“Polis müdaxilələri seçkinin legitimliyinə kölgə salır”

AXCP Rəyasət Heyəti ölkədəki vəziyyəti müzakirə etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyəti (AXCP RH) növbəti iclasını keçirib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilat daxili məsələr müzakirə olunub.
Rəyasət Heyəti ötən müddətdə keçirilən müşavirələrlə bağlı hesabatları dinləyib, görülən işlər müsbət qiymətləndirilib, onların başqa rayonlarda davamı üçün qərar qəbul olunub. Müşavirələrə polis müdaxiləsi ilə bağlı məqamlar da diqqətə alınıb, bu addımlar pislənilib.
AXCP RH hesab edir ki, seçki ilində polisin siyasi proseslərdə qanunsuz iştirakı indidən seçkilərin legetimliyinə kölgə salacaq amil kimi dəyərləndirilməlidir.
AXCP RH siyasi məhbusların da durumunu müzakirə edib. Amnistiyaya düşməsinə baxmayaraq hələ də azadlığa buraxılmayan AXCP üzvü İlqar Rzayevə qarşı hakimiyyətin göstərdiyi siyasi qərəz tənqid olunub. AXCP hakimiyyəti yarımçıq verdiyi amnistiya qərarını dürüst yerinə yetirməyə, vətəndaşlara qarşı ayrı-seçkilikdən əl götürməyə çağırıb.
AXCP RH-də vicdan məhbusu Daşqın Məlikov (AXCP) və Zaur Qurbanlının (N!DA) sağlamlığının kiritikliyini nəzərə alaraq hər iki şəxslə bağlı xüsusi bəyanatın verilməsini qərara alıb.
AXCP RH Zərdab rayonunun bir qrup sakini jurnalist Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum çəkməsini də zərərli və qorxulu tendensiya kimi müzakirə edib. AXCP RH jurnalistin peşə fəaliyyətinə görə yaxınlarına qarşı törədilən qanunsuzluqları hadisəsini qətiyyətlə pisləyib və günahkarların təcili olaraq məsuliyyətə cəlb olunmasını tələb edib.