Rusiya prezidenti sammitdə ciddi təzyiqlərlə üzləşib
“Böyük səkkizlik” ölkələrinin iyunun 17-də və 18-də Şimali Irlandiyada keçirilən iki günlük sammitinin nəticəsi olaraq, Suriya məsələsindəki fikir ayrılıqlarının aradan qaldırılması və ümumi mövqeyə gəlmək baxımından razılıq əldə olunub.
“Azadlıq” radiosunun məlumatına görə, sammitin yekununda qəbul edilən sənəddə münaqişənin siyasi danışıqlar yolu ilə həll edilməsi, Suriya rejiminin kimyəvi silah işlətməsinin mümkünlüyü ilə bağlı istintaq araşdırmaları aparılması və Suriya xalqına 1 milyard yarım dollar yardım ayrılması nəzərdə tutulur.
Sənəddə həmçinin girovları azad etmək üçün terrorçulara haqq verilməsindən imtina etmək nəzərdə tutulur və qeyd edilir ki, yaraqlılarÿ son 2ÿ ildə bu yolla 70 milyon dollar alıblar. Bundan başqa vergidən yayınma hallarına qarşı bir sıra tədbirlər qəbul edilib.
Qeyd edək ki, sammitin ilk günündə Rusiya prezidenti Vladimir Putin pis vəziyyətə düşüb. Çünki dünya liderləri bir-birinin ardınca onu Suriya diktatoru Bəşər Əsədə dəstəyi azaltmağa çağırıb. Putin 93 min insanın ölümünə səbəb olmuş Bəşər Əsədə dəstəyinə görə Qərb dövlətləri liderlərinin kəskin tənqidlərinə məruz qalıb.
Danışıqlar o qədər gərgin olub ki, konsensus əldə olunmasa, iki günlük sammitin yekun sənədinin Rusiyasız qəbul olunacağı qərara alınıb, amma “Böyük səkkizlik” yox, “yeddilik” adından.
Yeri gəlmişkən, sammitin ilk günündə ABŞ və Rusiya prezidentləri arasında keçən iki saatlıq görüşdən sonra jurnalistlər qarşısına çıxan Obama və Putin kifayət qədər gərgin görünüblər. Putin Suriya barədə danışarkən gözlərini döşəməyə zilləyib, Obama isə demək olar ki, rusiyalı həmkarına tərəf baxmayıb.
Putin mətbuata açıqlamasında deyib ki, Suriya olaylarına münasibətdə Moskva ilə Vaşinqton arasında fikir ayrılıqları qalır. Lakin bir məsələdə həmrəydilər ki, Suriyada axan qan dayanmalıdır, vuruşan tərəflər isə danışıqlar masası arxasına əyləşməlidir.
Kanadanın baş naziri Stiven Harper də Putinin ünvanına sərt ittihamlar səsləndirib: “Birbaşa, açıq şəkildə deyək: bu, ”böyük yeddilik” üstəgəl birdir. Özümüzü aldatmamalıyıq. “Böyük səkkizlik” ölkələri liderlərinin Suriyada vəziyyətin düzəlməsi üçün diktator Bəşər Əsədin hakimiyyətdən getməsinin vacibliyinə Putini inandıracağına ümid etməyə heç bir səbəbimiz yoxdur”.
Harper həmçinin Putini “başkəsən Əsəd rejiminə” dəstəyə görə qınayıb.


