Beynəlxalq birlik və yerli ictimaiyyət Brüsselə müraciət göndərdi
«Human Righs Watch»: «İlham Əliyev bilməlidir ki, Avropa ilə əlaqələr insan haqlarına dair öhdəliklərə necə əməl olunmasından asılıdır»
“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının rəhbəri Huq Villiamson dövlət başçısı Ilham Əliyevin Brüsselə səfəri ərəfəsində Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya məktub ünvanlayıb. Məktubda Barrozodan xahiş edilir ki, Ilham Əliyevlə görüşü zamanı ona Avropa Ittifaqının Azərbaycanda insan haqları sahəsində durumun pisləşməsindən narahatlığını çatdırsın, vəziyyətin yaxşılaşması istiqamətində addımların atılmasını tələb etsin:
“Ilham Əliyevi siyasi motivlərlə həbs olunan şəxsləri azad etməyə, qanunvericiliyə edilən ifadə, sərbəst toplaşmaq azadlıqlarının məhdulaşdırılmasına hesablanan, beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərə zidd dəyişikliklərin ləğvinə çağırmağınızı xahiş edirik. Azərbaycanın insan haqları sahəsində tələbləri yerinə yetirməkdən imtina etməsi, Ilham Əliyevin insan hüquqlarının qorunmasını Avropa Ittifaqı ilə münasibətlərin tərkib hissəsi kimi qəbul etməməsi bu təşkilatı Azərbaycanla əlaqələrə yenidən baxmağa məcbur edə bilər. Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşir. Biz sizdən Əliyevin səfərindən istifadə edərək, Avropa Qonşuluq Siyasəti Hesabatında insan haqlarına dair əksini tapmış məqamlarla bağlı sərt mövqe nümayiş etdirməyinizi xahiş edirik. Sizdən Avropa Ittifaqı və Azərbaycan arasında münasibətlərin inkişafı üçün insan haqlarının vacib amil olduğunu Ilham Əliyevə xatırlatmağınızı istəyirik”.
Müraciətdə həmçinin qeyd olunur ki, Azərbaycanda hakimiyyətin yürütdüyü siyasət nəticəsində insanları qorxutmaq yolu ilə ifadə azadlığı pozulur, vətəndaşların siyasi baxışlarına görə təqib olunması, həbs olunması halları artır. Yada salınır ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində 2012-ci ildə qəbul olunmuş Azərbaycanda vəziyyətin qiymətləndirilməsinə dair hesabatda da bu ölkədə insan haqlarının pozulması, ifadə, sərbəst toplaşma azadlıqlarının boğulması hallarının davam etdiyi göstərilib.
“Human Rights Watch” rəhbəri Barrozonun diqqətinə çatdırır ki, bu ölkədə siyasi fəallar, jurnalistlər, sosial mediadakı bloggerlər, hüquq müdafiəçiləri həbsə atılır və onların əksəriyyətinə qarşı ya narkotik, ya da silah saxlama ittihamı irəli sürülür. Həmçinin xuliqanlıq ittihamından da istifadə olunur.
Barrozoya müraciətdə REAL hərəkatının sədri Ilqar Məmmədovun həbsinə də toxunulub.
“Azərbaycanın insan haqlarını pozması Avropa Ittifaqının baza prinsiplərinə zidd olmaqla yanaşı, ölkədəki stabilliyi poza bilər. Sizdən Əliyevlə qarşıdakı görüşdə onu Avropa Ittifaqının müəyyən etdiyi meyarlara, AŞ PA-nın bu ilin yanvarında qəbul etdiyi qətnamədəki tövsiyələrə əməl etməyə çağırmağınızı istəyirik. O bilməlidir ki, Avropa ilə siyasi və ticarət əlaqələri insan haqlarına dair öhdəliklərə necə əməl olunmasından asılıdır”, – deyə müraciətdə qeyd olunur.
“Əliyevdən haqsızlığa son qoyulmasını tələb edin!”
Bundan başqa, Azərbaycanın vətəndaş cəmiyyəti adından da Avropa Komissiyasının prezidenti Barrozoya, eləcə də Avropa Ittifaqı Şurasının prezidenti Herman van Rompuya müraciət ünvanlanıb. Müraciəti vətəndaş cəmiyyətinin 50 nəfər tanınmış siması imzalayıb.
Müraciətdə bildirilir ki, Əliyevlə görüşdə Azərbaycanda insan haqlarının pisləşməkdə olan durumuna da enerji məsələləri qədər diqqət yetirilməlidir. Çünki hökumət beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Müraciət müəllifləri Barrozo və Van Rompuya xatırladır ki, 2009-cu ildə Konstitusiyaya dəyişikliklə bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı və bununla da Ilham Əliyevə ölkəni ömürlük idarə etmək imkanı yaradıldı. Indi də YAP oktyabrda keçiriləcək seçkilər üçün Əliyevin üçüncü müddətə namizədliyini irəli sürüb. Seçkiyə sayılı aylar qaldığı bir vaxtda hakimiyyət onu tənqid edənlərə qarşı repressiyaları gücləndirib. Jurnalistlər, bloggerlər, müxalif fəallara qarşı həbslər, fiziki təzyiqlər, qarayaxma kampaniyaları, həmçinin qanunlara mürtəce dəyişikliklər ölkədə ifadə azadlığı mühitini acınacaqlı vəziyyətə salıb.
“Hətta bu məktubu yazdığımız üçün biz özümüz də hədəfə alına bilərik. Prezident Əliyev iyunun 7-də tənqidçilərinə qarşı dözümsüz münasibət nümayiş etdirməsilə bunu təsdiqləyib”, – deyə məktubda vurğulanır.
Müraciət müəllifləri Barrozo və Van Rompunun nəzərinə çatdırır ki, siyasi motivlərlə həbs olunanların sayı xeyli artıb. REAL Hərəkatının sədri, Ilqar Məmmədov, Müsavat başqanının müavini Tofiq Yaqublu, tanınmış vəkil Qurban Məmmədov, “NIDA” Vətəndaş Hərəkatının 7 fəalı da həbs olunanlar sırasındadır. Hazırda Azərbaycanda 7 jurnalist və 2 hüquq müdafiəçisi də həbsdədir. Həbs olunanlara qarşı qanunsuz və amansız münasibət nümayiş etdirilib. Məsələn, “NIDA”çı gənc Zaur Qurbanlı talassemiya xəstəsidir və durumu ağır olsa da, onun azad edilməsi istiqamətində hakimiyyət heç bir addım atmır.
“Biz Avropa Ittifaqını Azərbaycana münasibətində insan haqlarına əsaslanan yanaşmadan istifadə etməyə çağırırıq.ÿAvropa Ittifaqı və Azərbaycan arasındakı enerji təhlükəsizliyi tərəfdaşlığı mühüm və səmərəli olsa da, bu münasibətlərin əsasında insan haqlarına qarşılıqlı hörmət dayanmalıdır. ”Cənub Qaz Dəhlizi” layihəsilə bağlı Azərbaycanla memorandum imzalanarsa, bu zaman insan haqları məsələsi tərəfdaşlığın vacib şərtlərindən biri kimi qeyd olunmalıdır.
Həbs olunmuş fəallar, qətlə yetirilmiş jurnalistlər, hüquqları pozulan insanlar öz müdafiələri üçün səslərini ucalda bilmirlər. Buna görə də sizdən onların adından bu haqsızlığa son qoyulmasını tələb etməyinizi xahiş edirik.
Sizləri cənab Əliyevlə görüşləriniz zamanı Azərbaycanda insan haqlarının müdafiəsinin vacib olduğunu vurğulamağa çağırırıq”, – deyə müraciətdə qeyd olunur.
“Barrozo Əliyevlə ciddi danışmalıdır!”
Xatırladaq ki, Avropa Parlamentinin ötən həftə Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə də Avropa Komissiyasına müraciət yer almışdı. Qətnamə müəllifləri Ilham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanda insan hüquqlarının acınacaqlı durumuna görə onunla sərt danışılmasını istəyirdilər.
Müraciətdə həmçinin Avropa Komissiyasına Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, müstəqil məhkəmə sisteminin mövcudluğunun, demokratik islahatların, fundamental hüquq və azadlıqların həyata keçirilməsinin təmin olunması məsələsində prinsipial mövqe tutmaq barədə çağırış da öz əksini tapıb.
“Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Ilham Əliyevin Brüsselə səfəri zamanı onunla Azərbaycanda insan hüquq və azadlıqları barədə ciddi danışmalı, narahatlıqları açıq şəkildə diqqətə çatdırmalıdır.
Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ərəfəsində ciddi narahatlıq doğuran məsələlər daim nəzarətdə saxlanılmalı, mətbuat azadlığına dəstək verilməli, məhkəmə işlərinə xüsusi diqqət yetirilməlidir”, – deyə avropalı deputatlar qeyd edib.
Aytən Məmmədova