Gənc fəal DİN-ə cavab verdi

AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal Elnarə İsgəndərli Daxili İşlər Nazirliyinin (DİN) onun barəsində yaydığı məlumatla bağlı açıqlama verib. 

Açıqlamada deyilir:  “Daxili İşlər Nazirliyinin məktubuma yazdığı cavab məktubunu oxudum. Məktubda müxalif gənclər, eyni zamanda mənim haqqımda yazdığı fikirlər illərdir iqtidarin etdiyi pafoslu çıxışlardan başqa bir şey deyil.

DİN-nin əməkdaşı Orxan Mansurzadənin imzası ilə yazılan məktubda qeyd edilir ki, guya mən əsassız sübutlarla Daxili İşlər nazirini ittiham edirəm və buna görə məsuliyyət daşıyacağımı əvvəlcədən bilməliydim. Nəyin məsuliyyətini daşıyacam mən Orxan Mansurzadə?! Qadınlara qarsı zorakı hərəkətlərə, günahsız gənclərin həbs olunmasına son qoyun deməyimin?!  

Yazılan cavabda Azərbaycan polisi ilə Türkiyə polisi arasında  müqayisə aparmaqları ümumiyyətlə gülüncdür. Əgər Taksimdəki insan axını Bakının mərkəzində olsaydı, Ramil Usubov meydana ağır arteleriya çıxartmaqdan belə çəkinməzdi. Nəzərə alsaq ki Tükiyədəki son hadisələrdə 6 polis intihar etdi, amma illərdir aksiyalarda müxalif gənclərə dubinkalarla işgəncə edən Azərbaycan polislərindən bir nəfərinin belə vicdanı sızlamadı.

Biz 10 mart aksiyasina əliboş çıxmışdıq. Müqayisə etdiyiniz qardaş Türkiyədən fərqli olaraq ”Molotov Kokteylsiz” çıxmışdıq. Amma aldığımız təpki nə oldu? Yaxşı fikirləşin DİN əməkdaşları, bizmi qanunu pozuruq, yoxsa sizmi?

Əgər Azərbaycan qanunlarında əli silahsız insanlara, qadınlara, qocalara fiziki güc tətbiq etmək varsa, mən elə konstitusiyanı tanımıram!”. (gozetci.az)