Rusiya mətbuatı sensasiyalı məlumat yayıb
Rusiyanın “Arqumenti nedeli” həftəliyi İsrailin İrana mümkün hərbi müdaxilə zamanı Azərbaycan ərazisindən istifadə planlarına dair xəbər dərc edib. Xəbərdə deyilir ki, İsrail Azərbaycandan 8 hərbi aerodrom alıb. Bunlardan 4-ü istifadəsiz, 4-ü isə istfadə olunandır. Aerodromların ümumi sahəsi 74 min kvadratmetrdir. Nə İsrail, nə Azərbaycan sövdələşmənin məbləğini açıqlamır.
Qəzet bunu İrana qarşı müharibəyə hazırlıq kimi şərh etsə də, mümkün əməliyyatlar zamanı İsrail bombardmançılarının Azərbaycan ərazisindəki aerodromlardan havaya qalxacağını gözləməyin lazım olmadığını yazır. Ehtimal olunur ki, İsrail təyyarələri bombardmandan sonra bu aerodromlarda yerə enərək yanacaq götürə, yaxud onlardan xilasetmə əməliyyatları üçün istifadə edə bilər.
Xəbərdə Amerika ordusunun istefada olan polkovniki Sem Qardinerdən sitat gətirilir: “Sadə dillə desək, qırıcı-bombardmançı nə qədər uzaq məsafə qət etməli olsa ona o qədər çox yanacaq lazımdır və bu zaman o daha az silah daşımalıdır. Məsafənin qısaldılması isə zərbə gücünü və dəqiq zərbə endirmək şanslarını artırır”. Qəzet Moskvanın “Azərbaycanla İsrail arasındakı bu hərbi tərəfdaşlığı hələ izlədiyini” də qeyd edir.
Xatırladaq ki, İsrailin İranı vurmaq üçün Azərbaycanda hərbi aerodrom aldığı barədə ötən il ABŞ-ın nüfuzlu “The Foreign Policy” jurnalı da məlumat yaymışdı. Jurnalın ABŞ kəşfiyyatındakı mənbələrə istinadla yaydığı bu məlumat böyük səs-küyə və ölkələr arası gərginliyə səbəb olmuşdu.


