Sabir Rüstəmxanlı: «Sirus Təbrizlinin dediyi problemlər Nəriman Həsənzadənin dövrünə təsadüf edir»
Ötən gün YAP-ın qurucularından olan Sirus Təbrizli “Azadlıq” radiosunda “Işdən sonra” proqramının qonağı olub. Proqramda müxtəlif sualları cavablandıran Sirus Təbrizli maraqlı fikrlər söyləyib. O, PA rəhbəri Ramiz Mehdiyevlə münasibətlərinə də diqqət çəkib:
“3 ay idi mən nazir idim. Ramiz Mehdiyev mənə dedi ki, ay Sirus müəllim, siz o nazirlikdə nə etdiniz. Dedim nə olub ki? Dedi ki, biz işi həmin nazirliyin qayğıları, dedi-qodusu ilə başlayıb, yenə də həmin nazirliyin qayğıları dedi-qodusu ilə qurtarırdıq. Yəni mən prezident aparatını o dedi-qodudan qurtardım. Qısası, cavab verdim ki, mən işçilərimin nə əlinə baxıram, nə cibinə”.
Bildiyimiz kimi həmin dövrdə Sirus Təbrizli Mətbuat və Imformasiya naziri olub. Ancaq Sirus Təbrizlidən əvvəl bu postu millət vəkili Sabir Rüstəmxanlı tutub.
Görəsən Sabir Rüstəmxanlı nazirlikdə hansı problemləri yaratmışdı ki, Ramiz Mehdiyev gileylənirmiş?
Millət vəkili Sabir Rüstəmxanlı səslənən fikirlərə aydınlıq gətirərək bildirdi ki, mənim nazir olduğum dövrdə kifayət qədər islahatlar aparılıb. Kitab kombinatı yaradılıb, Orta Asiya, Dağıstan yollarıyla, qaçaq yollarla ölkəyə kağız gətirilib, əlifba islahatı aparılıb, 500-dən çox qəzet qeydiyyatdan keçib, 30-a yaxın informasiya agentliyi fəaliyyət göstərib, yardımçı təsərrüfat yaranıb, Nazirlik ciddi təşkilata çevrilib. “Sirus Təbrizliylə mənim aramda təxminən 1 il müddət olub. Vaxtilə mənim müavinim işləmiş Nəriman Həsənzadə sonradan rəhbərliyi həyata keçirdi. Bütün problemlər də o dövrdə yarandı. Mənim nazir olduğum dövrdə 7 dəfə yoxlama aparıldı, ancaq heç bir mənfi hal qeydə alınmadı. Mən komitəni nazirliyə çevirdim. Sirus Təbrizli Nazirlikdəki problemlərdən danışıbsa, bu mənim yox, Nəriman Həsənzadənin dövrünə təsadüf edir”.
Ilham Hüseyn


