Bir müddət əvvəl rəsmi statistika açıqlandı, orada təkcə ötən il ölkədə 482 nəfərin həyatına qıydığı bildirilirdi.
Bir də Azərbaycan reallığında rəsmi statistikanın etibarlılığını düşünün və real vəziyyəti özünüz təsəvvür edin.
2012-ci ilin rəsmi intihar statistikasında ən tükürpədici məqam özünü öldürənlər arasında 34 uşağın da olmasıdır. Dəhşətdir. Adam ifadə etməyə söz tapmır.
Əksər intihar xəbərlərinə baxsanız, orda səbəb haqqında heç nə deyilmədiyini görəcəksiniz. Əslində bunun niyəsi də aydındır. Səbəb – böyük ölçüdə yalançı inkişaf mənzərələridir, işsizlikdir, yoxsulluqdur, hüquqsuzluqdur, insanların çiyinlərinin ağır dərdlər altında əzilməsidir, ölkədəki ictimai-siyasi, mənəvi-ruhi bozluq və boşluqdur, adamların həyatlarını mənalandırmaqda çətinlik çəkmələridir, yaşamlarına rəng qata bilməmələri, sabahla bağlı isə heç bir yaxşı gözləntilərinin qalmamasıdır.
Uşaqların canlarına qıymasına isə yalnız intihar kimi baxmaq isə ümumiyyətlə, doğru deyil. Onlar sadəcə, intihar etmirlər, onlar həm də ittiham edirlər – onlara belə ölkədə böyüməyi, onlara ümidsiz, qaranlıq bir gələcəyi rəva gördüyümüzə görə!
Bir də məni hövsələdən çıxaran bir məqamı deyim. Mətbuatda intiharlarla bağlı, demək olar, bütün yazılarda ilahiyyatçı mövqeyi öyrənilir, onlar da intiharların günah olmasından uzun-uzadı danışırlar. Amma adamları həyata bezdirən, dünyaya küsdürən, onların əlini gələcəkdən üzən korrupsiya, məmur özbaşınalığı, ədalətsiz idarəetmə haqqında soruşsan, əmin olun, cavab verəcəklər ki, “üzrlü sayın, biz fani dünyanın fani işlərinə qarışmırıq”.
Ayıbdır, vallah!
Üstəlik, özləri demiş, günahdır.
Ölənin boynuna günah şələləmək asandır, bir dəfə də dirinin, dirilərin günahı haqqında danışın.
Bir dəfə də insanlara cəhənnəmi bu dünyada, dirigözlü yaşadanları “günahkar” çıxarsanız, xəncərinizin qaşımı düşəcək?!
Təzadın beləsi
Novella Cəfəroğlunun Əliyevçi rejimin ünvanına “Fredoom House”un sonuncu məlum, haqlı tənqidlərinə sinəsini sipər eləməsinə təəccüblənmədim. Əksinə, Novella xanımın bu davranışına təəccüblənənlərə təəccübləndim.
Sadəcə, xeyli vaxtdır “hüquq müdafiəçisi”ndən çox “hüquq hücumçusu” mövqeyində çıxış edən Cəfəroğlunun dünənki açıqlamalarındakı iki məqam diqqət çəkdi.
Bir açıqlamasında deyir ki, “mən heç bir jurnalistə ”Fredoom House” qələt edir” deməmişəm, mənim leksikonumda belə söz yoxdur”.
Bir başqa açıqlamasında isə xanım hüquq müdafiəçilərindən birini “it kimi qovmaqdan” bəhs edir, Ramiz Yunusu “gədə” adlandırır.
Hörmətli Novella xanımın bu çelişkini, təzadı necə izah edəcəyini maraqla gözləyirəm.
Leksikonunda “qələt” sözünün olmadığını iddia edən Cəfəroğlu, leksikonunda “it kimi qovmaq”, “gədə” sözlərin olmasını, bunu ən yüksək səslə el-aləmə car çəkməsini nəylə əsaslandırır, həqiqətən dörd gözlə bəkləməkdəyəm.
Bir qonaqlıq vədinə sözardı
Belə mövzular bugünkü Azərbaycan reallığında həmişə mənə absurd, komik gəlir deyə qələm bulamadan keçə bilmirəm.
Deputat Sabir Rüstəmxanlının açıqlamasını oxuyuram dünən. Deyir, “Artur Rəsizadə ilə Əbülfəz Qarayevə Azərbaycan dilində yaxşı danışmağı öyrənəcəkləri halda qonaqlıq söz vermişəm”.
Əlbəttə, bizim Artur Rəsizadə ilə, Əbülfəz Qarayevlə bağlı tək dərdimiz onların Azərbaycan dilində yaxşı danışa bilməmələri olsaydı, mən Sabir bəyin həssaslığını, bunun üçün hətta xərcə düşmək arzusunu başa düşərdim.
Amma əsas dərd bu deyil axı. Misir Mərdanov Azərbaycan dilində pis danışmırdı ki? Amma təhsili hansı vəziyyətə saldığını gördük.
Azdırmı dilimizdə normal danışan nazirlər, komitə sədrləri, ancaq bu, haracan pislik içərisində olduqlarını görürük.
Ümumiyyətlə isə əgər bir sistem özü xalqın dilindən anlamırsa, onun arzularının, maraqlarının tərcümanı deyilsə, guya onun çinovniklərinin hansısa dildə bülbül kimi ötməsinin nə mənası var?
Belədə ki, Artur Rəsizadəyə Azərbaycan dilini yaxşı öyrənsin deyə qonaqlıq vermək lazım deyil.
Ona Milli Məclisdə saxta, yalan rəqəmlər üzərindən inkişaf hesabatları verəndə bir-iki tutarlı sual vermək lazımdır.