Sabiq nazir barədə Avropa Məhkməsənin qərarı qüvvəyə mindi
Avropa İnsan Haqları Məhkəməsinin keçmiş səhiyyə naziri Əli İnsanovala bağlı verdiyi qərar qüvvəyə minib. Bu barədə “Bizim Yol” qəzetinə Əli İnsanovun vəkili Toğrul Babayev məlumat verib. “Prosedura uyğun olaraq, tərəflərdən hər hansı biri qərardan Yuxarı Palataya şikayət verməzsə, Avropa Məhkəməsinin qərarı qüvvəyə minir. Biz qərardan şikayət verməmişik və Azərbaycan hökumətinin də şikayət verməsi barədə məlumat yoxdur. Bu isə o deməkdir ki, mart ayında Avropa İnsan Haqları Məkəməsində verilmiş qərar qüvvəyə minmiş sayılır” – deyən vəkil vurğulayıb ki, Ali Məhkəmənin plenumu 3 ay müddətində Əli İnsanov barədə işə baxaraq yerli məhkəmələrin hökm və qərarlarını ləğv etməlidir.
Əli İnsanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə Ağır Cinayətlər Məhkəməsinin hökmündən Avropa Məhkəməsinə verilmiş şikayət mart ayında təmin edilib. Məhkəmə hesab edib ki, Əli İnsanova qarşı Konvensiyanın 3-cü maddəsi pozulub, ona işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Əli İnsanov indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan haqları Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb.


