Cərimə meydançasında 40-a yaxın maşın yandı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib. Hadisə BŞDYPİ-nin Nizami rayonunda yerləşən cərimə meydançasında qeydə alınıb.
 
Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerində xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.