Generala yaxın deputatı işdən çıxarmaqla qəzəbə gələn “Qaçqınkom” sədrinin sirli yüksəlişi
Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov bu qurumun nəzdində olan Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun direktoru Ayaz Orucovu işdən çıxaranda belə mülahizələr səsləndi ki, bu onun üçün ciddi başağrısına çevriləcək.
Çünki həm də deputat olan Ayaz Orucov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxsdir. Ehtimal edilirdi ki, general bu addımı Əli Həsənova bağışlamayacaq. Və yaxın vaxtlarda baş nazirin müavini cəzalandıralacaq. Lakin gözləntilərin əksi baş verdi. Əli Həsənov nəinki cəzalandırılmadı, əksinə hakim Yeni Azərbaycan Partiyasının qurultayında sədr müavini vəzifəsinə gətirildi. Bu da Əli Həsənovun Ayaz Orucovu işdən çıxarmasının özfəaliyyət olmadığını göstərir. Bəzi məlumatlara görə, baş nazirin müavini deputatı hakim ailənin tapşırığı ilə işdən çıxarıb. Bu baxımdan da Əli Həsənova bu addımına görə hər hansı təzyiq edilməyib.
Xatırladaq ki, deputatın işdən çıxarılması onun baş nazirin müavini ilə mübahisə etməsilə izah edilirdi. Məlumatlarda deyilirdi ki, Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub. Həmin iclasda Əli Həsənovla Ayaz Orucovun sözləri üst-üstə düşməyib və Ayaz Orucov Baş nazirin müavininə cavab qaytarıb. Bundan əsəbləşən komitə sədri elə iclasdaca millət vəkilini işdən çıxarıb.
Digər məlumata görə, indiyədək köçkünlər üçün tikilən binalarla bağlı artıq yoxlamalara başlanılıb.
Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi Ayaz Orucovun öz ərizəsi əsasında Fondun Müşahidə Şurasının qərarı ilə işdən azad edildiyini bildirib.