə, onlar insanları öz tərəflərinə çəkə bilərlər. Hakimiyyətdaxili savaş və qısqanclıq Vasif Talıbova nazirləri Naxçıvana buraxmağa imkan vermir. Seçki yaxınlaşdıqca hakimiyyətdaxili savaş daha da dərinləşəcək və istisna deyil ki, proseslər açıq qarşıdurma səviyyəsinə qalxacaq.
“Hakimiyyət çox zəifdir”
– Hazırda hakimiyyət Milli Şuranı hədəfə götürüb. Amma hakimiyyətin vaxtilə ən yaxın silahdaşı olmuş şəxslər Milli Şuraya dəstək verirlər. Məsələn, Sirus Təbrizli Rüstəm Ibrahimbəyova olan təzyiqləri pisləyərək bu məsələyə münasibbət bildirmişdisə, hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli Insanov birbaşa Milli Şuranı dəstəkləyib. Sizcə, bu cür tendensiya artan xətlə davam edə bilərmi?
– Milli Şura ilk gündən cəmiyyətin sifarişinə uyğun addımlar atıb. Müxalifətin geniş koalisiyasını əks etdirən Milli Şura seçkidə vahid namizədlə iştirak etmək niyyətindədir. AXCP olaraq biz də xalqın istəyinə uyğun olaraq Milli Şurada təmsil olunmuşuq. Hazırda cəmiyyətdən Milli Şura ilə bağlı gələn dəstək hakimiyyəti narahat edir. Son iyirmi ildə müxalifətin bu cür geniş təşkilatda bir araya gəlməsi baş tutmamışdı. Eyni zamanda müxalifətin birliyi üçün real situasiya yaranmamışdı. Hazırda bütün faktorlarla yanaşı hakimiyyət çox zəifdir. Digər tərəfdən, hakimiyyətə əvvəlki tək beynəlxalq dəstək də yoxdur. Bütün bu təsirlər hakimiyyəti də daxildən dağıdır. Müxalifətin bütün siyasi ambisiyaları kənara qoyaraq bir araya gəlməsi, vahid namizəd məsələsində razılaşması qələbə şansını artıran faktorlardır. Demokratik qüvvələrin artıq Rüstəm Ibrahimbəyovun namizədliyi ətrafında razılığa gəlməsi də müsbət tendensiyadır. Bütün bu addımlar cəmiyyətdə müsbət qarşılanır. Hazırkı durumda hakimiyyətdən incik düşmüş, kənarda qalan insanlar da öz qisasını almağa çalışırlar. Bu gün yalnız hakimiyyətdən getmişlər deyil, hazırda iqtidarda olanlar da rejim dəyişikliyində maraqlıdır. Çünki onlar da hakimiyyətin idarəçiliyindən beziblər. Bəziləri açıq formada sözlərini desələr də, bəzi insanlar var ki, vəzifədə olduqlarına görə mövqelərini tam açıqlamırlar. Sizə son olayların fonunda baş verən bir hadisəni misal gətirim. Abbas Abbasova qarşı kampaniya başladıqdan sonra onun Naxçıvanda olan qohum-əqrabaları işdən uzaqlaşdırıldı. Bu, hakimiyyət daxilində dağılma prosesinin bir göstəricisidir. Bütün bu hadisələrin fonunda Milli Şuraya cəmiyyətin artan xətlə dəstək verməsi ciddi məqamdır. Biz bu dəstəyi gələcək zamanda daha qabarıq formada görəcəyik.
“İqtidar Azərbaycanda baş verənlərdən narahatdır”
– Uzun müddət idi ki, müxalifət Qərbi haqlı olaraq ölkədə demokratik dəyərlərin pozulmasına adekvat reaksiya vermədiyinə görə tənqid edirdi. Amma hazırda biz fərqli mənzərənin şahidiyik. Qərb institutları hakimiyyəti sərt tənqidə başlayıblar. Avropa Parlamentinin bir neçə gün əvvəl açıqladığı qətnaməni buna misal çəkmək olar. Barrozoya Ilham Əliyevlə görüşdə Azərbaycanda demokratiyanın problemlərini müzakirə etmək üçün xüsusi bir müraciətin edilməsi də maraq doğurur…
– Dünyada siyasi proseslər artıq qarşısıalınmaz səviyyəyə keçib. Dünyada diktatura rejimlərinin sonu yaxınlaşır. Ərəb dünyasında baş verənlər də bunu sübut edir. Ona görə indiyə qədər keçmiş sovet respublikalarında real şəraitə yox, rəhbərlərə üstünlük verirdilərsə, artıq situasiya dəyişib. Əvvəlki siyasətdə Azərbaycan kimi nefti olan ölkələrdə maraqların qorunması üçün avtoritar rejimlərə göz yumulurdusa, siyasət tam fərqli olacaq. Artıq “kürü diplomatiyası”, rüşvətxorluq sıradan çıxır. Azərbaycan kimi avtoritar rejimləri olan ölkələrə münasibət dəyişib. Avropa Parlamentinin Barrozoya Ilham Əliyevlə görüşündə demokratiya ilə bağlı məsələləri kəskin formada qabartmasını tövsiyə etməsi maraqlı məqamdır. Bundan başqa, hakimiyyətin keçmiş müttəfiqi Rusiyanın hakimiyyətə yönəltdiyi mesajlar göstərir ki, iqtidarın əvvəlki kimi dəstəyi olmayacaq.
– Asəf bəy, AXCP funksionerlərinin regionlara səfərləri zamanı müşahidə olunan repressiv addımlar nəyin görsənişidir? Bu, hakimiyyətin narahatlığından irəli gəlir, yoxsa iqtidar bu sərt addımları ilə beynəlxalq aləmə mesaj vermək istəyir?
– Burada bir neçə məqsəd var. Ilk növbədə hakimiyyətin məqsədi müxalifətin təşkilatlanmasının qarşısını almaqdır. Halbuki partiyaların fəaliyyətinə qarşı yönələn bu addımlar qanun pozuntusudur. Çünki siyasi partiyalar fəaliyyətləri ilə bağlı hər hansı tədbir keçirən zaman icra orqanlarına müraciət etməyə də bilər. Amma hakimiyyət hüquq-mühafizə orqanlarının gücündən istifadə edərək müxalifət partiyalarının fəaliyyətinə əngəl yaradır. Burada diqqət çəkən daha bir məqam müxalifətlə polisi qarşıdurmaya çəkməkdir. Azərbaycan polisi qanuna xidmət etməli, cinayətkarlara qarşı mübarizə aparmalıdır. Polisi zorla siyasi proseslərə müdaxiləyə məcbur edirlər. Demokratik qüvvələr olaraq biz polislə qarşıdurmaya getməməyi və situasiyanı onlara anlatmağa çalışırıq. Hakimiyyət artıq indidən böyük qorxuya düşüb. Iqtidar yerlərdə nüfuzunun qalmadığını gördüyündən, demokratik seçkidə uduzacağını bildiyindən aqressivləşib.
– Hazırda hakimiyyət ünvanına səsləndirdiyi sərt fikirlərə görə Isa Sadıqovu təzyiqlərə məruz qoyub. Isa Sadıqov vətənə qayıdacağını bəyan edəndən sonra onun barəsində 10 il əvvəl baş verən hadisəyə görə cinayət işi qaldırılıb. Bu addımları necə dəyərləndirmək olar?
– İsa Sadıqov millətin qeyrətini çəkən, Azərbaycana xidmət edən böyük nüfuza sahib insandır. Isa Sadıqovun Azərbaycana gəlməsi, əlbəttə, müsbət bir hadisə olardı. Hakimiyyət bunu bildiyində onun qayıdışına maneə yaradır. Cinayət işinin açılması təsadüfi deyil. Çünki hakimiyyət bu addımı ilə digər nüfuzlu şəxslərin də Azərbaycana qayıdışının qarşısını almağa çalışır. Isa bəyin öz dəyərli biliklərini millət üçün tətbiq edəcəyinə əminəm. O, bu hakimiyyətin dövründə olmasa belə, gələcək demokratik hakimiyyətin vaxtında mütləq vətənə dönəcək.
Xəyal