vp-qazet

“The Washington Post” İlham Əliyevlə Putini eyniləşdirdi

“İlham Əliyev xalq etirazlarının qarşısını almaq üçün inadla Putinin üsullarından istifadə edir”

Amerikalı jurnalistlər öz hökumətlərini dünyada anti-demokratik rejimlərə qarşı kifayət qədər qətiyyətli mövqe nümayiş etdirmədiyinə görə qınayır. Dünyanın ən nüfuzlu mətbu orqanlarından biri olan “The Washington Post” da dərc olunmuş “Putin repressiyasının pis nümunələrinə Vaşinqtonun zəif cavabı” başlıqlı yazı da bu haqdadır. Məqalədə eyni zamanda, Rusiya prezidenti Vladimir Putindən nümunə götürən rejimlərdən, o cümlədən Ilham Əliyevin repressiv addımlarından bəhs olunur.
“Rusiyanın elədiyi hər şeyi sən də eləyə bilərsən… Bu, Vaşinqtonun dünyadakı repressiv, hakimiyyətpərəst rejimlərə mesajıdır. Hər addımda Rusiya xalqının azadlıqlarını məhdudlaşdıran Vladimir Putindən nümunə götürən digər ölkələrin liderləri də ABŞ-ın (həm də Avropanın) baş verənlərə zəif reaksiyasını görüncə, insan hüquqlarına münasibətdə bu cür davranmağa cəsarət edirlər.
2011-ci ildə keçirilən qeyri-demokratik parlament seçkilərinə etiraz etmək məqsədilə küçələrə çıxan yüz minlərlə nümayişçinin qarşısını almaq üçün Putin zorakı addımlara yol verdi. Xalq etirazlarına cavab olaraq, Putin hökuməti yeni repressiv vasitə və texnologiyalar tətbiq etməyə başladı. Bu məqsədlə o, ilk növbədə qanunlardan “silah” məqsədilə istifadə etmək qərarı verdi. Putin bu üsuldan öz hakimiyyətini və mövqeyini möhkəmləndirmək üçün böyük həvəslə istifadə edir. Rusiya hökumətinin belə addımlarına ABŞ-ın münasibətini şikayət xarakterli və çox zəif olduğundan, əhəmiyyət verilmədi.
Rusiyanın cənubunda yerləşən Azərbaycanda prezident Ilham Əliyev oktyabrda keçiriləcək seçkilərdə qələbəni təmin etməyə mane ola biləcək xalq etirazlarının qarşısını almaq üçün inadla Putinin tətbiq etdiyi üsullardan istifadə edir. Ilham Əliyev də müxalifəti zəiflətmək üçün zorakılıq modelinə üstünlük verir.
Rusiyada icazəsiz etiraz aksiyalarında iştirak edənlərə qarşı cərimələr 31 dollardan 9450 dollara qaldırılıb. Azərbaycan hakimiyyəti də eyni variantı tətbiq edərək, icazəsiz etiraz aksiyalarının təşkili və bu aksiyalarda iştiraka görə həbs müddətini 15 gündən iki aya qaldırıb.
Rusiyada olduğu kimi, Azərbaycanda da internetdə təhqir və böhtana görə cinayət məsuliyyəti müəyyənləşdirildi, bununla əlaqədar qanunvericiliyə dəyişiklik edildi”, – deyə “The Washington Post” yazır.
Məqalədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da repressiv addımlarına görə ittiham obyekti olub.

Informasiya şöbəsi