Üst-üstə düşən dəlillər

Uzaq tarix deyil, hamının yaxşı yadındadır. 2008-ci ildə müxalifətdən heç kim prezidentliyə namizəd olmadı. Istəmədilər. Bəs arasından bu qədər az vaxt keçməsinə rəğmən namizədlik uğrunda dava aparıb, çətinliklə yaranmış birliyi – Milli Şuranı dağıtsaq, pafoslu çıxmasın, görəsən tarix və gələcək nəsillər bizə nə deməlidir?”.

…Bir neçə gündür bu sətirləri oxuyub, məni kifayət qədər düşündürən bu məsələnin digər adının pessimiz olub-olmadığını düşünürəm. Elə oxuduğum o sətirləri yazan da mən özüməm – sətirlərindən həmişə optimiz daşan bir yazar.

Amma bəzən mən də anlamıram nə baş verdiyini…

Şəxsən mənim heç anlamadığım, çoxdan anlamağa çalışdığım bir şey var. Məsələn, niyə Əliyevlərin sevmədiyi, qəzəblə qarşıladığı bir siyasi layihəni – Milli Şuranı bizimlə olanlardan kimsə ya pisləyir, ya qaralayır, ya ona dəstək vermir, ya da onu dağıtmağa çalışır? Bu cür üst-üstə düşmənin səbəbi nədir?

Başa düşürəm ki, şəxsi baxışlar, simpatiya və antipatiyalar, korporativ maraqlar ola bilər.

Kimlərinsə partiya maraqlarını, simpatiyalarını da anlamaq olar. Hətta məhz bu səbəbdən kimlərinsə ümumi işə ziyan vurmasını da aşağı-yuxarı başa düşmək mümkündür. Bunun nəticəsində yaranan fəsadları da aradan qaldırmaq olar. 

Amma təəccüblüsü bu deyil. Deyəsən, axı bu qarşıdurmada bizim iqtidarın da eyni cür marağı var. Bizim şanlı iqtidarın Milli Şuraya qarşı apardığı təbliğat, ona qarşı istifadə etdiyi dəlillər, bəslədiyi qəzəb ortadadır. Bəs iqtidarda və müxalifətdə olan insanların bu məsələdə açıq sezilən dərəcədə eyni mövqe sərgiləməsi, tam aşkar şəkildə eyni dəlil və eyhamlardan istifadə etməsi təsadüf ola bilərmi?

Bu arada biz tamamilə üst-üstə düşən dəlilləri görürük, üst-üstə düşən maneraları görürük, zərif simpatiyaları və güclü antipatiyaları sezirik! Üst-üstə düşən əks təbliğatı da aydınca izləyirik…

Bu günədək də görmüşük bu cür üst-üstə düşmələri – dövlətçilik maraqlarına və milli maraqlara görə iqtidarla üst-üstə düşmələri. Nəticədə… Hər şeyi sadalamağa vaxt çatmaz, məhz bunun nəticəsində təkcə Elçibəyin 5-6 müavini iqtidarın yanında peyda oldu…

Milli Şuraya qarşı fərqli cinahdan olan adamların dalğa və tezliklərinin üst-üstə düşməsindən narahatlığımı deyərkən onu da etiraf edim ki, Milli Şuraya görə qayğım qətiyyən ona sonuncu ümid kimi baxmağımdan doğmur. Mən çürüyən ağac kimi yellənən iqtidarı da görürəm, dəyişiklik istəməyə hər gün daha çox istəkli olan cəmiyyətimizi də. Dəyişən dünyanın arzuları ilə yaşayan gəncliyin yetişməsini də görürəm. Mən Milli Şurasız da bəlkə də hamıdan daha ümidliyəm. 

Üstəlik, Milli Şuranın qurulması ilə hər işin asanlıqla həll ediləcəyini də düşünmürəm. Gerçəklik hissim də yerindədir. Buna sadəcə ən yaxşı, ən düzgün cəhd kimi baxıram. Bu birlik modeli hər şeydən öncə Yeni Azərbaycan Partiyasının qorumağa saxladığı köhnə şərtlərin, ovqatın, qüvvələr nisbətinin, siyasi konfiqurasiyasının uğurla dəyişdirilməsi cəhdidir…

“Sabit təqvim”

(Xaqani Hassın şeiri)

 

Hər şey dünənki kimidir

Dünən də srağagünkü kimiydi,

Srağagün də əvvəlki günkü kimi – Sabitlik!

 

Bu gün cəbhə bölgəsində

Vəziyyət sabit ağır olaraq qalır

Dünən də beləydi, srağagün də

Ondan əvvəlki gün də – Sabitlik!

 

Bu gündə dünənin üfunəti var

Qonşuda Ismayıl kişi

On dörd ildir, ölmür – Sabitlik!

 

Bu gün külək əsir,

Dünən də əsirdi, srağagün də

Bakı qədimdən bəri küləklər şəhəridir

Neçə əsrdi ki, əsir – Sabitlik!

 

Ölkənin prezidenti Əliyevdir

Dünən də Əliyev idi, srağagün də

Ondan əvvəlki gün də – Sabitlik!

 

Sabahımız dünəndən gəlib

Cırın bütün təqvimləri!