Çağırışların Əliyev-Barrozo görüşünə təsiri olacaqmı?

İlham Əliyevin Brüsselə səfəri ərəfəsində “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya müraciət ünvanlayaraq ondan Əliyevlə sərt danışmağı tələb edib. Eyni zamanda oxşar tələblə Azərbaycanın vətəndaş cəmiyyəti adından da Avropa Komissiyasının prezidenti Barrozoya, eləcə də Avropa Ittifaqı Şurasının prezidenti Herman van Rompuya müraciət ünvanlanıb.
Bütün bunların Barrozonun Əliyevlə görüşü zamanı nəzərə alınacağı və Azərbaycan dövlət başçısının sərt təpkilərlə üzləşəcəyi gözlənilir. Hakimiyyət də bunun fərqindədir. YAP sədrinin müavini Əli Əhmədovun son açıqlaması da iqtidarın bundan narahatlıq keçirdiyini göstərir. Beynəlxalq təşkilatların son hesabatlarına münasibət bildirən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan lideri ilə sərt tonla danışmaq mümkün deyil.
Bəs Əliyev Brüsseldə nələrlə üzləşə bilər?

«Azərbaycanın bu prosesdən yayınmaq imkanı yoxdur»

Avropa Parlamentinin son qətnaməsini xatırladan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Əliyevin səfəri zamanı ilk növbədə demokratiya və insan haqları məsələsinin müzakirə olunacağını deyir. Çünki qətnamədə də Avropa Birliyi ilə ticarət və siyasi əlaqələrin demokratiya məsələsindən asılı olduğu vurğulanır. Bunlar Ilham Əliyevə bir daha xatırladılacaq.
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyət təmsilçiləri Azərbaycan hökumətinə heç bir təzyiqin mümkün olmadığı rəyini formalaşdırmağa çalışır. Ancaq artıq demokratiya, insan haqları, seçki məsələsi Avropa Parlamentinin qətnaməsi səviyyəsində daxil edilib. Barrozonun bu məsələni müzakirə etməməsi və qətnamədə göstərilən məsələlərdən geri çəkilməsi mümkün deyil. Azərbaycanın də bu prosesdən yayınmaq imkanı yoxdur. Əgər hakimiyyət bundan yayınmağa cəhd etsə, tələbləri nəzərə almasa, yenidən əvvəlki kursu davam etdirsə, bu artıq Avropa Birliyi, ora daxil olan ölkələrlə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə gətirib çıxaracaq. Eyni zamanda bu, prezident seçkilərinin nəticələrinə münasibətdə də özünü göstərəcək. Çünki münasibətlər elə bir həddə çatıb ki, prosesin bu şəkildə davam etməsi seçkilərə münasibətdə özünü ifadə etməlidir: “Ya Azərbaycan hakimiyyəti geri çəkilməli, müəyyən addımlar atmalıdır, ya ətrafındakı beynəlxalq təzyiq halqasını getdikcə daraldacaq”.

«Barrozonun görüş zamanı açıq şərtlər irəli sürəcəyi gözləniləndir»

Hüquq müdafiəçisi Rəsul Cəfərov Brüsseldəki görüş zamanı Barrozonun ilk növbədə insan haqları məsələsini qaldıracağını deyir. Avropa Birliyi insan haqları məsələsini əsas tutan təşkilatlardan biridir. Barrozonun görüş zamanı açıq şərtlər irəli sürəcəyi də gözləniləndir. Çünki demokratik seçki mühitinin yaradılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, siyasi məhbusların azad olunması məsələləri Avropada narahatlıq doğurur. Bütün bunlar bir daha Əliyevin diqqətinə çatdırılacaq: “Görünür, Azərbaycan hakimiyyəti bunu təzyiq dili kimi başa düşür. Bu da artıq onların mahiyyətini göstərir”.

Fizzə