Abbas Abbasovun bəyanatında hansı məmurların adı olub?

İqtidar mətbuatı baş nazirin sabiq müavinini Laçını boşaltmaqda ittiham etdi

Baş nazirin sabiq müavini Abbas Abbasovun son bəyanatından sonra hakimiyyətin ona qarşı başlatdığı kampaniya davam edir. YAP-çı deputat Siyavuş Novruzovla hakim partiyanın sədr müavini Əli Əhmədovun Abbas Abbasova ünvanladığı hədələrdən sonra hakimiyyətin nəzarətində olan KIV-lərdə baş nazirin sabiq müavini barədə müxtəlif ittihamların yer aldığı materialların dərcinə başlanılıb.

Laçını Abbas Abbasov boşaldıb?

Dünən bir neçə qəzetdə yer alan həmin materiallar eyni tezislər əsasında hazırlanıb. Bu materiallarda Abbas Abbasovun sifarişlə danışdığı xüsusi vurğulanır. Həmçinin baş nazirin sabiq müavininə məmur olduğu dövr xatıraladılır, korrupsiyada ittiham edilir və hətta Laçının işğalında rol aldığı iddia olunur: “Aydındır ki, A.Abbasovun dedikləri bir aktyorun əzbərləyib səhnədə dediklərindən heç nə ilə fərqlənmir. Yəni keçmiş baş nazirin birinci müavinin az qala hər həftə söylədikləri hansısa ssenaristin yazdığı ssenarinin müxtəlif bölümləridir…
Əgər Azərbaycan tərəfinin səninlə haqq-hesab çəkmək fikri, niyyəti, qərəzi olsaydı, sənə ölkənin ən yüksək mükafatı olan “Istiqlal” ordenini verib rahatca istefaya göndərməzdi. Yadına gəlirmi, istefaya gedəndə açıqlama verdin ki, çoxları mənə həsəd aparır ki, rahatca istefaya getdim. Yəqin ki, bu sözləri unutmamısan. Bəli, onda çoxları başqa cəzalar gözləyirdi, başqa şeylər düşünürdü. Əslində, bunun üçün ortada əsaslar da var idi. Hətta əsas olmasaydı belə bunu tapmağa nə vardı ki…
Sizlər ayının (rus ayısını nəzərdə tutmuruq) əmisi oğlusunuz, yoxsa bizim? Deyirsiniz ki, bunun arxasında kimin durduğu bizə məlumdur. Onların adlarını Azərbaycan və Rusiyada da bilirlər…
…Digər tərəfdən, ən böyük maliyyə sahiblərindən biri sizsiniz. Və bu pulları siz öz halal zəhmətinizlə qazanmamısınız, Azərbaycan xalqından oğurlamısınız.
…Yəqin ki, bir gün siz də cavab verməli olacaqsınız ki, sayı 100 min olan Laçın camaatını kimin tapşırığı ilə maşınlara doldurub köçürmüsünüz. Bəlkə, ermənilərin istədiyi Laçın koridorunu açırdınız? Çoxları bilməsə də bilənlər bilir ki, Ayaz Mütəllibovun dönəmində Nazirlər Kabinetinin məxfi qərarı var idi. Və həmin qərarın icrası sizə tapşırılmışdı. Siz də Laçın camaatını “panikaya” salıb rayonu boşaltdınız. Indi özünüz deyin, düşmənçiliyi kim edib?”

Rəhim Qazıyev Laçına 600 yük maşınlarının göndərildiyini deyir

Laçının Abbas Abbasov tərəfindən boşaldılması barədə ittihama aydınlıq gətirmək üçün o zamankı müdafiə naziri Rəhim Qazıyevlə əlaqə saxladıq. Rəhim Qazıyev onda belə bir məlumatın olmadığını söyləsə də, o zaman Bakıdan Laçına rayonu boşaltmaq üçün yük maşınlarının göndərildiyini dedi: “ Aprel ayının 29-dan başlayaraq Bakıdan yüksək səviyyədə təşkil olunmuş şəkildə Laçına 600-dan artıq iri qoşqulu boş yük maşınları göndərilib. Bu maşınlara Abdullayev soyadlı şəxsin imzası ilə icazə vərəqələri verilib. Həmin ərəfədə Laçının o dövrdəki milis idarəsində işləyən sıravi milis əməkdaşları kəndlərə səpələnərək çaxnaşma yaradıblar. Camaata deyiblər ki, niyə oturmusuz, erməni hücuma keçib tezliklə Laçını işğal edəcək, durun qaçın. Bu barədə Şuşa və Laçının işğalı ilə bağlı istintaqda Laçın sakinləri şahid ifadələri veriblər. Onlar açıq şəkildə deyiblər ki, milis işçiləri camaatı ”panika”ya salmışdı. Konkret olaraq Laçının daxili işlər şöbəsinin rəisi Akif Səlimov deyib ki, Laçına iri qoşqulu yük maşınları göndərilib. Cinayət işinin materiallarının 11-ci cildinin 188-ci səhifəsində onun ifadəsi ilə tanış ola bilərsiniz. Bundan başqa o dövrdə AXC-nin yerli şöbəsinin sədri olan Zakir Cabbarov da oxşar ifadə verib. Belə şahid ifadələri istintaq materiallarında çoxdur. Lakin mən bu işin arxasında konkret olaraq Abbas Abbasovun dayandığını deyə bilmərəm. Bu barədə bilgim yoxdur”.
Məsələyə Ayaz Mütəllibovun da mövqeyini öyrənmək istədik. Lakin köməkçisi bildirdi ki, eks-prezidentin səhhətində problem olduğu üçün hər hansı açıqlama verə bilməyəcək.

Abbas Abbasov bəyanatını niyə redaktə edib?

Bu arada redaksiyamıza Abbas Abbasovun son bəyanatı ilə bağlı maraqlı məlumat daxil olub. Həmin məlumatda deyilir ki, bəyanatın ilk variantında xeyli sayda məmurun da adı olub. Bu sırada xüsusilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, diaspora məsələləri üzrə komitənin sədri Nazim Ibrahimov və Prezident Administrasiyasının ictima-siyasi şöbəsinin müdiri Əli Həsənovun adını çəkmək olar. Lakin sonradan məmurların adı mətndən çıxarılıb. Sadəcə “Milyarderlər Ittifaqı”na qarşı kampaniyanın arxasında məmurların dayandığına işarə vurulub. Həmin hissəni oxuculara təqdim edirik: “Əl çəkin bizdən. Bizim təşkilatın liderlərinə qarşı Azərbaycan KIV-lərində misli görünməmiş yalan və böhtan kampaniyası aparılır. Bunun arxasında kimin durduğu bizə məlumdur. Onların adlarını Azərbaycan və Rusiyada da bilirlər. Biz bilirik ki, bu prosesi kim idarə edir və kim maliyyələşdirir. Nəzarət etdikləri KIV-lər vasitəsi ilə onlar yalan informasiya, açıq böhtan yaymaqla azərbaycanlı icmalarının bu liderlərini diskreditə etməklə diaspor arasında bölünmə salmaq istəyirlər”.
Görünür, Abbas Abbasov konkret adlar açıqlamaqla daha sərt ittihamlarla üzləşəcəyindən ehtiyat edib. Lakin məsələ burasındadır ki, hakimiyyət də artıq Abbas Abbasovun bəyanatının birinci variantı barədə məlumatlıdır. Ona görə də ehtimal olunur ki, kampaniya daha şiddətli xarakter alacaq.
Deyəsən, Abbas Abbasov da bunun fərqindədir və 15 iyunla bağlı Ilham Əliyevə təbrik məktubu ünvanlamaqla özünü sığortalamağa çalışır.

Vidadi