Əli İnsanovdan Milli Şuraya dəstək

“Hökumətlə danışıq aparmıram. Heç bir sövdələşmə yoxdur, ola da bilməz”

“Milli Şuranın yaradılmasını alqışlayıram. Bunu demokratiya uğrunda mübarizədə görüləcək işlərin başlanğıcı və çox mühüm mərhələsi hesab edirəm. Bu prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birlikdə uğurlar arzu edirəm”. Əli Insanovun bu mesajını “Azadlıq” qəzetinə onun vəkili Toğrul Babayev çatdırıb.
Vəkilin sözlərinə görə, sabiq nazir hakimiyyətlə hansısa sövdələşmə nəticəsində azadlığa çıxacağı haqda söz-söhbətə də münasibət bildirib. Əli Insanov müdafiəçi vasitəsilə bu mesajı çatdırıb: “Azadlığa çıxacağım haqda ara-sıra mətbuatda çıxan şayiələrin heç bir əsası yoxdur. Mən hökumətlə danışıqlar aparmıram. Heç bir sövdələşmə yoxdur və ola da bilməz!”
Toğrul Babayev onu da qeyd edib ki, Avropa Məhkəməsinin Əli Insanovun barəsində çıxardığı qərar iyunun 14-də qüvvəyə minib. Prosedur qaydalara görə, qərar qüvvəyə minəndən sonra üç ay ərzində hökumət onu icra etməlidir. Qərarın icrasına isə Avropa Məhkəməsinin müəyyən etdiyi kompensasiyanın ödənilməsilə yanaşı, həm də pozuntu aşkarlanmış məhkəmə qərarlarına yenidən baxılması, bu cür halların təkrarlanmaması üçün ümumi xarakterli tədbirlərin görülməsi də daxildir.
“Prosedura görə, Ali Məhkəmənin Plenumu iyunun 14-dən sonra üç ay ərzində Əli Insanovla bağlı məhkəmə hökmünə yenidən baxıb, aşkarlanmış pozuntulara görə onu ləğv etməlidir. Hökm də ləğv olunursa, Əli Insanov avtomatik azadlığa buraxılmalıdır”, – deyə Toğrul Babayev bildirib.
Xatırladaq ki, Əli Insanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunub. Lakin sonradan ona qarşı iqtisadi cinayətlərlə bağlı ittihamlar irəli sürüldü və iş məhkəməyə bu ittihamlarla getdi. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Əli Insanova 11 il həbs cəzası verildi. Dövlət çevrilişinə cəhd ittihamının isə aqibəti qaranlıq qaldı.
Əli Insanov isə ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Keçmiş nazir məhkəmə prosesində hakimiyyətin, konkret olaraq, Ilham Əliyevin ünvanına sərt ittihamlar səsləndirib. Əli Insanov Ilham Əliyevin 2003-cü ildə baş nazir kürsüsünə saxtakarlıqla əyləşdiyini bildirmişdi. Onun sözlərinə görə, Heydər Əliyev həmin vaxt komada olub və bu baxımdan Ilham Əliyevin baş nazir təyin olunması barədə sərəncamı imzalaya bilməzdi.
Hakimiyyətin Əli Insanova dəfələrlə həbsxanada elçilər göndərdiyi və ona Ilham Əliyevə əfv ərizəsi yazmaq təklif olunduğu haqda məlumatlar yayılıb. Bildirilir ki, sabiq nazir bu təklifləri rədd edib.

Informasiya şöbəsi