Uşaqların anasıyla bir yastığa baş qoymaq

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib: “Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur. Prezident insan hüquqlarına diqqət yetirməsəydi, Bakıda belə tədbir keçirmək də mümkün olmazdı”.

Prezidentin insan hüquqlarına diqqət yetirməsinə heç bir söz ola bilməz. Bu haqda istənilən vətəndaşdan soruşsanız, bu fikri təsdiq eləyə bilər. Bu gün həbsdə yatan siyasi məhbuslar, gənc vicdan məhbusları, aksiyalarda vəhşicəsinə yerlə sürüdülən şəhid anaları, evləri başlarına uçurulan və ya mülkləri zorla əllərindən alınan, əvəzində qəpik-quruş ödənilən, müxtəlif yollarla şərlənərək həbsə atılan, ölkədən didərgin düşərək Rusiyanın soyuq çöllərinə axışan, Avropada siyasi sığınacaq almağa məcbur olan, orduda övladları tələf olan və heç cür günahkarın cəzalanmasına nail ola bilməyən minlərlə yaşlı, cavan insanımız Əli Həsənovun bu sözlərini öz təcrübələrinə dayanaraq təsdiq eləyə bilər. Ona görə də bu məsələni bir yana qoyuruq. Lakin “Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunmasaymış belə tədbir keçirmək də mümkün olmazdı” fikri bir az ya şübhəlidi, ya da sadəcə, tədbir iştirakçılarını güldürmək üçün deyilib ki, naharacan darıxmasınlar. Bu, eynən ona bənzəyir ki, Azərbaycanda korrupsiya ilə bağlı hansısa beynəlxalq tədbir keçirilir və ya sərbəst toplaşma azadlığı, ya da məhkəmələrin müstəqilliyi, qanunun aliliyi və s. Yaxud da daha gurultulu başqa bir konfrans: seçkilərin şəffaflığı, namizədlərin təbliğat və təşviqatı üçün yaradılan demokratik şərait.

Deməli, heç yanılıb-eləmirik. Həsənov bu sözləri məhz məclisin şuxluğunu artırmaq üçün deyib və əminəm ki, xaricdən tədbirə qatılan qonaqlar bu sözlərdən sonra əvvəlcə təəccüblənsələr də, sonra xeyli əyləniblər. 

Həsənov buna bənzər, bir neçə maraqlı fikir də səsləndirib ki, onları da bu qəbildən saymaq olar. Məsələn, cənab “qaçqınkom” sədri deyib ki, Azərbaycan son 10 ildə dünyanın ən inkişaf etmiş, tolerant ölkələrindən birinə çevrilib. Ölkə inkişaf etdikcə, Azərbaycan prezidentinə, dövlətinə beynəlxalq səviyyədə qısqanclıq da artır. Biz bunun əksini görməliydik, Azərbaycan prezidentinə beynəlxalq səviyyədə hörmət daha da artmalı idi” (Belə çıxır hörmət ən yaxşı halda yerində sayır).

“Ən inkişaf etmiş deyəndə” heç şübhəsiz ki, bu adamlar bütün qara siyahılarda ölkəmizin və onun rəhbərliyinin ən ön sıralarda yer tutmasını nəzərdə tuturlar. Ya da onların ildən-ilə necə varlandıqlarını, ölkənin pullarını xaricə çıxarmalarını. Yoxsa hansı inkişafdan söhbət gedir? Körpü yolun bir hissəsi olsa da, ən inkişaf etmiş ölkə sayılmaq üçün heç bir halda əsas sayıla bilməz. Deməli, qısqanclığı doğuran səbəb də bizim rəhbərlərin dünyanın nəhəng dövlət başçılarından daha varlı olması hesab oluna bilər. Kəsəsi, gözləri götürmür, özlərinin adi məmur maaşı ilə dolanmalarını həzm eləyə bilmirlər. Məsəlçün, necə olur, bizim başçı dünyaya qara kürü paylaya bilir, ama deyək ki, Merkel yox. Əlbəttə, bu halda Almaniya Azərbaycan və onun prezidentinin paxıllığını çəkəcək. 

Ombudsman Elmira Süleymanova da konfransın şən ruhunu qoruyub saxlaya bilib. Deyib ki, Azərbaycan əhalisi son yüz ildə 7,5 milyon nəfər artaraq 2 milyon nəfərdən 9,5 milyon nəfərə çatıb və bunu da Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinə, 1 milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, uğurlu iqtisadi inkişafa nail olmasıyla bağlayıb. Sən demə, əhalinin artımı da hakimiyyətin müstəsna xidmətiymiş. Yoxsa kim idi, halalıyla bir yastığa baş qoyan?..

Nə isə, beynəlxalq konfransı baş tutmuş saymaq olar.