Avropada “məxməri inqilabın” simvolu

Bağışlamağı və hər zaman başqalarına nümunə olmağı bacaran lider – Vatslav Havel

«Prezident seçiləndən sonra mənə vaxtilə məndən xəbərçilik edən həmkarlarımın siyahısı təqdim olundu. Həmin kağızı dərhal cırıb atdım və ordakı adları unutdum»

Tarixdə 13 il ərzində üç dövlətin prezidenti olmaq imkanını yalnız bir nəfər əldə edib. 1989-cu ildə Çexoslavakiya prezidenti seçilən Vatslav Havel bir il sonra Çexiya-Slovakiya Federasiyasının, 1993-cü ildən 2002-ci ilə qədər isə Çexiya respublikasının prezidenti olub.
Müasir siyasi və mədəni həyatın ən parlaq şəxsiyyətlərindən olan Havel bir çoxları üçün Şərqi Avropada dəyişikliklərin və “totalitarizm”in iflasının simvoludur. Bütün şüurlu həyatını ölkəsində azadlıq və demokratiyanın bərqərar olması uğrunda mübarizəyə həsr edib.

Kommunist rejiminə qarşı mübariz

Həyatı boyu totalitar kommunist rejiminə qarşı mübarizə aparan Vatslav Havel 1936-cı il oktyabrın 5-də Praqada varlı ailədə anadan olub. 1942-ci ildə məktəbə gedən Vatslav 3-cü sinifdə oxuyanda ölkəsi alman qoşunlarından azad edilir. 1948-ci ildə hakimiyyətə gələn kommunistlər Havel ailəsinin əmlakını müsadirə edir. Vatslav isə yeni rejimin əleyhdarı olan ailənin övladı kimi məktəbdən qovulur. Praqada axşam gimnaziyasında oxuyan Vatslav 1954-cü ildə orta təhsil şəhadətnaməsi alır. 1955-ci ildə ildə ədəbi tənqidçi kimi çıxış edən Havel qısa müddətdə ədəbi dairələrdə tanınır. O zaman artıq ilk pyesləri də ortaya çıxır. 1963-cü ildə Havelin ilk “Bağ bayramı” pyesi tamaşaya qoyulur. Ancaq burjua mənşəli olduğundan Havel uzun müddət ali təhsil ala bilmir. Nəhayət, 1966-cı ildə o, Praqa Incəsənət Akademiyasını bitirə bilir. Bundan bir il əvvəl isə o, sonralar kommunist partiyası tərəfindən qadağan ediləcək “Tvarj” (“Sima”) ədəbi-bədii jurnalın redaksiya heyətinin üzvü olur. O zaman Vastlav jurnala dəstək üçün imzatoplama kampaniyasına başlayır. Həmin dövrdə o, kommunist partiyasının üzvü olmayan yazıçıları özündə birləşdirən “Müstəqil yazıçılar çevrəsi” təşkilatını yaradır. Öz əsərlərində Vatslav Havel tez-tez Absurdistan sözündən istifadə edirdi. Bu, xüsusilə də siyasət və hökumətdə absurd halların norma olduğu ölkə üçün ironik bir ad idi. Sonralar bu termin Şərqi Avropa ölkələrində də geniş yayıldı. Ümumilikdə Vatslav Havel – on altı pyes, kitab, məqalə və esselərin müəllifidir. Ancaq Havelin ədəbiyyatçı kimi fəaliyyətinə 1968-ci il hadisələri son qoyur.

Dissident fəaliyyəti

1968-ci ildə Varşava müqaviləsi qoşunlarının Çexoslavakiyaya hərbi müdaxiləsinə qarşı etiraz edən Havelin kitabları və əsərlərinin tamaşaya qoyulması qadağan edilir. 1968-ci ildən sonra Havel fəal şəkildə insan hüquqları və demokratiya uğrunda mübarizəyə qoşulur.
Həmin dövrdə işsiz qalan Havel hətta bir müddət pivə zavodunda fəhlə kimi çalışmalı olur. Çexoslavakiyadan mühacirət etmək imkanı olan Havel bunu etmir. Bunun əvəzində rejimə qarşı mübarizədə daha da fəallaşır. 1975-ci ildə, fəal müqavimət dövründə Çexoslovakiya prezidenti Qustav Qusaka məktub yazaraq rejimi kəskin şəkildə tənqid edir. “Xartiya-77″nin müəlliflərindən olan Havel bu hərəkatın liderinə çevrilir. Hakimiyyətin reaksiyası özünü çox gözlətmir. 1977-ci ildə ”xaricdə respublikanın maraqlarına qəsd” ittihamı ilə həbs edilərək şərti olaraq 14 ay həbs cəzasına məhkum edilir, iki ay sonra isə “dövlət xidmətçilərinə hücum”da ittiham edilərək həbsxanaya salınır. 1978-ci ilin mart ayına qədər həbsdə olan Havel azadlığa çıxandan sonra haqsız yerə təqib edilənlərin hüquqlarının müdafiə komitəsini yaradır. 1979-cu ilin may ayında mövcud rejimi devirmək ittihamı ilə yenidən həbs edilir, oktyabr ayında isə 4 il yarım həbs cəzasına məhkum edilir. 

Məxməri inqilab

1989-cu ildə Havel yenidən həbs edilsə də, qısa müddətdən sonra sərbəst buraxılır. Ancaq həbslər onun nüfuzunun daha da artmasına səbəb olurdu. Həmin ilin payızında praqalı tələbələrin etirazlarından sonra “Məxməri inqilab” başlayır. Havel Çexiyada əsas müxalifət qüvvəsinə çevrilən “Vətəndaş forumu”nun təşəbbüskarlarından biri idi. Siyasətçi kimi onun nüfuzu artmaqda idi. 1989-cu ilin dekabr ayında Çexoslavakiya parlamenti kooptasiya (hər hansı bir seçilən orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) haqqında konstitusiya qanunu qəbul etdi. Parlamentdən istefa vermiş 23 kommunist deputatın yerini yeni deputatlar tutdu. Kommunist partiyası səlahiyyətlərini itirəndən sonra prezident Qusak istefaya gedəcəyini açıqladı. Vatslav Haveldən başqa “Vətəndaş forumu”ndan daha bir nəfər də namizədliyini irəli sürsə də, qurumun 43 üzvündən 37-si məhz Havelin namizədliyinə səs verdi. Dekabrın 10-da Havelin namizədliyi ictimaiyyətə təqdim olundu və “Vətəndaş forumu” seçki kampaniyasına başladı.

Çexoslavakiya prezidenti

Dekabrın 29-da isə Çexoslavakiya Sosialist Respublikasının Federal Məclisində Vatslav Havel yekdilliklə prezident seçildi. O, son 40 ildə Çexoslavakiyanın ilk qeyri-kommunist dövlət başçısı oldu. Müxalifətin bu qələbəsindən sonra ölkədə nümayişlərə, etirazlara son qoyuldu və həyat normal axarına qayıtdı.
Siyasətin əxlaqi dəyərlərə söykənə biləcəyini sübut edən Havel hətta prezident seçiləndən sonra da heç vaxt siyasətə can atmadığını deyirdi. Havelin ilk yeni il təbriki kommunist dövlət başçılarının nitqindən xeyli fərqlənirdi. Xalqına müraciətdə ölkəsinin geridə qaldığını, iqtisadiyyatın çökdüyünü deyən prezident mənəvi cəhətdən bulaşmış ölkədə yaşadıqlarını dilə gətirir: “40 il ərzində sizlər ölkəyə rəhbərlik edənlərin dilindən eyni sözü eşidirdiniz – ölkə çiçəklənir, biz hamımız xoşbəxtik. Ancaq mən bu yalanı danışmayacam. Ölkəmiz çiçəklənmir. Iqtisadiyyatımız geriləyir. Ancaq ən pisi odur ki, biz mənəvi cəhətdən bulaşmış bir mühitdə yaşayırıq. Biz mənəvi cəhətdən xəstəyik. Artıq Brejnev və Stalin dövrü geridə qaldı. Kommunizmin yenidən qayıdacağını təsəvvür belə edə bilmərəm”.
Havelin ilk prezidentliyi yarım il davam etdi. Həmin dövrdə Havelin bəzi qərarları birmənalı qarşılanmırdı. Məsələn, 1990-cı ildə geniş amnistiya verildi, azadlığa buraxılanlar arasında cinayət törətmiş şəxslər də az deyildi. Ümumiyyətlə, hakimiyyətdə olduğu illərdə dəfələrlə amnistiya və əfv fərmanları imzalayan Havel buna görə hətta tənqidə də məruz qalıb.
Havelin ikinci prezidentlik müddəti 1990-cı ilin iyul ayından başlayır. Həmin dövrdə Çexiya və Slovakiya arasında gərginlik artırdı. Havel iki respublikanın federasiyasının saxlanılması mövqeyindən çıxış edirdi. Lakin vahid dövlətin dağılmasına heç nə mane ola bilmədi. Çexoslavakiyanın parçalanmasının qaçılmaz olduğunu görən Havel 1992-ci ildə prezidentlik müddətinin sonuna üç ay qalmış istefaya gedir. Hakimiyyətdə olduğu ilk günlərdə Qərb oriyentasiyasını nümayiş etdirən Havel sovet qoşunlarını ölkəsindən çıxarmaqla da yadda qaldı. Havelin prezidentlik dövründə Çexoslavakiyada ilk iqtisadi islahatlar da həyata keçirildi.

Çexiya prezidenti

Çexoslavakiya parçalanandan sonra Havel 1993-cü ildə müstəqil Çexiyanın ilk prezidenti seçilir. Ölkənin inkişafına nail olan dövlət başçısı 1998-ci ildə ikinci müddətə prezident olur. Çexiyaya başçılıq edən Havel onu yenidən Avropaya qaytarmaq, Qərb qonşuları üçün açıq etmək istəyir və bu məqsədinə də nail olur. Əsas xidməti isə 1999-cu ildə ölkəsinin NATO-ya üzv olması idi. Havel Çexiyanın Avropa Ittifaqının tam hüquqlu üzvü olması üçün də çalışırdı. Ölkənin ictimai-siyasi həyatındakı demokratikləşmə də məhz onun adı ilə bağlıdır.

“Zəfər çalan demokratiyanın pərisi”

Ölkədə çox böyük nüfuzu olan Havel özünə inamlılığı ilə seçilirdi. Qərarlarında tərəddüd etməyən “məxməri inqilab” qəhrəmanı konkret adamlar və təşkilatlarla mübarizə aparmaqdansa uzun illər totalitar rejimdə yaşayan millətinin bəzi vərdişlərinə və adətlərinə son qoymağa çalışırdı. ABŞ dövlət katibi Madlen Olbraytın “zəfər çalan demokratiyanın pərisi” adlandırdığı Havel bu vəzifəsinin öhdəsindən uğurla gəlir. “Şkoda” avtomobil şirkəti Almaniyanın “Volsvagen”a konserninə satılarkən buna etiraz edənlərə Havelin cavabı belə olur: “Işləməyən sahəni görəndə deyirəm – çexlərin əlində boş qalan yeri almanlara satıb ondan fayda götürmək daha yaxşıdır”. Havelin dövründə Çexiyada kommunistlərə də münasibət digər keçmiş sosialist ölkələrindən fərqli idi. Kommunist rejimi ilə əlaqəli olan şəxslərə ölkədə vəzifə tutmaq qadağan edilsə də, Havel bağışlamağı və hər zaman başqalarına nümunə da olmağı bacarırdı: “Prezident seçiləndən sonra mənə vaxtilə məndən xəbərçilik edən həmkarlarımın siyahısı təqdim olundu. Həmin kağızı dərhal cırıb atdım və ordakı adları unutdum”.
Prezidentlik müddəti 2003-cü ilin fevral ayında başa çatan Havel müxtəlif beynəlxalq təşkilatların, o cümlədən 1990-cı ildə insan haqları sahəsində fəaliyyətinə görə YUNESKO-nun mükafatına, 2003-cü ildə Çexiyanın ali mükafatına layiq görülüb. 2009-cu ildə isə Slovkiyanın Avropa strukturlarına inteqrasiyasına etdiyi yardıma görə bu ölkənin ali mükafatı ilə təltif edilib. Həmin ildə Havel Kvadrit mükafatı ilə də təltif edilib. Bu mükafat siyasət, iqtisadiyyat və mədəniyyat sahəsində nailiyyətlər əldə edən şəxslərə verilir.

Putinin düşməni

Havelin Rusiya ilə münasibətləri də yaxşı deyildi. Daha doğrusu, onun Kremlin siyasətini və insan haqları sahəsində yol verdiyi pozuntuları tənqid etməsi Moskvada mənfi qarşılanırdı. Havel Putinlə hətta danışmağı da özünə rəva bilmirdi. O hesab edirdi ki, Rusiya xüsusi xidmət orqanının keçmiş əməkdaşı ilə danışılası sözü yoxdur. 2006-cı ildə Putin Praqaya səfər edərkən artıq keçmiş prezident olan Havel buna etirazını bildirdi.
Məhz Havelin səyləri nəticəsində 2011-ci ildə “Kvadrit” mükafatı Putinə təqdim edilmədi. Havel açıq şəkildə bəyan etdi ki, bu mükafat “demokratiyanın düşməni”nə verilsə, bir il əvvəl aldığı mükafatından imtina edəcək.
Görünür, bu münasibətə görə də 2011-ci ilin dekabrın 18-də 20-ci əsrin bu parlaq şəxsiyyəti öləndə dünyanın dövlət başçılarından fərqli olaraq Rusiya rəhbərliyi Çexiyaya başsağlığı vermədi. Iki ay əvvəl, oktyabrın 5-də isə Havel dünya liderlərindən 75 illiyi münasibətilə təbriklər almışdı.

Fizzə