“Iqtisadi inkişafın Azərbaycan modeli”

Bu sözləri iyunun 15-də Mübariz Qurbanlıdan eşitdim, AzTV-nin efirindəydi. M.Qurbanlının nəçi olduğunu xatırlatmağa ehtiyac yoxdur yəqin. O, dünən Azərbaycanın hansısa uğurundan, inkişafından, xilasından uzun-uzadı danışırdı. Hətta bəzən özləri də bu təkrarçılığı gülürlər də. 20 ildir eyni sözləri danışırlar, yeni heç nə yoxdur. Açığı, bütün bunları çıxışın əvvəlində eşitdim. Sonra televizoru səssizə qoyub baxdım. Sizə də məsləhət (böyük çıxmasın) görürəm ki, bu çıxışlara səssiz baxın. Çox maraqlıdır.

Onun çıxışında “Iqtisadi inkişafın Azərbaycan modeli” sözləri diqqətimi çəkdi. Az-çox dünyadan xəbərimiz var, qəzet, kitab oxuyuruq, xarici telekanallara baxırıq, müxtəlif tanınmış iqtisadçıların (yerli və xarici) çıxışlarını izləyirik, düzü indiyə qədər onlardan bu model haqda heç nə eşitməmişdim. Nədən söhbət gedir? Yaşadığımız Azərbaycanda belə bir model nədir, heç iqtisadiyyat görmürük. Gördüklərimizinsə model (söhbət iqtisadi modeldən gedir) olub-olmamasına mütəxəssislər – iqtisadçılar qiymət verə bilər.

Bizim eşitdiklərimiz, oxuduqlarımız başqadır. Məsələn, bir müddət qabaq Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Tax Custice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlayıb.ÿBütün başqa utancverici hesabatlar kimi həmin hesabatın da bizə – Azərbaycana aid hissəsi var. 1993-cü ildə ölkəyə “xilaskar” kimi gələn adamın və onun “layiqli davamçısının” 1993-2010-cu illər arasında ofşor zonalara 48 milyard dollar ötürdüyü ortaya çıxıb(aradan üç il keçib, məbləğin artdığı istisna deyil). Ofşor zonalarda bu “xilaskar” ailənin müxtəlif adlar altında şirkətləri var. Həmin şirkətlər Azərbaycanda, demək olar, bütün sahələri nəzarətə götürüb, iqtisadiyyatın ən müxtəlif sferalarında söz sahibinə çevrilib. Böyük, fantastik məbləğlərdə olan layihələrin hamısı bu şirkətlər vasitəsilə “həyata keçirilib” – ofşorlara ötürülüb də demək olar. Dubayda, Mayamidə, Çexiyada, Londonda və başqa diyarlarda “xilaskar”ların dəyəri yüz milyonlarla ölçülən daşınmaz əmlakı var. 

Ancaq burda bir məqamı vurğulamadan keçmək olmaz. Həmin hesabatda Ermənistandan 17 il ərzində ofşor zonalara vur-tut 2,2 milyard, Gürcüstandan isə 4,1 milyard dollar daşındığı göstərilib. M.Qurbanlı bu fərqdən də “qürur” duya bilər. Bilirsə… 

“Xilaskar”ların xaricdəki əmlakları hansı model əsasında alması barədə Mübariz Qurbanlıdan nəsə eşitmədim. Burda mənim də günahım var, adama səssiz qulaq asıramsa, eşidə də bilməzdim.

Ola bilsin, M.Qurbanlı bu illər ərzində özünün də, təmsil olunduğu partiyadakıların da şəxsi büdcəsinin, şirkətlərinin, şadlıq evlərinin, restoranlarının inkişafından danışıb, ancaq bunlar Azərbaycan demək deyil axı.

2001-ci ildə yaradılan “Silkvey”, Çovdar qızıl yatağı, “Narmobile”, “Azərsun”, “Akkord” və başqa saysız şirkətlərin kapitalının artması Azərbaycanın iqtisadı inkişafı anlamını vermir. 

Daha biri 2008-ci ildə yaradılan “Silk Vey Helicopter Services” MMC-dir. Onun saytında şirkət haqqında məlumatlarda yazılanları siz də oxuyub “qürur” duya bilərsiniz: “”Silk Vey Helicopter Services” MMC Azərbaycan Respublikası ərazisində kiçik aviasiya sahəsində fəaliyyət göstərən ən böyük aviaşirkətdir. Yeni yaradılmasına baxmayaraq, şirkət qısa zaman ərzində böyük nəaliyyətlər qazanmışdır. Bu da Azərbaycan Respublikasında azad sahibkarlığın inkişafı üçün yaradılmış yüksək şəraitin olmasını bir daha sübut edir”.

Görürsünüz, Azərbaycanda sahibkarlara necə  böyük imkanlar, şərait yaradılır; xüsusilə o şirkəti ailə üzvləri yaradırsa…