İctimai Palatada qızğın Milli Şura dartışması (VİDEO/FOTO)

Əli Kərimli Milli Şuraya dəstək olmağa çağırdı; İsa Qəmbər vahid namizədlə bağlı şərtlərini açıqladı

İctimai Palata dünən növbəti sessiyasını keçirdi. Sessiyaya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat başqanı Isa Qəmbər sədrlik edirdi.

“Görməmiş hakimiyyətin siyasəti nəticəsində ölkədə dərəbəylikdir”

Sessiyanın keçirildiyi 15 iyun tarixinə toxunan Isa Qəmbər dedi ki, hakimiyyətdəkilər bu günü bayram, onlar isə Azərbaycan xalqının qarşılaşdığı bəla kimi xatırlayır: “Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsilə biz torpaqlarımızı itirmişik. Bu dönəmdə Azərbaycan xalqı ağır siyasi və iqtisadi bir vəziyyətdə yaşamağa məhkum edilib. Əliyevlərin hakimiyyəti dönəmində haqq və ədalət kimi müqəddəs hisslər təhqir edilib. Azərbaycanda korrupsioner bir rejim formalaşdırıblar. Görməmiş hakimiyyətin yeritdiyi siyasət nəticəsində ölkədə dərəbəylik hökm sürür. Biz inanırıq ki, bu il Azərbaycan xalqı köklü müsbət dəyişikliyə nail olacaq”.

Hesabat

Daha sonra səsvermə ilə iclasın gündəliyi müəyyənləşdi. Ictimai Palatanın Koordinasiya Şurasının dönəm sədri Ədalət Yusifov qurumun ötən bir aydakı fəaliyyəti barədə hesabat verdi.

“Daha böyük haqsızlıqların qarşısını almaq üçün kompromislərə getdik”

Daha sonra AXCP sədri Əli Kərimli ölkədəki hazırkı ictimai-siyasi durum barədə məruzə etdi. Çıxışına Demokratik Qüvvələrin Milli Şurasının təsis olunması barədə fikirlərlə başlayan AXCP sədri bunu çox böyük hadisə kimi qiymətləndirdi:
– Son 20 ildə ilk dəfədir ki, bu qədər müxtəlif qüvvə, cəmiyyətin ən müxtəlif seqmentləri bir araya gəlib. Əlbəttə, heç nə ideal olmadığı kimi Milli Şuradakı tərkib də ideal olmaya bilər. Məsələn, hesab edirəm ki, bir sıra adamlar – xüsusilə AXCP-də, Müsavatda və Ictimai Palatada təmsil olunan bir sıra şəxslər haqq etsələr də, kompromislərin nəticəsi olaraq Milli Şurada təmsil oluna bilməyiblər. Eyni zamanda, həmin o haqq edən cəbhəçidən, müsavatçıdan, Ictimai Palata fəalından daha az fəaliyyəti olmuş bəzi insanlar da kompromislərin nəticəsində Milli Şurada təmsil olunurlar. Həmçinin bizim Milli Şurada görmək istədiyimiz bir sıra tanınmış ictimai-siyasi xadimlər var ki, onlar da bu prosesdə iştirak etmirlər. Amma onların sayı çox deyil. O adamların hamısı ilə danışıqlar aparılıb. Müxtəlif səbəblərdən onların özləri bu prosesdə iştirak etməyiblər. 128 nəfərlik bir tərkib formalaşıb və məncə, ən tənqidi əhval-ruhiyyədə olan adamlar da bu tərkibin 100 nəfərini, daha da tənqidi yanaşsa, 70-80 nəfərini birmənalı qəbul edəcək. Bu insanlar ölkənin tanınmış simaları, öz sahəsində, siyasətdə, ictimai həyatda, ziyalı kimi uğur qazanmış insanlardır. Bu qədər insanın bir araya gəlməsi kifayət qədər böyük hadisədir.

Siyasi spektrin mühüm strukturlaşmış partiyaları bu prosesdə iştirak edir. Ziyalılar, gənclər hərəkatları bu prosesə çox ciddi dəstək verirlər. Ölkənin vətəndaş cəmiyyəti bu prosesdə geniş tərkibdə təmsil olunur. Ölkənin dindar kəsimi ilk dəfədir ki, demokratik qüvvələrlə eyni təşkilatda təmsil olunur. Hesab edirəm ki, həmin o, müəyyən kəm-kəsirlər bu qədər böyük işin müqabilində unudulmalı və ya arxa plana keçməlidir. Biz bu prosesdə hər şeyin ədalətli və ideal olduğunu iddia etmirik. Böyük kompromislər bahasına bu birliyə nail olmuşuq. Amma ayrı-ayrı dostlarımıza qarşı haqsızlıq ona görə mümkün olub ki, bütövlükdə hamımıza, millətimizə haqsızlıq və ədalətsizlik olmasın. Alternativ nədən ibarətdir? Pərakəndəliyin, indiki hakimiyyətin davam etməsi, ölkənin var-dövlətini talan etməsi, qarşıdan gələn seçkini də, ondan sonrakı seçkiləri də saxtalaşdırması. Bu, bizim hamımıza qarşı haqsızlıq deyilmi? Hamımıza haqsızlıq olmasın deyə, biz bu böyük kompromislərə getmişik.

Müxtəlif qüvvələrin enerjisini ümumi bir məxrəcə yönəltmək

Tarix yaşanan anda ciddi, dəqiq qiymətini ala bilmir. Bizim bu gün öyündüyümüz birinci Milli Şurada nə qədər müxtəlif qüvvələr var idi… Böyük Rəsulzadənin rəhbərlik etdiyi Müsavat fraksiyası orada ən müxtəlif qüvvələrlə birlikdə oturub, təmsil olunmuşdu. Kommunistlər, ittihatçılar, dindarlar və başqalarıyla bir arada idilər, hətta milli azlıqların da böyük fraksiyaları var idi. Biz onu üstünlük kimi qəbul edirik. Indi o müxtəlif qüvvələrin bir araya gəlməsini niyə üstünlük kimi qəbul etməyək?
Yaxud, 15 il əvvəl böyük liderimiz Əbülfəz Elçibəyin təşəbbüsü ilə formalaşmış SIDSUH prosesində bu gün Milli Şurada təmsil olunan qüvvələrin əhəmiyyətli bir hissəsi iştirak edirdi. Əminəm ki, indiki proses daha geniş tərkibi əhatə edir. Amma hər halda, bu gün Milli Şurada təmsil olunan qüvvələrin əhəmiyyətli hissəsi 15 il əvvəl bizimlə bərabər, Əbülfəz Elçibəyin liderliyilə bir təşkilatda birləşiblər. O da bizim tərəfimizdən yüksək qiymətləndirilib.
Biz hər zaman demişik ki, böyük liderlər böyük koalisiyalar yarada bilərlər. Elçibəyə də, Rəsulzadəyə də yaraşan bu idi – ən müxtəlif qüvvələrin enerjisini ümumi bir məxrəcə yönəltmək, böyük problemin həllinə nail olmaq. Indi də biz bacardığımızı etmişik.

İlham Əliyevin namizədliyi arxasındakı narahatlıq və yalan

Azərbaycan hökuməti heç vaxt indiki qədər narahat və pərt olmayıb. Son illərdə ikinci dəfə bu narahatlığı müşahidə edirəm. Ərəb inqilabları başlayanda, Ictimai Palatanın 2 aprel mitinqi ərəfəsində görmüşdüm bu narahatlığı, bir də indi görürəm. Azərbaycan hökuməti o dərəcədə həyəcanlanıb, başını itirib ki, YAP-ın qurultayını birdən-birə iki ay qabağa çəkdilər, tələsik namizədlərini elan etdilər. Narahat oldular ki, milli demokratik qüvvələrin, ölkənin demokratik kəsiminin alternativ olaraq bir mərkəzdə birləşməsi hökumətin içində də mərkəzdənqaçma qüvvələrini artıra bilər. Öz ətraflarına mesaj vermək istədilər ki, qaçıb dağılmaq hələ tezdir, seçkiyə gedəcəyik. O qədər həyəcanlanıblar ki, artıq bütün dünyanın adından yalan danışmağı da özlərinə rəva görürlər. Prezident Administrasiyası rəhbərinin müavini səviyyəsində Ilham Əliyevin namizədliyinin bütün beynəlxalq güclərlə razılaşdırılması haqda bəyanat verildi. Bu məsələnin iki tərəfi var. Biri budur ki, indi millilik libasına girmiş, millilik maskası taxmış qüvvələr bir ölkənin rəhbərinin müəyyənləşdirilməsini necə utanmadan xarici qüvvələrlə razılaşdırırlar? Hanı bəs sizin milliliyiniz, müstəqil dövlətiniz? Ikinci tərəfi isə ondan ibarətdir ki, bu, qorxudan irəli gələrək, xalqı aldatmaq cəhdidir. Tam məsuliyyətlə deyirəm ki, bu yalan bəyanatdır. Yalan olduğunu bu bəyanatdan cəmi iki gün sonra Avropa Parlamentinin çıxardığı sərt qətnamə də sübut etdi. Əgər Ilham Əliyevə bu qədər doğma münasibət var idisə, niyə onun namizədliyindən iki gün sonra Avropa Parlamenti bütün tarixində Azərbaycanla bağlı ən sərt, ən sanballı qətnaməni qəbul etdi?

Hakimiyyət beynəlxalq dəstəyini itirib

Mən xarici qüvvələrdən nicat gözləməyin tərəfdarı olmamışam və bunu dəfələrlə demişəm. Nə vaxta qədər ki, xilasımızı kənardan gözləyəcəyik, o xilas ləngiyəcək. Ölkəmizi özümüz xilas etməliyik. Amma dünyada baş verənləri də olduğu kimi qiymətləndirmək önəmlidir. Avropa Ittifaqının 27 aparıcı dövləti qətnamə qəbul edib, Azərbaycan hökumətindən bizim tələb etdiklərimizi tələb edir – siyasi məhbusların azad olunmasını, sərbəst toplaşmaq azadlığının təmin edilməsini, seçki islahatları, ölkədə demokratik institutların inkişafını, müstəqil məhkəməni tələb edir. Bütün dünya Azərbaycanda dəyişikliklər olmasına müsbət yanaşır. Azərbaycan hökumətinin indi keçirdiyi narahatlıq da bundan irəli gəlir. Bu hökumətin mayası xarici amillə yoğrulub. Bu hökuməti beynəlxalq güclər bizə sırıyıblar. Beynəlxalq birlikdə əmələ gəlmiş bir layihənin, kompromisin nəticəsində bu hökumət qurulub. O zamandan sonra da həlledici məqamlarda başda Rusiya olmaqla, ən müxtəlif dövlətlər bu hökuməti qoruyublar. Indi hökumət həmin o lüksünü itirmiş kimi görünür. Narahatdılar ki, deyəsən, bu dəfə xalqla üz-üzə qalacaqlar. Indiyə qədər heç bir seçkidə onlar xalqla üz-üzə qalmayıblar. Hər zaman beynəlxalq hamiləri tərəfindən xalqdan, xalqın zərbələrindən qorunublar. Amma indi belə bir vəziyyət yaranıb. Ona görə də bütün resurlarını işə salıb vəziyyəti dəyişməyə çalışacaqlar.
Ilk növbədə Milli Şuranın gözdən salınması üçün məqsədyönlü kampaniya olacaq. Artıq bu kampaniya gedir. Hərçənd, kampaniyanın birinci mərhələsi iflasa uğrayıb. Müşahidələrimə görə, xalq Milli Şuranın yaranmasını olduqca pozitiv qiymətləndirir. Bu birlik insanlarda ruh yüksəkliyi, inam yaradıb. Deməli, hökumətin birinci hədəfi bu inamı sarsıtmaq olacaq.
Ikincisi, hökumət fikirləşirdi ki, aramızdakı mübahisələr o qədər dərin olub, keçmiş bizi o qədər dərindən ayırıb ki, heç cür birləşə bilməyəcəyik. Indi o ümidləri də sarsılıb.

Milli Şuranın uğuru nədən asılıdır?

Artıq Azərbaycan müxalifəti ölkədə demokratik dəyişikliklər naminə bir araya gəlir. Belə bir siyasi iradə var ki, bu birlik 2 illik keçid dövrü üçün öz arasından kompromislə bir nəfərin vahid namizədliyinə razılaşacaq, onunla seçkiyə gedəcək, keçid dövrü ərzində yeni konstitusiya qəbul olunacaq, yeni parlament, prezident seçkiləri keçiriləcək. Keçid dönəmində vahid namizəd olmuş şəxs yenidən namizəd olmayacaq və beləliklə, ölkədə siyasi proseslərin önü açılacaq. Bu, Azərbaycan hökumətini narahat etdiyinə görə bütün vasitələrlə çalışacaqlar ki, müxalifətin daxilində fikir ayrılıqlarının güclənməsinə sövq eləsinlər. Bizim aramızda bir-birimizə xoş gəlməyən fikirləri tirajlasınlar, müəyyən məsələlərə fərqli baxışları neqativ rakursdan ictimaiyyətə təqdim etsinlər və yenidən “müxalifət birləşə bilmədi” təəssüratını yaratsınlar.
Ona görə də hesab edirəm ki, Ictimai Palata üzərindəki məsuliyyəti aydın şəkildə bilməlidir. Biz demokratik düşərgədə olan digər qüvvələrlə də səylərimizi birləşdirmək istəyirik. Amma üzərimizdə ayrıca bir tarixi məsuliyyət var. Rəsulzadə, Elçibəy yolunu gedən insanların bu dövlətin qarşısında xüsusi məsuliyyəti var. Tam məsuliyyətlə deyirəm ki, Milli Şuradakı işin əsas ağırlığı bizim üstümüzdə olacaq. Əgər başarılı olsaq, Milli Şura da başarılı olacaq, olmasaq, Milli Şura da başarılı olmaya bilər. Hərçənd, bunu heç səsləndirmək istəmirəm. Çünki Azərbaycan xalqının son illərdə olan ümidlərinin axırıncısı bəlkə də müxalifətin böyük birliyilə bağlı olub. Müxalifətin böyük birlik layihəsi də hansısa obyektiv və subyektiv səbəblərdən istənilən nəticəni verməsə, Azərbaycan xalqı böyük bir məyusluq yaşayar. Bu məyusluğu xalqımıza yaşatmağa haqqımız yoxdur. Ona görə də hesab edirəm ki, tam səmimi şəkildə qurduğumuz, hərəkətverici qüvvəsi olduğumuz Milli Şuraya dəstək verməliyik, Azərbaycan müxalifətinin böyük birliyi ilə çiyin-çiyinə ölkəni avtoritarizmdən xilas etmək üçün hamılıqla mübarizəyə qoşulmalıyıq və qarşıdan gələn seçkilərdə vahid güc, vahid platforma ilə iştirak edib Azərbaycanın xilası üçün çox ciddi təşəbbüslər göstərməliyik.

Hakimiyyət qorxuya düşüb

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, hüquqşünas Vidadi Mirkamal Milli Şuranın yaranmasını Ictimai Palatanın uğuru kimi qiymətləndirdi. O, Ictimai Palatanın taleyilə bağlı fikrini də bölüşdü: “Baxmayaraq ki, Milli Şurada Ictimai Palatanın üzvü olan bir sıra şəxslər təmsil olunur, məncə, Ictimai Palata da saxlanılmalı, fəaliyyətini davam etdirməlidir”.

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rahim Hacıyev də Milli Şura haqda fikirlərini bölüşdü. Dedi ki, bu qurumun yaranması demokratik qüvvələrin ümumi maraqlar naminə kompromisə gələ, birləşə bildiyini göstərdi. Xalqın Milli Şuraya bu rejimdən xilas vasitəsi kimi baxdığını deyən Rahim Hacıyev də hesab edir ki, Ictimai Palata fəaliyyətini davam etdirməlidir. Avropa Parlamentinin son qətnaməsinə toxunan R.Hacıyev əlavə etdi ki, hələ sanksiyadan söhbət getməsə də, hakimiyyət çox böyük qorxuya düşüb.

Daha sonra Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn çıxış edərək, bildirdi ki, Rəsulzadə-Elçibəy prinsipləri Milli Şurada daha qətiyyətli və açıq şəkildə əks olunmalıdır. Pənah Hüseyn onu da qeyd edib ki, Ictimai Palatanın özünün də prezidentliyə namizədi olmalıdır.
Ictimai Palatanın üzvü, müsavatçı alim Sabir Məmmədli də Milli Şura haqda danışaraq, bir sıra narahatlıqlarını da bölüşdü. Onun fikrincə, Milli Şuranın vahid namizədi olacaq şəxs indidən təminatlar verməlidir ki, seçilərsə, hansı addımları atacaq, hansıları yox.
Sabir Məmmədli çıxışı zamanı Əli Kərimliyə də müraciət etdi: “Bir halda ki, namizədliyinizi vermirsiniz, Isa bəy isə verib, sizdən, AXCP-dən Isa bəyin namizədliyini dəstəkləməyinizi xahiş edirəm”.

Ictimai Palatanın üzvü Səxavət Soltanlı da bu qurumun seçkilər üçün strategiya müəyyən etməsini vacib saydı. O, hesab edir ki, strategiyanın əsas tərkib hissəsi seçkiyə çox namizədlə qatılmaq və bir ay qalmış əsas namizədin üzərində dayanmaqdır.
Ictimai Palatanın üzvü, Müsavat təmsilçisi Çingiz Əli də Milli Şura haqda danışdı. Liderlərdən xahiş etdi ki, Milli Şurada müsavatçılıq ideyaları ətrafında yekdillik göstərilsin, vahid namizəd, daxili və xarici siyasətlə bağlı veriləcək qərarlarda müsavatçılıq prinsipləri əsas tutulsun.

Ictimai Palatanın üzvü, AXCP funksioneri Sahib Kərimli isə Milli Şura ilə bağlı narahatlıqlara əsas olmadığını dedi. O, eyni zamanda, Ictimai Palatanı qoruyub saxlamağın vacibliyini də qeyd etdi: “Milli Şura daha geniş demokratik kəsimi əhatə etmək üçün yaradılıb”. Sahib Kərimli inamını ifadə etdi ki, vahid namizədlə bağlı məsələni Əli Kərimli və Isa Qəmbər müdrikliklə həll edəcəklər.

Ictimai Palatanın üzvü, Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı da Milli Şura ilə bağlı Sahib Kərimlinin fikirlərini bölüşdü. Bildirdi ki, Milli Şura yaranıbsa, onun təftiş olunmasını dayandırmaq lazımdır: “Sevinməliyik ki, bu gün Milli Şurada bütün təbəqədən olan insanlar təmsil olunur. Milli Şuraya aktiv şəkildə dəstək verməliyik”.

Əli Kərimli namizəd olmamasının səbəbini açıqladı

Çıxışlar yekunlaşanda AXCP sədri Əli Kərimli yenidən söz alaraq Milli Şura ilə bağlı narahatlıqlara dair fikirlərini bölüşdü. Bildirdi ki, artıq təsis olunmuş bir qurumla bağlı “oradakılar milli qüvvədirmi, demokratdırmı, ümumiyyətlə, qüvvədirmi?” tipli diskussiyalar uyğunsuzdur. Çünki artıq qərar verilib: “O qərarı biz Isa bəylə sizin razılığınız əsasında vermişik və tarix də göstərəcək ki, düz addım atmışıq. Çünki öz şəxsi, qrup maraqlarımızı yox, millətin bu vəziyyətdən çıxışı üçün yolu əsas tutmuşuq”.
Isa Qəmbərin namizədliyini dəstəkləmək təklifinə gəlincə, Əli Kərimli əvvəlcə özü namizəd olmamasının səbəbini açıqladı: “Bir çox dostlar soruşurlar ki, niyə başqaları kimi axıra qədər dirəniş göstərməyib, istəmədin ki, səni dilə tutsunlar, səndən razılıq alsınlar, birdən-birə namizəd olmayacağınla bağlı fikrini bildirdin? Mən maksimum dərəcədə çalışıram ki, ”ən böyük biclik düzlükdür” prinsipinə əməl edəm. Hesab edirəm ki, bizim bu gün ənənəvi resurslarla ölkədə köklü dəyişikliklər həyata keçirmək mümkün deyil. Ölkədə demokratiya olsa, seçki komissiyaları normal olsa, hər birimiz bu seçkilərə gedib uğur qazana bilərik. Amma indiki şərtlər altında nəsə xüsusi bir şey baş verməlidir ki, hökumətin o saxtakarlıq maşınının dişləri qırılsın. Əks-təqdirdə bizim seçkidə iştirakımız yalnız iştirak olaraq qalacaqdı.

“Mən belə projedə iştirak etmərəm”

Mən bunları öncədən gördüyüm üçün düşünürəm ki, bütün fərqli qüvvələrin hamısının bir araya gəlməsi lazımdır. Bu da elə bir kompromis fiqurun ətrafında ola bilər ki, onun siyasi iddiaları və uzunmüddətli hakimiyyət qurmaq planları olmasın. Ona görə də mən bu konsepsiyaya dəstək verirəm. Mənim bu dəstəyim xüsusi olaraq Rüstəm Ibrahimbəyova verilən dəstək deyil və ya Isa bəyə dəstək verməmək demək deyil. Hamının qarşısında aydınlaşdırıram ki, Isa bəylə şəxsi münasibətlərim çox yaxşıdır. Biz bu prosesdə çiyin-çiyinə hərəkət edirik. Və buradan bəyan edirəm: Isa bəy keçid dövründə, iki illiyə prezident olmaq istəsə, keçid dövrü üçün namizəd olan şəxslə bağlı tələbləri özü üçün məqbul saysa və digər Milli Şura təmsilçilərinin razılığını ala bilsə, hesab edin ki, mənim də Isa bəyə razılığım var.
Amma çox aydın şəkildə başa düşək, mən Isa bəyə, Müsavat Partiyasının başqanına o dəstəyi ona görə vermərəm ki, Milli Şura iki yerə bölünsün – bizimkilər və digərləri. Sonra ordan da EL hərəkatı, ACP, ALP və başqaları da bir namizəd çıxarsın, nəticədə biz yenə Milli Şuranı bölək. Kiminsə belə arzusu varsa, mən belə projedə iştirak etmərəm.
Cəmiyyətə hər şey aydın olmalıdır. Bizə böyük kompromislər lazımdır. Hesab etmirəm ki, AXCP-nin resursları da, mübarizə imkanları da, onun liderinin seçilmək imkanları da başqa hər hansı partiya sədrindən, siyasətçidən aşağıdır. Bəs niyə mən kompromis axtarıram? Çünki məqsəd seçkidə iştirak etmək və namizəd olmaq deyil, məqsəd bu günə qədər olmayan böyük birliyin xalqa mesajını çatdırmaqdır.
Bu birlik xalqa ünvanlanmış böyük mesaj olacaq – əgər biz təfriqə yaratmasaq, özümüz-özümüzə böhtan deməsək, hökumətdən ötürülən tezisləri göyərtməsək.
Azərbaycanın gələcəyilə bağlı biz kimdənsə qarantiya ala bilmərik. Çünki o qarantiya biz özümüzük. Biz güclü olacağıqsa, Azərbaycana heç kim heç nə edə bilməyəcək”.

İctimai Palata yoluna davam etməlidir

Sessiyanın işini yekunlaşdıran Müsavat başqanı Isa Qəmbər də fikirlərini açıqladı. O da hesab etdi ki, Ictimai Palata saxlanılmalı və yoluna davam etməlidir. Çünki IP müxalifətin ən böyük birliyi olmaqla yanaşı, həm də tarixin sınağından çıxmış birlikdir: “Ictimai Palatanın fəaliyyətində səngimə ola bilər. Çünki bu dəqiqə diqqət Milli Şuraya yönəlib”.

“Milli Şura Azərbaycanın maraqlarına xidmət etməlidir”

Müsavat başqanı bildirdi ki, ölkdə vəziyyət olduqca ağırdır: “Bütün azadlıqlar boğulub, həbsxanalar siyasi məhbuslarla dolub. Milli Şura haqqında müxtəlif sözlər deyilir. Hətta Milli Şuranın Rusiyanın proyekti olduğunu deyənlər də var. Amma biz varıqsa, Milli Şuranın Azərbaycanın proyekti olmasını təmin etməliyik. Milli Şuranın Azərbaycanın maraqlarına xidmət etməsi təmin olunmalıdır. Şuranın verdiyi qərarlar kiminsə xoşuna gəlməsi üçün yox, Azərbaycan xalqının maraqları ilə üst-üstə düşdüyü üçün verilməlidir. Indi deyirlər ki, guya, son anda Avroatlantik mövzusu gündəmə gəlib. Avroatlantika məsələsi bizim Milli Şura ilə bağlı müzakirələrimizin ilk günündə olub. Milli Şuranın Bəyannaməsində də bu məsələ yer alıb. Müsavat Partiyasının hər bir üzvü üçün partiya marağı vacibdir. Amma bu, Azərbaycan xalqının marağından üstün ola bilməz”.

“Bizə ikinci Rəsul Quliyev sindromu lazım deyil”

Müsavat başqanı Milli Şuranın vahid namizədliyinə iddia edəcək şəxslərlə bağlı tələbini də bəyan etdi. Dedi ki, vahid namizəd olacaq şəxs Azərbaycanda olmalıdır: “Bizə ikinci Rəsul Quliyev sindromu lazım deyil. Vahid namizəd olmaq istəyən şəxs bu məsələ ilə bağlı iddiasını ortaya qoymalıdır. Bugünkü məsuliyyəti boynuna götürməyən şəxs necə bizim vahid namizədimiz ola bilər? Avtoritar rejimlə idarə olunan bu ölkədə namizədliyini irəli sürmək özü cəsarət tələb edir. ”Xalq məni istəmişdi” mövzuları nə inandırıcı, nə də cəlbedicidir. Biz Azərbaycanın taleyini ümumi söhbət və danışıqların öhdəsinə buraxa bilmərik. Bu, milli demokratik qüvvələr üçün prinsipial məsələdir. Bizim mövqeyimiz Milli Şuranın yalnız Azərbaycanın maraqlarına xidmət etməsidir”.

Natiq Güləhmədoğlu