«Naxçıvan» qruplaşması hakim partiyadakı təyinatlardan qəzəblənib
Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında partiya sədrinin yeni müavinlərinin seçilməsi əslində çoxları üçün gözlənilməz olub və bəzi qruplaşmalar bu təyinatlardan qəzəblənib. Bu barədə “Azadlıq”a hakimiyyətdəki mənbə bildirib. Mənbənin sözlərinə görə, yeni müavinlərin təyinatından xüsusilə iqtidardakı “Naxçıvan” qruplaşması hiddətlənib.
Mənbə bildirib ki, əslində “Naxçıvan” qruplaşmasının hiddətlənməsi əsassız deyil.
Məsələ burasındadır ki, Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra Paşayevlər önə çıxmaqla iqtidarda əsas gücə çevrilməyə başladılar. Hətta iş o yerə çatdı ki, Paşayevlər 2013-cü ildə hakimiyyəti tamamilə əllərinə keçirmək iddiasına düşdülər. Lakin 2009-cu ildə Naxçıvan qruplaşması bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını gündəmə gətirdi. Referendum keçirildi və konstitusiyaya məlum dəyişiklik edildi. Bu Paşayevlərin 2013-cü illə bağlı planlarının qarşısını almağa hesablanmış addım idi.
Ilham Əliyev namizədliyini irəli sürməyə tərəddüd etməsinə baxmayaraq “Naxçıvan” qruplaşması ölkə başçısını bu addımı atmağa məcbur elədi. YAP-ın qurultayında Ilham Əliyevin namizədliyi irəli sürüldü. Amma Paşayevlər də onların yolunda maneə olan “Naxçıvan” qruplaşmasını sıradan çıxarmaq üçün planlarını reallaşdırmaqda davam etdiriblər.
Mənbə bildirib ki, YAP sədrinin yeni müavinləri arasında “Naxçıvan” qruplaşmasını təmsil edən yoxdur.
Mehriban Əliyeva ilə bağlı şərhə ehtiyac yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Bakıda anadan olub. Ilham Əliyevin qayınatası Arif Paşayevlə dostdur. Onun AMEA-nın prezidenti seçilməsində də Arif Paşayevin mühüm rolu olub. Baş nazirin müavini Əli Həsənov Cəbrayıl rayonun Böyük Mərcanlı kəndində anadan olub. Qarabağlılar arasında müəyyən qədər nüfuzu var. Əli Həsənov Qarabağ bölgəsindən olanlardan Paşayevlərə dəstək almaq üçün sədr müavini postuna gətirilib. Qərbi Azərbaycandan olan Əli Əhmədov isə bir müddətdir ki, Paşayevlərin çətiri altına keçib.
Mənbə bildirib ki, Paşayevlər bu qruplaşmanı tamamilə YAP-dan və hakimiyyətdən uzaqlaşdırmağı düşünürlər. “Naxçıvan” qruplaşması bunun fərqindədir. Ona görə də hiddətlənərək Paşayevlərin planlarını alt-üst etmək üçün adekvat addımlar atmağı düşünürlər.