Fərqli fikir adı ilə yalan danışanlar

Illər öncə “danışa-danışa susanlar” meyarını irəli sürdük və göstərdik ki, bir xeyli adam nə üçün əsas problemləri qoyub, 100-cü problemlərdən ürək dolusu ilə danışırlar. Halbuki haqqında söz açdıqları həmin problemlərin də çarəsi üstündən keçdikləri və toxunmadıqları əsas dərdlərin həllindən asılıdır. Bu barədə isə susurlar…

Bu, həqiqəti arxa plana keçirməyin və nəticə etibarilə onu pərdələməyin bir növüdür, ona görə də yalanın bir növüdür. Məqsəd isə yalançı hakimiyyətə xidmət etmək, ya da onun qəzəbinə gəlməməkdir.

Hamı hər şeyi asanlıqla görürdü və odur ki, qəlbində həqiqət olan hər kəs üçün “danışa-danışa susanlar” deyimi bu cür hiylə ilə ortalığı sulayanları ifşa etmək üçün işlək bir meyara çevrildi… Bu gün daha bir hiyləni görməli və onu bizə qarşı silaha çevirənləri aydın tanımalıyıq. Illərdir çox qoçaqlar fərqli fikir adı altında yalan danışır, yalan yazır və xalqa qənim kəsilən hakimiyyəti müdafiə edirlər.

Demokratiya fərqli fikirlərin mümkünlüyü ilə var olur – bunu qəbul edirik. Amma yalanı fərqli fikir adı yaşatmaq haqqı heç kimə verilməyib və bunun demokratiyaya heç bir dəxli yoxdur. Yalanı fərqli fikir, demokratiya, plüralizm kimi sırıyıb yaşatmağın, ümumiyyətlə, adı yoxdur.ÿ

Belələri fərqli fikir adı altında hakimiyyətin marağına xidmət edirlər – əslində ağ (və ya qırmızı) yalan danışırlar və yaxud yazırlar. Hakimiyyətin sevmədiyi adamları və qurumları da bu üsulla pisləyir və ləkələyirlər.   

Sonra nə deyirlər? Səni günahkar çıxarır və hayqırırlar: Demokratiyadır, söz azadlığıdır! Müdafiə olunurlar – “Bu da bizim fikrimizdir!” deyə.

Söhbət mövqedən yox, yalandan gedir! Axı bu, yalandır, əsassız böhtandır! Axı bu, oğru hakimiyyətin maraqları üçün edilən sapdırmalardır…

Dürlü-dürlü üsulları var bu adamların…

Əgər Ilham Əliyev saxta seçki ilə prezident olubsa, onun gücündən və bacarığından danışmağa nə ehtiyac var? 

Əgər sistemli korrupsiya ilə ölkə talanırsa, hakimiyyətdə də milli qüvvələrin və yaxud ədalətli insanların olmasını söyləməyin məqsədi nədir? 

Məqsədi eyni olan fərqli üsullardır bunlar!

Ölkənin zülmətdə boğulduğunu deyirsən, təzə tikilmiş körpülərdən danışırlar…

Siyasi məhbusları sayırsan, kimlərinsə Irana işləməsini söyləyirlər.

Korrupsiyadan söz açırsan, xarici qrantlara keçirlər…

Insan haqlarını dilə gətirirsən, dövlətçiliklə qarşına çıxırlar…

Azərbaycandakı durumu izah edirsən, Ermənistana keçirlər, hətta Avropadakı qüsurlardan danışırlar…

Bəşəri dəyərləri deyirsən, milli maraqlarla səni susdururlar…

Qaradağdakı acıları danışırsan, Qarabağdakı acıları söyləməyi tələb edirlər…

Daxili siyasəti qiymətləndirirsən, xarici siyasətin uğurlarını sadalayırlar…

Biz deyirik ki, müstəqillik xalqın öz hakimiyyətini yaradıb-dəyişə bilməsidir, bunlar deyir, amandır, qoymayın, üstündə Nərimanov olan rus qatarı gəlir… 

Deyirsən Avropa dəyərləri var, deyirlər Avropa ermənipərəstdir; deyirsən xalq yeni hakimiyyət istəyir, deyirlər Avropaya inteqrasiyamızı istəmirsiniz…

Statistika və sənəd çıxarırsan ortaya, deyirlər, dörd tərəfimiz düşməndir…

Hətta açıq şəkildə yalanı uydurur, yazır və deyirlər… 

Sonda da bircə sözləri var: “Bu da bizim fikrimizdir!”.

Amma bu sadəcə sizin yalanınızdır!