Vasif Talıbovun şirkətində kölə siyasəti

Naxçıvan sakini Gəmiqaya holdinqdə baş verən qanunsuzluqlarla bağlı konkret faktlar açıqladı

Naxçıvan sakini Abdulla Abdullayev Gəmiqaya holdinqinin özbaşınalığından şikayətlənir. O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, holdinqə daxil olan şirkətlərin yerli işçiləri təhqir olunaraq şərəf və ləyaqətləri alçaldılır. Onun sözlərinə görə, 7 ildən artıqdır Gəmiqaya holdinqin müxtəlif şirkətlərində gözətçi və fəhlə kimi işləyib. Sonuncu iş yeri bu holdinqin “Daş məhsulları fabrikinin” yeməkxanasında olub. Bir ay bundan öncə sonuncu iş yerindən qərəzli şəkildə qovulub.      
A.Abdullayev iddia edir ki, Gəmiqaya holdinqə daxil olan şirkətlərin rəhbər vəzifələri və yönətici kadrları əsasən Türkiyə vətəndaşlarından ibarət şəxslərə tapşırılıb.
Bu adamları isə bu vəzifələrdə yerləşdirən türkiyəli iş adamı Emin Uçardır.
Daxili qaydalara əsasən fabrikin işçiləri yeməklərini yeməkxanada yeməlidirlər, kənar yerlərə yemək servisi nəzərdə tutulmayıb. Amma bu fabrikin türkiyəli 3 işçisi onu alçaltmaq məqsədilə yeməklərini yaşadıqları evə gətirməyi tələb ediblər. Əks halda onu işdən qovduracaqları ilə hədələyiblər. “Bu hərəkətlər tək mənə qarşı deyil, əksər yerli vətəndaşlara qarşı törədilir. Yerli vətəndaşlar ayda 300-400 manat maaş alırsa, E.Uçarın Türkiyədən gətirdikləri işçilər 2-6 min manat maaş alırlar. Ədalətsizlik baş alıb gedir. Yerli işçilərlə bağlanmış əmək müqavilələri heç kimə verilmir. Işdən çıxarılan adamların heç birinə birdəfəlik müavinət verilmir, insanlara kölə kimi baxırlar”, – o bildirib.
Şikayətçinin sözlərinə görə, Naxçıvan MR-in səlahiyyətli şəxslərinə, aidiyyatı orqanlara şikayətlər etsə də nəticəsi olmayıb. A.Abdullayev Azərbaycan rəhbərliyini məsələyə müdaxilə edərək holdinq rəhbərliyinin özbaşınalığına son qoymağa çağırır. Turan-ın regional müxbiri Gəmiqaya holdinqinin ofisindən şərh ala bilməyib.
Holdinqin kadrlar şöbəsindən bildirilib ki, onlar qoyulan suallara cavab verə bilməzlər.
Gəmiqaya holdinqinin sahibləri haqda rəsmi məlumat verilmir.
Holdinqin rəhbəri kimi Türkiyə vətəndaşı Emin Uçar təmsil olunur.
Qeyri-rəsmi məlumatlara görə, holdinqə NMR Ali Məclisinin rəhbəri Vasif Talıbovun oğlu Rza Talıbov rəhbərlik edir.