
Sahibkarlar yanğının qəsdən törədildiyini deyir
Son iki gündə “Sədərək” Ticarət Mərkəzində iki yanğın hadisəsi baş verib. Iyunun 16-da baş verən yanğın zamanı ümumi sahəsi 12 kvadrat metr olan, Rüstəm Quliyevə məxsus kafe külə döndü. Iyunun 18-da gecə saatlarında 10-a yaxın xırdavat məhsulları satılan anbarlar yandı.
İki gündə iki yanğın
Ötən gün sözügedən ünvana gedib, olayın təfərrüatlarıyla maraqlandıq. Qeyd edək ki, bu cür hadisələr “Sədərək”də birinci hal deyil. Bundan öncə də “Sədərək” və “Binə”də bu cür oxşar yanğınlar baş vermişdi. Hələ bu iki ticarət mərkəzi Binə qəsəbəsində – hava limanının yaxınlığında yerləşən zaman dəfələrlə yanğın baş vermişdi və nəticədə sahibkarlara külli miqdarda ziyan dəymişdi. Indi isə…
Indi analoji hallar yeni ünvanda da baş verir. Bir neçə ildir Qaradağ rayonuna köç edən hər iki ticarət mərkəzində bir neçə dəfə yanğın olub. Bütün bu olayların heç birinin üstü açılmayıb. Hər dəfə rəsmi qurumlar yanğının ehtiyatsızlıq üzündən, qısaqapanmadan baş verdiyini deyib. Ancaq sahibkarlar bunun əksini deyirlər. Onların fikrincə, burada qruplararası toqquşma var ki, bunun da acı nəticəsini sahibkarlar üzərlərində hiss edirlər.
Ötəngünkü yanğın hadisəsi də elə bu cür oldu. 10-a yaxın dükanın yanması sıradan bir hadisə deyil. Olayın şahidləri deyirlər ki, hadisə baş verən zaman Fövqəladə Hallar Nazirliyinin (FHN) yalnız bir yanğınsöndürən maşını əraziyə cəlb olunmuşdu. Bununla isə heç nəyi həll etmək olmazdı. Çünki yanğın çox sürətlə o biri dükanlara yayılırdı, o cümlədən havanın küləkli olması əhatəni daha da genişləndirirdi.
“Heç bir kömək olmur”
“Bununla neçənci dəfədir burada yanğın baş verir. Hər dəfə sahibkarlara külli miqdarda ziyan dəyir. Iş orasındadır ki, yanğından sonra dükan sahiblərinə heç bir kompensasiya verilmir. Onlara bir manat da olsa belə yardım edilmir. Bu azmış kimi ”arenda” pulunda da güzəşt olmur. Təsəvvür edin, dükanı yanan sahibkar, onu yenidən təmir edib, əvvəlki halına gətirib işlək vəziyyətə salmaq üçün ən azı bir ay vaxt keçir. Ancaq ona hər hansı bir köməklik olmur. Yer pulunu belə alırlar. Burada dükan “arenda”ya götürülübsə, onu işlədən bir ay üçün ən azı 4 min manat ödəməlidir. Yox, mağaza özünündürsə, bazar rəhbərliyinə 1500-2000 manat verməlidir. Malların yanır bir ziyana düşürsən, dükanı təmir etdirirsən, bu ikinci ziyan, bir ay işləmirsən, təmir vaxt aparır – bu da üç. Gördünüzmü indi dükanı yanan adam hansı hala düşür. Indi ildə bir dəfə bu cür bədbəxt hadisə dükan sahibinin başına gəlsə, gör o indi hansı halda olar. Il boyu qazandıqlarını yanğın aparır”, – deyə satıcılar bildirir.
Onların sözlərinə görə, “Sədərək”də onlarla sahibkar var ki, bir neçə ildə iki-üç dəfə dükanı yanıb: “Bir dükan yananda sahibinə ən azı 20-30 min manat ziyan dəyir”.
***
Bizimlə söhbət edən satıcılar yanğınların qarşısını almaq üçün rəhbərliyin heç bir iş görmədiyini deyir. Onların fikrincə, hər ay polis və başqa xidmət haqlarını ödəyirlər: “Nə pul deyilirsə, veririk, ancaq heç bir faydası olmur. Guya burada ”oxran”a var. Onun işinin nədən ibarət olduğunu heç kim bilmir. Bu qədər qısaqapanmadan yanğın ola bilməz. Kimlərinsə marağındadır, yarmarka qəsdən yandırılır”.
Satıcılar həmişə yanğın olan zaman FHN-in əməkdaşlarının olay yerinə gec gəlməsindən şikayətlənirlər: “Bu dəfə də elə oldu. Gecə yanğın baş verir, bir maşın gəlir. Onun da bu yanğının qarşısını almağa gücü çatmaz. Çox yubandılar. Bir neçə saatdan sonra başqa yanğınsöndürən maşınlar gəldi”.



Ramin DEKO


