1 il öncəyə qədər Tərtər rayonunda İcra Hakimiyyətinin yaxınlığında Məhəmməd Əmin Rəsulzadənin büstü var idi. Ötən il insanların etirazına baxmayaraq, büst götürülüb. İcra Hakimiyyətinin nümayəndələri bildiriblər ki, büstün götürülməsində məqsəd daha böyük və standartlara uyğun büst qoyulmasıdır.
Bugünlərdə isə büstün niyə götürüldüyü məlum olub.
AXCP Tərtər rayon şöbəsinin sədri Etibar Ələkbərov qəzetimizə açıqlamasında bildirdi ki, büstün götürüldüyü ərazidə YAP-a yeni bina tikməyə qərar verilib və artıq tikinti işləri başlayıb: “ Əvvəl büstü götürəndə yerinə bayraq asmışdılar. İndi məlum olur ki, məqsəd YAP-a bina tikməkdir. Belə qərara gəliblər ki, YAP-ın yeni binası İcra Hakimiyyətinə yaxın olmalıdır. Hal-hazırda yeni tikiləcək binanın bünövrəsi qoyulur. Yerli sakinlər bu hadisədən çox narahat olublar və bu hörmətsizliyə etiraz edirlər. 70 illik sovet imperiyası Rəsulzadəni bizim qəlbimizdən silə bilmədi, YAP hakimiyyəti də Rəsulzadəni unutdura bilməyəcək”.


