“Əliyevlə görüşdə Barrozo vurğulamalıdır ki, istənilən əməkdaşlıq çərçivəsi güclü insan haqları tərkibinə malik olmalıdır”
“Human Rights Watch” təşkilatı Avropa Birliyini insan haqlarının pozulduğu bir ölkə ilə – Azərbaycanla əməkdaşlığı genişləndirdiyinə görə tənqid edib. Avropa.info “Human Rights Watch”-un rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Asiya üzrə analitiki Giorgi Qogia tərəfindən hazırlanmış materialda Azərbaycandan Avropaya qaz nəqlinə dair razılaşmanın fonunda ölkədə davam edən siyasi həbslər gözdən keçirilir və buna görə Avropa Birliyi qınanır.
Giorgi Qogia yazır:
“Azərbaycan prezidenti İlham Əliyev bu həftə Brüsselə səfər edəcək və orada Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparacaq. Bu dəhliz vasitəsilə Xəzər qazı Avropaya nəql oluna bilər. Neftlə zəngin bu ölkə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır, amma bu, heç bir halda Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya lazım olanları açıq deməyə mane olmamalıdır: İnsan haqları standartlarının təmin olunması Avropa Birliyi ilə istənilən əməkdaşlığın tərkib hissəsi olmalıdır. Halbuki Avropa Birliyi və Azərbaycan arasında enerji əməkdaşlığı genişləndikcə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşməkdə davam edir.
Ölkədə insan haqlarının vəziyyəti sürətlə tənəzzül edir. “Human Rights Watch” təşkilatının apardığı araşdırmaya görə, 2012-ci ilin martından bu yana Azərbaycan hakimiyyəti 22 siyasi fəalı, jurnalisti, sosial media yazarını, hüquq müdafiəçisini və hökuməti tənqid edən başqa şəxsləri ya həbs edib, ya da ittihamlara məruz qoyub. Təkcə bu il ərzində 16 belə cinayət işi açılıb. Bir çox hallarda hakimiyyət orqanları açıq-aşkar uydurma narkotik və ya silah saxlamaq ittihamları irəli sürüb. Digər hallarda iğtişaşa çağırış kimi uydurma ittihamlardan istifadə olunub, məsələn, müxalifət liderlərindən olan Ilqar Məmmədivun işində olduğu kimi. Ötən həftə Avropa Parlamenti bu məsələ barədə ayrıca olaraq açıqlama yayıb. 22 nəfərdən 20-si artıq dəmir barmaqlıqlar arxasındadır.
Bu yaxınlarda onlayn mənbələrdə yer alan təhqir və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişikliyi qüvvəyə minib. Digər dəyişiklik isə inzibati hüquqpozmaya görə həbs müddətini kəskin şəkildə artırıb. 2006-cı ildən bu yana hakimiyyət Bakının mərkəzində bircə etiraz aksiyasına da icazə verməyib. Belə aksiyalar adətən, zorakılıqla dağıdılır və onlarla iştirakçı inzibati məsuliyyətə cəlb olunurlar.
Belə bir vəziyyətdə Azərbaycan hakimiyyətinin Avropa Birliyi ilə “bərabər tətəfdaşlıq” münasibətlərinə can atması təəccüblü deyil. Amma bu, Avropa Birliyi üçün tamamilə yolverilməz olmalıdır. Əliyevlə görüş zamanı Barrozo vurğulamalıdır ki, istənilən əməkdaşlıq çərçivəsi güclü insan haqları tərkibinə malik olmalıdır. Bu, bütün tərəfdaşlarına qarşı Avropa Birliyinin öhdəliyidir. Azərbaycan da istisna deyil”.