Emin Uçar «xan»ın şirkətlərinə PKK ilə əlaqələri olan kürdləri cəlb edir
“Azadlıq”ın ötən saylarında Naxçıvan sakini Abdulla Abdullayevin “Gəmiqaya” şirkətində baş verən özbaşınalıqlarla bağlı dediklərini dərc etmişdik. Abdulla Abdullayev Turan-ın müxbiri ilə söhbətində bildirmişdi ki, holdinqə daxil olan şirkətlərin yerli işçiləri təhqir olunaraq şərəf və ləyaqətləri alçaldılır. Onun sözlərinə görə, 7 ildən artıqdır Gəmiqaya holdinqin müxtəlif şirkətlərində gözətçi və fəhlə kimi işləyib.
Sonuncu iş yeri bu holdinqin “Daş məhsulları fabrikinin” yeməkxanasında olub. Bir ay bundan öncə sonuncu iş yerindən qərəzli şəkildə qovulub.
Abdulla Abdullayev iddia edir ki, Gəmiqaya holdinqə daxil olan şirkətlərin rəhbər vəzifələri və yönətici kadrları əsasən Türkiyə vətəndaşlarından ibarət şəxslərə tapşırılıb.
Bu adamları isə bu vəzifələrdə yerləşdirən türkiyəli iş adamı Emin Uçardır: “Yerli vətəndaşlar ayda 300-400 manat maaş alırsa, Emin Uçarın Türkiyədən gətirdikləri işçilər 2-6 min manat maaş alırlar. Ədalətsizlik baş alıb gedir. Yerli işçilərlə bağlanmış əmək müqavilələri heç kimə verilmir. Işdən çıxarılan adamların heç birinə birdəfəlik müavinət verilmir, insanlara kölə kimi baxırlar”.
Məlumat üçün deyək ki, “Gəmiqaya” şirkəti Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbova məxsusdur. Emin Uçar isə Vasif Talıbovun biznes imperiyasının idarə edən şəxslərdən biridir. Bu şəxs haqqında vaxtaşırı mətbuatda şok məlumatlar dərc edilib. Məlumatlardan biri budur ki, Emin Uçar kürd kökənlidir. Onun PKK ilə əlaqəli olması barədə iddialar var. Emin Uçar “Gəmiqaya” şirkətilə ilə yanaşı Vasif Talıbovun Naxçıvandakı tkiinti biznesinə də rəhbərlik edir. Məlumatlara görə, Emin Uçar tikinti işlərinə əsasən PKK ilə əlaqələri olan kürdləri cəlb edib. Onlara yerli işçilərdən 2-3 dəfə artıq maaş verilir.


