Hamısı bir boydur…

Türkiyənin timsalında bir daha gördük dünyadakı avtoritar rejimlərin bir-birinə nə qədər bənzədiyini.

Eyni bulaqdan su içdiklərini, eyni yoldan yürüdüklərini gördük.

Məsələn, quyruqları qapı arxasında qalınca eyni tezislərin arxasında gizləndiklərini…

Eyni bəhanələrdən yapışdıqlarını…

Eyni beyinlə düşünüb eyni dillə danışdıqlarını…

Bir sözlə, hər mənada bir-birlərinin xurcuntayı olduqlarını gördük Türkiyədə son yaşananların nümunəsində.

Ərdoğanın Taksim etirazlarının arxasında “xarici güc mərkəzləri” axtarması…

Olub-bitənləri illah ki, ölkədən kənardakı güclərlə bağlamağa çalışması…

“Türkiyənin hüzurunu qaçırmaq, siyasi və iqtisadi sabitliyini pozmaq istəyən” kənar qüvvələrin ayağına yazması  – nə qədər tanış, nə qədər doğma ittihamlardır, deyilmi?

Oxşar suçlamaları “Əsgər ölümlərinə son!” aksiyalarında biz özümüz azmı eşitdik bəyəm?

Ondan əvvəl də dönə-dönə eşitməmişdikmi?

Ondan sonra da eşitmirikmi, məsələn, elə Milli Şura ilə bağlı.

Rusiyadakı son prezident seçkilərindən sonrakı mitinqlərdə “Qərb kəşfiyyatının izi”ni, “xarici fondların pulları”nı axtarmırdımı Putin?

Ya da Iranın dini liderinin, rəsmilərinin çıxışlarına baxın. Hər fürsətdə ittiham hədəfi, qəzəb ünvanı ölkədən kənarda seçilir, hər etirazın arxasında illah ki, bir xarici düşmən axtarılır.

Və istər-istəməz, düşünürsən: basqıçı, ədalətsiz, oğru, repressiv rejimlərin bu ortaq yanının altında nə yatır, görəsən?

Nədir onlar arasındakı bu bənzərliyin sirri?

Mənim bir neçə versiyam var.

Bir: öz ölkələrindəki tənqidi səsləri rahatca boğa bildikləri halda, bunu ölkələrindən kənarda bacarmamağın yaratdığı kompleks. Ona görə də məsələn, “kürü diplomatiyası” ilə özlərinə sərf edən hansısa qərarın, hesabatın keçməsinə nail olduqda yerə-göyə sığdıra bilmədikləri hansısa Avropa Şurasından-zaddan kiçik bir tənqid gəldikdə dərhal “düşmən” elan edirlər, yerdən-yerə vururlar.

Iki: Onları ya hakimiyyətə gətirən, ya da hakimiyyətdə tutan səbəbin hansısa xarici güc olması. Ona görə də ən xırda tənqiddən əndişələnirlər, narahat olurlar, quşqulanırlar. Düşünürlər ki, əgər biz bunların səbəbinə var ola, ayağa qalxa, ayaqda qala bilmişiksə, deməli, əksi də baş verə bilər. Ürəklərinə xal düşür ki, olmaya artıq çarx tərsinə dönür, bizi var etdikləri kimi də yox etmək istəyirlər.

Üç: öz toplumlarını xor görmək, öz toplumlarına həqarətlə yanaşmaq, öz toplumlarına aşağılayıcı münasibət bəsləmək. Hər bir basqıçı, təkəlçi rejim həmişə bu qənaətdədir ki, total qorxu mühiti yaratmaq üçün həyata keçirilən repressiyalar, işgəncələr artıq bəhrəsini verib, daha onların əli üstündə heç bir əl yoxdur. Qarşılarında indi sadəcə, döyənə əlsiz, söyənə dilsiz bir xalq durur. Kimlərsə heç vaxt çıxıb onlara “gözün üstə qaşın var” deyə bilməz. Hesab istəyə bilməz. Sorğulaya bilməz.

Ona görə də elə ki, günün birində illərcə insanların içinə yığılan qəzəb, nifrət yumruqlara çevrilir…

Küçələrə daşır…

Meydanları doldurur, o zaman gözlərinə inanmaq istəmirlər. Dirənişini qırdıqları, gözünü qorxutduqları, qəlbinə, beyninə hakim olduqlarını düşündükləri xalqın bu üsyanının, bu etirazının özbaşına olmadığına qənaət gətirirlər.

Onu öyrədən birinin olduğuna inanırlar.

Onun qulaqlarının hardansa doldurulduğuna əminlik yaranır bunlarda.

Beləcə, “xarici düşmən”, “kənar güclər”, “bizi sevməyən qüvvələr” axtarışı başlayır.

Oysa, barı bircə dəfə çevrilib tarixə baxsalar, görəcəklər ki:

Qorxu ilə, repressiya ilə, basqı ilə, təhdid ilə…

Dilləri qıfıllamaq, qolları qandallamaq ilə…

Problemləri, dərdləri xalça altına süpürməklə heç yerə varmaq olmaz.

Yalanla, yaltaqlıqla, saxtakarlıqla uzağa gedilməz.

Heç olmasa, bircə dəfə keçmişi səhifələsələr, anlayacaqlar bunu:

Dünyada səbri sonsuz olan heç bir xalq…

Dünyada daşmayacaq heç bir səbr kasası yoxdur.