Bölünən, bölünən, bölünən… Azərbaycan

Gülüstan bağlaşmasının 200 illiyi qarşısında Çağdaş dünyada bir ölkənin iki yerə bölünməsi faktı var. Buna örnək olaraq Quzey, Güney Koreyanı göstərmək olar. Çağdaş dünyada bir ölkənin az qala yüz yerə bölünməsi faktı da var. Yer üzündəki bu tək ölkə AZƏRBAYCANDIR! Gözünüz yaxşı görsün deyə, onu böyük şriftlərlə yazıram.
Qarşıdan Azərbaycanın iki yerə bölünməyinin 200 illiyi gəlir. Inanırsız? Inanmazsız. Niyə də inanasız: Xəlil Rza demiş: “Telegüzgü, radio, mətbuat çoxdan ölgün”. Onların diriliyi yalnız Əliyevləri öyməkdə özünü göstərə bilir. Bu dirilik isə… bütünlüklə ölkəni öldürmək üçündür! Bütün Azərbaycan bilginləri ölmüş kimi, “ailə” Nizami Gəncəlini Avropaya tanıtmaq missiyasını da öz üzərinə götürür (özü Nizamini tanımaya-tanımaya). Başqa oxşar işlər kimi bu işdən ötrü də milyonlarla manatı göyə sovurur, mənimsəyirlər. Sonra da, elə bil bunların acığına Avropada Nizami “fars şairi” adlandırılır. Nizami ideyalarından uzaq olanların, özləri Nizamini tanımayanların, özlərini reklam üçün Nizami tanıtımına girişənlərin girişimləri beləcə boşa çıxmalı idi, çıxdı!
1993-dən bu yana ölkəmizdə yalnız Əliyevlərlə bağlı geniş yubileylər keçirildiyi bəllidir. Bu özü də bir separatizm, özümlü bir bölücülükdür. Bu separatizmin, bu özümlü bölücülüyün kökü 1969-dan qoyulub. Rusiyanın Qafqazı, Azərbaycanı tutmasından sonra Azərbaycan bir daha bütövləşib-böyüyüb-güclənib-baş qaldırmasın deyə, dönə-dönə bölündü. Batı Azərbaycanda “Ermənistan” yaradıldı, Borçalı Gürcüstana, Dərbənd Dağıstana verildi. Bunlar azmış kimi Dağıstandan Azərbaycana (quzey bölgələrinə) köç siyasətləri yürüdüldü – bununla gərəkən çağda Azərbaycana etnik sorunlar-problemlər yaratmağı planlaşdırmışdılar.
1969-dan Azərbaycanda regionçuluq özülündə min illik tariximizdə olmayan bütünlüklə yeni, görünməmiş bölücülük siyasətlərinə start verildi. 1993-dən bu bölücülük siyasəti bir az başqa axarda daha da dərinləşdirildi. Beləcə, bağımsızlıq qazanıldıqdan sonra, ən azı, öz içində birləşib bütünləşməli olan ölkə elə öz içindəcə dışdan güc alan iç yağıların əlilə daha da bölünüb-parçalanmış, daha da dağınıq duruma gətirildi. Bu siyasətə bağlı kimsələr bu gün də ölkədə ağalıq etdiklərindən, onlar bu ağalığa Azərbaycanı ayırıb parçalayan dövlətin yardımı ilə yiyələndiklərindən gördüyümüz görsənişdən başqası ilə üzləşməyimiz düzgü dışı bir iş olardı. Bölücü Gülüstan bağlaşmasının 200 illiyi başlanğıcdan bölücülük yoluyla hakimiyət qazananlar, bu hakimiyətdən milyardlar əldə edənlər, özlərinin siyasi gələcəklərini yağıcasına ölkəiçi bölücülükdə görənlər üçün ayrı bir GÜLÜSTANDIR. Ancaq… Ayını, Ayı dayını acıqlandırmaq nəyə gərək?
Yaşlı yoldaşların yadındadır: sevgili Sovet illərində Gülüstan, Türkmənçay bağlaşmalarının xırda-iri yubileyləri necə parlaq gurultuyla keçirilərdi. Rusiyanın Azərbaycanı bolüb-parçalaması faktı o çağlar xalqa Novruz bayramından qat-qat üstün, Novruz bayramından qat-qat artıq bayram kimi sırınardı. O böyük Rusiya bayramını öz bayramı bilənlər bu gün bizim bu “bağımsız” ölkədə hakimiyət başındadırsa, özgədən deyil, özümüzdən küsməyimiz gərəkmirmi? Gərəkir, ancaq bu gərəkənlik hər birimizin strateji düşüncə bütövünə çevrilmədikcə… gərəksiz olacaq.
Atası ilə birlikdə 20 ildən bəri bu ölkənin başında duran, ANTIMILLI siyasətlərlə – bölücülük axarında ölkəni yolsuzluğa gətirib çıxaran adam bugünlərdə, illər uzunu olduğu kimi, yenə də müxalifəti xalqa ölkənin, dövlətin düşməni olaraq tanıtmağa çalışdı. Qanımızı içən erməniyə nefti bizə satdığından qat-qat ucuz satan prezident bizi xalqa xalqın “düşməni” olaraq tanıdır. 2009-cu ildə bunlar demişdilər: “Yunanıstana qazı hansı qiymətə satırıqsa, Türkiyəyə də o qiymətə satacağıq”. Görün bunlar indi nə deyirlər: “Ermənistana qazı iki dəfə ucuz qiymətə satmağa hazırıq”. Çətin seçki qabağı erməni lobbisini, Fransa başda olmaqla ermənisevər dövlətləri ələ almaq üçün görün necə bir dönüklüyə gedirlər! Oğru hakimiyətlərini qoruyub saxlamaq üçün nəyə desən gedəcəklər. Bizimsə göydə Tanrıdan, yerdə Böyük Birlikdən başqa çıxacağımız yoxdur. Birlik dediyimiz çox böyük olmaya da bilər, başlıcası bu deyil, başlıcası o Birliyin sağlam özül üzərində qurulmasıdır!

***

12 (24) oktyabr 1813-cü ildə Qarabağın Gülüstan köyündə Rusiya ilə Qacarlar dövləti arasında Gülüstan barış bağlaşması bağlandı. Gülüstan bağlaşmasına uyğun olaraq Gəncə, Şəki, Quba, Şirvan, Bakı, Qarabağ xanlqları, Doğu Gürcüstan, Dağıstan Rusiyaya qatılmaqla Azərbaycan iki yerə bölündü. Bu bağlaşma bağlananadək Rusiya qoşunları ilə Abbas Mirzə komandanlığındakı Azərbaycan qoşunları arasında neçə qanlı savaş olmuşdu. Rus komandanlarının özlərinin də sonralar yazdıqları kimi, balaca Azərbaycan ordusu böyük Rusiya ordusu ilə hünərlə vuruşmuş, ruslar bu savaşlarda çoxlu itki verməli olmuşdular.
Altı yüz minlik Napoleon ordularını yenmiş Rusiya o çağlar dünyanın ən güclü dövləti olaraq tanınırdı. Azərbaycan ordusu reformist Abbas Mirzə komandanlığında o çağların ordu düzəninə uyğun olaraq yenicə qurulurdu. Balaca Azərbaycan ordusu böyük Rusiya orduları qarşısında duruş gətirmək gücündə deyildi. Bu, Azərbaycanın yenilməsinin obyektiv nədənlərindən idi. Ortada uğursuzluğa gətirən subyektiv nədənlər də vardı. Subyektiv nədənlərlə bağlı başlıca olaraq bunları göstərmək olar: yeniliyə – Abbas Mirzə reformalarına düşmən bir sıra dövlət, din adamlarının dönüklüyü; ermənilərin dönüklüyü – Rusiya üçün beşinci kolon rolunu oynayaraq hər yerdə satqınlıq etmələri, eləcə də bir çox yerlərdə pusqu qurmaq yoluyla Azərbaycan ordusunu arxadan vurmaları. O çağlar baş verənlərin incəliklərinədək ortaya çıxarılması bu gün də bizim işimizə çox yarıyardı. Bununla bağlı, ən azı, bir il qabaqdan dövlət düzəyində işlər başlamalı idi. Bir sıra arxivlərdə, o sıradan, Peterburq, Tehran arxivlərində araşdırma aparmaqla, Abbas Mirzə dönəmi ilə bağlı avropalıların yazdıqları kitabları dilimizə çevirməklə ortaya bügünümüz üçün də önəmli işlər qoymaq olardı…

***

Gülüstan bağlaşmasının 200 illiyi ilə bağlı ermənilər “Ermənistan”da da, Rusiyada da yubiley işlərinə girişiblər. Ermənilər “Literaturnaya qazeta” başda olmaqla Rusiya mass-mediasında Gülüstan bağlaşması ilə bağlı özlərinin yalan siyasətlərini sürdürməkdədirlər. Aleksandr Tovmasyan adlı birisi “Kolokol v parke Drujbı” (LQ. 5-10iyun 2013) yazısını tipik erməni xarakterindən gələn yalanla başlayır: “12 (24) oktyabr 1813-cü ildə Gülüstan köyündə (Qarabağ) Rusiya ilə Iran arasında bağlanan bağlaşmaya uyğun olaraq Doğu Ermənistanın bir sıra vilayətləri (Qarabağ, Zəngəzur, Şirak, Lori, Şəmşəddin) Rusiya imperiyasına qatıldı”. Beləliklə, ermənilər, Tovmasyanın bildirdiyinə görə, Rusiyanın ucqarlarında, uzaq Sibirdə, Krasnoyarskda belə, Gülüstan barış bağlaşmasının – Doğu Ermənistanın Rusiyaya qatılmasının 200 illik yubiley bayramı ilə bağlı ruslarla ortaq çalışmalarda bulunurlar. Beləcə, erməni yalanları Rusiya mass-mediasında illərlə at oynadır, Anarın Yazıçılar Birliyi başda olmaqla “bizimkilər” partizancasına susurlar. “Azərbaycanı dünyaya tanıtmaq” adına fonddan-montdan illərlə milyonlarla pul silinir… Rusiyadan Avropaya, Amerikayadək hər yerdə tanıdılan, tanınan ermənilər olur!
I Nikolayın 1828-ci il 21 mart buyruğunadək Azərbaycan topraqlarında kompakt erməni bölgəsi olmamışdı. I Nikolayın sözügedən buyruğuna uyğun olaraq Irəvan, Naxçıvan xanlıqları “Erməni vilayəti”nə çevrilmiş, Irandan, Türkiyədən erməniləri köçürüb gətirməklə bu yerləri erməniləşdirmişdilər – Rusiyanın Türkiyə ilə Irana qarşı indi “Ermənistan” adlandırılan forpostu belə yaradılmışdı.