R.Ibrahimbəyovun tək adaylığı ilə bağlı önərgə ortaya çıxandan ona qarşı böyük bir kampaniyaya start verilib. Bu kampaniyanın başında Azərbaycanda hələ uzun illər özlərinin IŞĞAL rejimlərini qoruyub saxlamağa çalışan kimsələr durur. Qalanları üç qrupa bölmək olar: 1) Cümşüd Nuriyev kimi müxalifətdən qıraqda durub rejimin BEŞINCI KOLONU rolunu oynayan kimsələr; 2) müxalifətin içində illərdən bəri rejimin BEŞINCI KOLONU rolunu oynayan adı bəlli kimsələr; 3) müxalifət arasında daha çox destruktiv çalışmaları ilə tanınan kimsələr.
Rejimə birbaşa bağlılığı ilə tanınanların antiRüstəm arqumentləri, demək olar, birdir: R.Ibrahimbəyov siyasətçi deyil, ondan prezident olmaz. Ikincilərlə üçüncülərin arqumentlərini toparlayası olsaq, belədir: Rüstəm Rusiyanın adamıdır, ondan bizə prezident olmaz. Adı müxalifətə, özü bütünlüklə rejimə bağlı kimsələrdən biri qəzetində açıq-açığına antiRüstəm kampaniyasına başlayıb. Elə başlanğıcdan xalqın “damarını” tutmaq üçün Rüstəmi xalqa ermənisevər kimi tanıtmağa çalışılır.
VIP başçısı Ə.Əliyevlə ADP başçısı S.Cəlaloğludan alıntılar üzərində ayrıca dayanmaq gərəkir. Ə.Əliyev: “Bu təşkilat (MŞ. – X.B.) Azərbaycanın Rusiyaya yeni formada birləşdirilməsi məqsədi güdür və buna görə də bizim siyasi rəqibimizdir. Biz elan etmişik ki, Azərbaycanı yenidən müstəmləkə boyunduruğuna salmaq istəyən təşkilat və fərd bizim düşmənimizdir. Ona qarşı düşməncəsinə davaranacağıq. Kimliyindən asılı olmayaraq, bizim bu cür qurum və şəxslərə münasibətimiz dəyişməyəcək”. Çox gözəl, ancaq… sən hələ işə başlamayan bir qurumu şpion qurumu kimi tanıdırkən nəyə, hansı fakta söykəndiyini ortaya qoymalıydın. Qoymamısan. Ortadakı şpion qurumudursa, o sənə necə “siyasi rəqib” ola bilər? Axı, bu iş sənlik deyil, MTN-likdir! “Müstəmləkə boyunduruğu”. Azərbaycan 1993-dən Əliyevlərin MÜSTƏMLƏKƏ boyunduruğundadır, onları niyə düşmən saymırsan? Əliyevçi MÜSTƏMLƏKƏ rejimi 20 ildə Rusiya imperiyasının 200 ildə etmədiyini etdi: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında Azərbaycanı böyük aşınmaya uğratdı – fahişələr ölkəsinə çevirdi: ona niyə düşmən olmursan? Ona düşmən olmamağın bir yana, faktik olaraq bu rejimin dəyişməməyinə çalışırsan. Sən Milli Şuranı sevməyə bilərsən – bu sənin hüququndur. Ancaq yersiz pafosa bürünüb dolayısıyla Rüstəm Ibrahimbəyovu bəri başdan gözdən salmağa çalışmaq normal görsəniş deyil. Yadımdadır, Azadlıq bloku dönəmində Ə.Əliyev jurnalistlər qarşısında, rejimin ona belə bir təpkili mesajda bulunduğunu demişdi: “Haqqını al, sus!”
S.Cəlaloğlu R.Ibrahimbəyovla bağlı iki qoşulda bulunur: 1) “R.Ibrahimbəyov seçki bitənə kimi Rusiyadan çıxıb Avropa ölkələrindən birində yaşasın; 2) Milyarderlər birliyindən çıxmalıdır. Bu qurum Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğuldur”. S.Cəlaloğlu beləcə R.Ibrahimbəyovun kirli pullar kimi “yuyulmasına” çalışır. Sərdar bəyin düşüncəsinə görə, Rüstəm bəy gedib Avropa ölkələrindən birində, deyək, Serbiyada yaşasa, “Rusiyanın adamı” olmaqdan çıxacaq. Bu nə darğın düşüncə! Günü bu gün də Azərbaycanda, bizim öz ölkəmizdə, Rusiyaya işləyən kimsələr var. Üstəlik, əliyevçi rejimin özü Rusiya proyekti deyilmi? “Milyarderlər birliyi Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə məşğul olduğuna görə” R.Ibrahimbəyov bu Birlikdən çıxmalıdır. Düzü, mən S.Cəlaloğlunun belə bir düşüncə yiyəsi olduğuna inanmıram. Ancaq fakt da ortadadır.
Bəlli olduğu kimi, indi Rusiyada əliyevçi rejimin zülmündən qaçmış 3 milyona yaxın azərbaycanlı yaşayır. Rusiya hökumətləri ilə Əliyevlər hökumətinin bağrıbadaşlığı üzündən o 3 milyon 20 il ata-oğul Əliyevlərin seçiciləri sırasında olub. Indi dönərgələr dönüb: Rusiyada yaşayan azərbaycanlılar daha onları çöllərə salmış, illərlə onlardan üz döndərmiş, onların özlərinin, yurddaşlarının var-yoxunu mənimsəməklə MILYARDER olmuş Ilham Əliyevə deyil, öz bacarığı ilə milyarder olan, “problemləri ilə məşğul olub” onlara arxa duran Milyarderlər BIRLIYININ istədiyi kimsəyə səs vermək istəyirlər. Yaxınlarına hər ay toplam milyonlarla pul göndərən, beləliklə, yalnız özlərini deyil, Azərbaycandakı çoxlu sayda adamı yetərincə donatan o adamların bizdəki seçkiləri istədikləri axara yönəltmək şansları da var. Bu isə R.Ibrahimbəyovun seçki şansını daha da artıran faktorlardandır. Bizə də belə yaxın-uzaq şansları bir yerə toparlamaq gərək deyilmi?!
R.Ibrahimbəyovun bir sıra baxışlara görə, “Rusiyanın adamı” olmasına gəlincə, indiki Ukrayna prezidenti Yanukoviç də, indiki Gürcüstan prezidenti Ivanişvili də hakimiyətə “Rusiyanın adamı” olaraq gəlmişdi. Onların hər ikisinin öz ölkəsini tezliklə Rusiyaya birləşdirəcəyini düşünənlər vardı. Nə oldu? Bəlli olduğu kimi, onların hər ikisinin üzü Batıyadır. Ortadakı proyektə görə keçid dönəmi üçün – iki illiyə – prezident olacaq R.Ibrahimbəyov bu ölkəni ikicə ildə kukla kimi götürüb Rusiyaya bağışlaya bilərsə, onda bu ölkənin az-çox tanınmış sosial-siyasi gücləri olaraq biz bəri başdan yaşamaq hüququmuzu itirmiş oluruq – bir elə gücsüzlüyümüzə-gərəksizliyimizə görə!
R.Ibrahimbəyovun siyasətçi olmadığına gəlincə, burası doğrudan da doğrudur: R.Ibrahimbəyov siyasətçi deyil. Ancaq R.Ibrahimbəyovu siyasətçi saymayıb dışlayan bəlli kimsələrin düşüncəsinə görə, Azərbaycanda bu gün bir “üstün”, “alternativsiz” siyasətçi var, o da Ilham Əliyevdir. Olsun, ancaq bu adamın 10 illik prezidentliyi dönəmində istər iç, istər dış siyasətdə ölkəyə, xalqa qazandırdığı bircə dənə uğur faktını göstərin. Ancaq… Azərbaycan kimi 9 iqlim qurşaqlı ölkədə büdcənin 85 faizi, eksportun 97 faizi neft-qaz axınından oluşan “uğurlu siyasətdən” danışmayın: bu, ata-oğul Əliyevlərin Azərbaycana parlaq ulusal-milli FACIƏ janrında qazandırdıqları bir uğurdur! 10 illik prezidentliyi dönəmində I.Əliyevin bir gerçək, danılmaz uğuru olub: o, rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı bütünlüklə hakimiyət sisteminə oturuşdurub, dövlət siyasətinə çevirib!!
“R.Ibrahimbəyov siyasətçi deyil” arqumenti ilə bağlı. 20-ci yüzilin ən böyük siyasətçilərindən olan Çörçil deyirdi: “Yaxşı olar dövlətin başında duran adam siyasətçi olmasın: siyasətçi daha çox seçki qutusuna işlədiyindən daha çox da özü üçün çalışır”. Prezident olaraq Çexiyanı dönməz demokratiya yoluna çıxarmış Vatslav Havel prezidentliyədək yazıçı, dramaturq olmuşdu. R.Ibrahimbəyovu siyasətdən uzaq, I.Əliyevi “dahi siyasətçi” sayanlar unutmamalıdırlar: Moskva ilə Kiyev arasında “Beynəlxalq münasibətlər institutunu” bitirmiş I.Əliyev 10 illik prezidentliyi dönəmində Azərbaycanı demokratiya yolundan diktatura yoluna döndərməklə çağdaş dünyadan dışlanmaya gətirib çıxarıb! Azərbaycan da gün bir çox baxımlardan çağdaş dünyanın autsayder ölkəsinə çevrilib! Bu isə 10 illik dönəm sonucu olaraq autsayder prezidentlik deməkdir…
Dönə-dönə yazmışam, bir daha yazmaq gərəyi yaranır. Diktator S.Miloşeviç Serbiyanı indi bizdə olduğu kimi, bütün dünya ilə düşmən durumuna gətirmişdi. Bir şineldən – sosializm şinelindən çıxdığımızdan Serbiyanın müxalifət düşərgəsində illərlə bizim müxalifət düşərgəsində baş verənlər baş verirdi: Miloşeviç diktaturası ölkəni olduqca ağır duruma gətirib çıxarmışdı. Yalnız bir kimsənin liderliyi altında birləşmiş müxalifət ölkəni bu durumdan qurtara bilərdi. Müxalifətin belə birliyi illərlə alınmırdı. 2000-ci ildə, yeni prezident seçkisi ilində, bir araya gəlsələr də, öz aralarından lider seçə bilməyən 17 müxalifət partiyası sonda qıraqdan lider seçiminə üstünlük verdi. Onlar o çağadək SIYASƏTDƏN BÜTÜNLÜKLƏ UZAQ DURAN, ancaq doğru-düzgünlüyü ilə tanınan hüquqçu Voislav Koştunitsanı özlərinə lider seçdilər.
V.Koştunitsa elə o il prezident seçildi. Serbiyanı demokratik platformaya keçirən Koştunitsa dönəmini başa vurub, prezidentlikdən getdi. Bundan daha önəmli bir örnək ola bilərmi? Ölkəmizin indiki sosial-siyasi, mənəvi-psixoloji durumunda, bəlli siyasi konfiqurasiya ortamında, eləcə də indiki bəlli geopolitik sorunlar içində Rüstəm Ibrahimbəyovdan əlverişli fiqur tapa bilmərik. Kim ondan əlverişli, ondan üstün fiqur göstərə bilir, buyursun, göstərsin!
Bizə bu gün hamımız üçün ortaq sayıla biləcək bir fiqur gərəkdir. Belə desək, ulusal barışıq – ulusal birlik fiquru. Indilikdə bu yerə daha çox mən, sən, o deyil, Rüstəm Ibrahimbəyov uyğun gəlirsə, nə etməli?
Rüstəm İbrahimbəyov – tək aday!
•