Elman Rüstəmov istintaqa cəlb edilə bilər

Müzəffər Baxışov: «Azərbaycandakı siyasi hakimyyət üçün rüşvət almaq cinayət sayılmır»

Azərbycan və Suriya mərkəzi banklarının rəhbərləri pul çapı üçün müqavilələrə görə Avstriya mərkəzi Bankından rüşvət alıblar. Bu haqda “Bloomberg” agentliyinə Vyana prokurorluğu məlumat verib. 83 səhifəlik ittihamnaməyə görə, Azərbaycan və Suriya banklarının rəhbərləri Elman Rüstəmov və Abid Malayev 14 milyon avro məbləğində rüşvət alıblar.
Azərbaycan Mərkzi bankının mətbuat katibi Namiq Əliyev məsələylə bağlı şərh verməyib və bildirib ki, Elman Rüstəmovun nömrəsi onda yoxdur.
Ittihamnamədə qeyd olunur ki, sövdələşmədə məqsəd Azərbaycan Mərkəzi Bankının sifarişlərini mümkün qədər daha böyük müddətə generasiya etmək olub.
Suriya və Azərbaycan rəsmi şəxslərinin bu ittihamlarla bağlı xəbərdar olunub-olunmadıqları haqda məlumat verilməyib.
Azərbaycanın rəsmi şəxsinin adı ilə bağlı olan bu ittiham kifayət qədər ciddi məsələdi. Bu cür hallar hüquqi müstəvidə öz həllini tapır, məhkəmə prosesləri, istintaq həqiqətləri üzə çıxarır.
Bəs, Elman Rüstəmovun adı ilə bağlı olan rüşvət qalmaqalı necə yekunlaşa bilər? Bu faktlara aydınlıq gətirilməsi üçün Elman Rüstəmov dindirilə bilərmi?

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycan və Suriya qeyri-demokratik ölkə olduğu üçün bu cür hallar tez-tez baş verir. Siyasi hakimiyyət üçün rüşvət almaq və rüşvət vermək cinayət sayılmır. Ancaq Avstriya hüquqi bir dövlətdir və ortaya çıxmış fakt üzrə cinayət işi açılıb.
Məsələnin hüquqi tərfinə gəlincə, Müzəffər Baxışov bildirdi ki, Azərbaycan və Avstriya Avropa Şurasının üzvüdür və Avropa Şurasının müvafiq konvensiyasına görə, tərəflər bir-birinə hüquqi yardım göstərməlidilər: “Mövcud qanuna görə, Avstriya hüquq mühafizə əməkdaşları Azərbaycana gəlib Elman Rüstəmovdan bu məsələlərlə bağlı ifadə ala bilərlər. Ancaq qanunvericiliyə görə onlar Elman Rüstəmovu Azərbaycan dövlətindən istəsələr, Azərbaycan tərəfi ittiham olunan şəxsin Azərbaycan vətəndaşı olduğuna görə bundan imtina edəcək. Ancaq bütün bu ittihamlar baradə kifayət qədər sübutlar varsa, Avstriya tərəfindən cinayət işi Azərbaycana göndərilə bilər. Və Azərbaycanda rüşvət almaqla bağlı cinayət işi başlanmalıdır. Çünki Azərbaycan Korrupsiyaya qarşı mübarizə ilə bağlı Avropa Şurasının Konvensiyasını imzalayıb və bu konvensiyanın müddəalarına əməl etməlidir.  Digər tərəfdən, Azərbaycan Baş Prokurorluğu bu hadisə ilə bağlı özü də araşdırma aparmalıdır və rüşvət alan vəzifəli şəxs barədə tədbirlər görməlidir”.
Müzəffər Baxışov onu da əlavə etdi ki, bu cür halların Azərbaycanda düzgün hüquqi qiymət alması inandırıcı görünmür. “Yalnız siyasi hakimiyyətin göstərişi olacağı təqdirdə bu işin araşdırılması real görünür, əks halda işə xitam veriləcək”.

Ilham Hüseyn