İcra Hakimiyyəti rayonda müxalifət əleyhinə təbliğat aparır
AXCP rəhbərliyi hər həftə Azərbaycanın müxtəlif bölgələrinə səfərlər edir və yerli cəbhəçilərlə müşavirələr, toplantılar keçirirlər. Ancaq bu müşavirələr hər zaman polisin kobud müdaxiləsi ilə müşahidə olunur. Hətta Lənkəranda cəbhəçiləri daş, armatur, yumurta atəşinə tutmuşdular və maşınların yararsız hala salmışdılar.
Ancaq hakimiyyətin narahatlığı və qəzəbi müşavirə keçiriləndən sonra da özünü göstərir. Belə ki, iyunun 9-da Oğuz rayonunda AXCP rəhbərliyinin yerli cəbhəçilərlə toplantısı olmuşdu. Toplantıdan sonra AXCP Oğuz rayon təşkilatının sədri və ali məclisin üzvü polis idarəsinə çağırılımış və izahat alınmışdı. Tədbirdə iştirak edən 10-dan çox gəncə ayrı-ayrılıqda xəbərdarlıq edilmişdi.
Oğuz rayon sakininin verdiyi məlumata görə bu gün İcra Hakimiyyəti rayonun Şirvanlı kəndində səyyar müşavirə keçirib. Müşavirədə kənd camaatına tapşırılıb ki, müxalifətin tədbirlərində iştirak etməsinlər.
Digər rayon sakini isə, qəzetimizə müsahibəsində bildirdi ki, İcra Hakimiyyətinin keçirdiyi müşavirədə insanlara hədə- qorxu gəliblər. Müşavirədə İcra Hakimiyyətinin başçısına sual vermək istəyən Müsavatçı gənc Eldəniz Adıgözəlov polis rəisi Habil Əmirəaslanov tərfindən fiziki təzyiqə məruz qalıb və onu rayon polis idarəsinə aparıblar.
Sakinlərin dediyinə görə AXCP-nin Oğuzda müşavirə keçirməsindən sonra yerli fəallara qarşı təzyiqlər güclənib.


